“Başını itirmiş Sarkisyandan sitat gətirməyin”

Spiker Oqtay Əsədov millət vəkillərinə tövsiyə etdi“Mülki insanları qətlə yetirən Ermənistana Azərbaycan öz sözünü deməlidir”
"Bölgələrdə dinc insanları hədəfə çevirən Ermənistan 1990-cı illərdəki kimi uğur qazanacağını düşünür. Ziyanı azaltmaq əvəzinə, Serj Sarkisyan öz xalqını qırğına verir. Mən bu tribunadan Sarkisyanı istefa verməyə çağırıram. 3 generalını işdən çıxarmaqla hesab edir ki, hakimiyyətini qoruyub saxlaya biləcək. Amma təbii ki, bu, mümkün olmayacaq. Qarabağda yaşayan ermənilər demək olar ki, əlillər və işsiz qocalardır. Ön cəbhədə olan hərbçilər öz ailələrini oradan çıxarıblar. Onlar demoqrafik cəhətdən məhv olublar. İndi onlar belə hesab edirlər ki, Rusiya hansısa addımlar atacaq. Rusların kömək edəcəyini düşünürlər. Amma niyə ruslar Dağlıq Qarabağa görə ölməlidirlər?”.
Bu sözləri Milli Məclisin ötən gün keçirilən iclasında millət vəkili Zahid Oruc səsləndirib. İclasda Qarabağ müzakirələri gedərkən, deputat bildirib ki, 3 gündə cəbhə xəttində yaranmış vəziyyət göz qabağındadır: "Ermənilər mülki əhalimizə atəş açırlar. Bu vandallıqdır. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir. Amma bizim ordu onların mülki əhalisini deyil, hərbi obyektlərini vurur”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycanın Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıları bağrına basıb saxladığını vurğulayıb: "Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqlarını qorumağa hazırdır. Razıyam ki, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram. Həmçinin düşünürəm ki, Sarkisyanın çıxışlarından istifadə edərək, onların əleyhinə kampaniya qurmaq da mümkündür”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı son 3 gündə cəbhə xəttində baş verən hadisələrə toxunaraq bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir: "Amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə atəş açır. Onun bu addımı həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalıdır. Ultimatum verməlidir ki, əhaliyə atəş açılmamasına əməl edilməsə cavab çox sərt olacaq. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə isə deyib ki, Ermənistan Prezidenti Serj Sarkisyan artıq Azərbaycanla sülh danışıqlarına getmək üçün şərtlərini açıqlayıb: "Bu onun səfeh bəyanatıdır. İşğal edən ölkə özünün təhlükəsizliyini istəyir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar göstərir ki, onlar ciddi böhran içərisindədirlər”.
"Belə biabırçılıqlar olmamalıdır”
Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən gərginliklə bağlı deputatlara xəbərdarlıq edib. Spiker millət vəkillərinə cəbhədə baş verənlərlə bağlı çıxışlarında diqqətli olmağı məsləhət görüb: "Bu gün burada sizin verdiyiniz bəyanatlar və çıxışlarınızdakı yanlışlıqlar pis nəticələr verə bilər. Bundan başqa, mən dostluq qruplarının rəhbərlərinə tapşırıram ki, əməkdaşlıq etdikləri ölkələrdəki həmkarlarına məktublar göndərsinlər, həqiqəti onlara çatdırsınlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq”.
O.Əsədov xəbər saytları və sosial şəbəkə istifadəçilərini də cəbhə xəbərləri ilə bağlı paylaşımlarında diqqətli olmağa çağırıb. Deputat Fərəc Quliyevin Serj Sarkisyanın çıxışından bir neçə dəfə sitat gətirərək Ermənistan hakimiyyətinə qarşı kampaniya qurulması təklifinə spiker mənfi cavab verib: "Sarkisyandan tez-tez sitat gətirirsiniz, bu, düzgün deyil. Ermənistan hakimiyyəti başını itirib. İki gün qabaq Sarkisyan bəyanat verir ki, danışıqları dayandırır. Dünən isə onun xarici işlər naziri açıqlama verir ki, danışıqlara sadiqdirlər. Belə başını itirmiş adamdan nə çox sitat gətirirsiniz?..”
"Xaricdə oxuyan tələbələr illərlə kurs keçmirlər ki, hərbi xidmətdən yayınsınlar”
"Ordumuzun uğurlu əməliyyatlarında ən çox diqqətə çatan məsələlərdən biri odur ki, bu müddətdə bir fərari belə olmadı. Qeyri-rəsmi məlumatları da aldım və öz bildiklərimə əsasən bunu deyirəm”.
Bu sözləri isə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa səsləndirib. Millət vəkili qeyd edib ki, 1990-cı illərdəki Qarabağ müharibəsi zamanı fərarilik barədə 5-10 mindən çox cinayət işləri və axtarışları ilə məşğul olunurdu: "İndi belə bir fakt olmadı. Bu, insanların orduya olan inamının bariz nümunəsidir. Amma bir məsələni demək istəyirəm. Bu günlərdə bir çox ölkələrdə təhsillə bağlı məsələləri araşdıranda məlum oldu ki, Türkiyə və ya başqa ölkələrdə azərbaycanlılar da təhsil alır. Türkiyənin təkcə bir universitetində 300 azərbaycanlı oxuyur, onların 200-ü isə heç 1-ci kursu keçmir. Məsələni öyrəndik ki, burada pulu ödəməklə 10 il kurs keçməmək mümkündür. Hesab edirəm ki, bu, ordudan yayınmaq üçün bir addımdır. Buna diqqət edilməlidir. Universitetlərimiz təhsil yox, diplom verirlər. Universitetlərə qəbulu asanlaşdırmaq lazımdır ki, bu pul ölkəyə qalsın. İllərlə ölkədə qalsınlar və ordudan yayınmasınlar. Valideynlər də buna şərait yaradırlar və kimsə də soruşmur ki, niyə vətənində xidmət etmirsən? Bu fərariliyin aradan qaldırılması, ordumuz üçün vacib, diqqətdə saxlanacaq məsələdir”.
Spiker O.Əsədov deputatın fikirlərinin həqiqətə uyğun olmasına şübhə ilə yanaşıb: "Tələbələrdən danışdınız, bilmədim nə qədər həqiqətə uyğundur. Amma aprelin 2-dən 5-nə qədər dünyada oxuyan Azərbaycan gəncləri ərizələrlə müraciət ediblər ki, orduya qoşulsunlar. Bundan danışmaq lazımdır”.
"Ermənilərin mülki əhaliyə atəş açması, Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı hərbi əməliyyatlara başlasın”
Millət vəkili Sahib Alıyev erməni canilərinin mülki əhalini atəşə tutmasından danışıb. O bildirib ki, düşmənin mülki əhalini atəş altında saxlaması nəticəsində, təmsil etdiyi Tərtər rayonunda 256 ev dağılıb: "Bu, bir kənd deməkdir. Eyni zamanda məktəblərə mərmilər düşüb, məktəb binalarını dağıdıb. Bununla da dərslər pozulub. Çox təəssüf ki, ermənilərin bu hərəkətlərinə ATƏT-in Minsk Qrupu həmsədrləri olan ölkələr seyrçi qalırlar. Bu, Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Düzdü, Azərbaycan daha çox qan tökülməsini istəmir. Amma mülki əhalimizi hədəfə alan düşmənin layiqli cavabı verilməlidir”.
Millət vəkili Elman Nəsirli deyib ki, Qarabağ danışıqlarının da bir limiti olmalıdır: "O limit bitibsə, Azərbaycan haqlı tərəf kimi gücdən istifadə hüququnu ortaya qoymalıdır. Beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu ortaya qoyur. Əgər ermənilər işğal etdiyi əraziləri tərk etmirlərsə, danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyərək prosesi pozurlarsa, o zaman Azərbaycanın başqa yolu qalmır. Bu halda silahlar hərəkətə keçir. Minsk Qrupu faktiki olaraq seyirçi mövqe nümayiş etdirir. Həmsədrlər anlamalıdırlar ki, bu seyrçi mövqe hərbi əməliyyatların başlamasının qarşısını ala bilməz. Özləri də dediyi kimi, hazırkı status-kvo qəbuledilməzdir”.
"Hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, əsgərlərlə görüşüb şəkil, hətta bayrağımızın dirəyindən yapışıb "selfie” çəkdirək”
"Azərbaycan heç kimə sübut etməli deyil ki, bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir”. Bunu isə Qarabağ müzakirələrinə qatılan Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, ölkələrin həm vəzifələri, həm də öhdəlikləri var: "Əlbəttə, hər bir dövlətin iqtidarının ilk öhdəliyi xalqın təhlükəsizliyini təmin etməkdir. Bu gün Azərbaycan öz vəzifələrini və öhdəliklərini çox gözəl bilir və zamanında bu addımları tarazlaşdırılmış şəkildə atır. Təkcə ölkədə yox, eləcə də beynəlxalq aləmdə reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir. Bəzi hallarda onun ifadə, təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi hiss etməkdəyik. Bunu bizə iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar deyir”.
Vitse-spiker qeyd edib ki, xalqın özünə qayıtmış inamı, gücü əsas məsələdir: "Çünki belə olan halda qarşıya qoyulan hədəflərə asan çatılır. Cəbhədə baş verən son hadisələrdə bunu bariz şəkildə görmək olar. Bu, təbii ki, orduya, dövlətə olan inamdır”. B.Muradova vurğulayıb ki, Azərbaycandan beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır: "Onlara deməliyik ki, siz, haqqın, ədalətin yanında olmalısınız. Biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli şəkildə təmin olunmasının tərəfdarıyıq. Təbii ki, bunun içərisində Azərbaycanın milli maraqları da var. Tərəfdarıyam ki, bu sahədə olan fəaliyyətimizi daha da genişləndirək. Bu məsələdə mətbuatın da üzərinə ciddi vəzifə düşür. Azərbaycan ordusu, onun hərbi sursatı və digər məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır. Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, onlarla görüşüb şəkil, hətta bayrağımızın dirəyindən yapışıb "selfie” çəkdirək. Bunları edə bilərik, etməliyik. Amma bəlkə də bu günün vəzifəsi deyil. Ona görə də təmas xəttində olan insanların xahişlərini sizlərə çatdırmaq istəyirəm ki, bizim gücümüz çatan işlərlə məşğul olaq”.
Anar Bayramoğlu