Batan gəmidən gözəllik yaradıblar

Mənzərə göz qamaşdırır
Cənubi Koreya hər sahədə yüksəlişdə olan ölkələrdən biridir. Xüsusilə, memarlıq sahəsində üstünlüklərinə görə fərqlənən ölkənin tarixi əhəmiyyətli və maraqlı abidələri kifayət qədər çoxdur.
Bunların sırasında "Templ” adlı park, daha doğrusu, batmış gəminin qalıqlarından düzəldilən gəzinti yeri turistlərin diqqətini cəlb edən məkanlardandır. Qəribə səslənsə də, batmış gəminin son halını gördükdə və abidəni hazırlayanların fikirlərinə qulaq asdıqda insanı çaşqınlıq əvəzinə heyranlıq bürüyür. İllər əvvəl batmış və artıq xarabalıq kimi belə istifadə edilməyəcək qədər paslanan nəhəng yük gəmisinin ön hissəsinin kəsilməsi ilə yaradılan struktur xüsusi fərqlilik daşıyır. Kəsilməsindən sonra tərs çevrilib, yerə yatırılan və daxilinin dekorasiyasının həvəslə işləndiyi gəminin içərisində ağac, oturma sahəsi, pilləkən, digər detallar var. Dəqiqliklə hazırlanan işıqlandırma sistemi sayəsində "Templin” mənzərəsi göz qamaşdırır. Yapon koloniyaları dövründən qalan "Templ” çox sayda cənubi koreyalı sənətkarın biri-birindən uğurlu əsərlərinin nümayiş olunduğu Milli Modern və Müasir İncəsənət Muzeyində ziyarət edilir. Bu abidə özünəməxsus quruluşu ilə muzeyin ən çox diqqət çəkən əsərlərindədir. Batmış gəminin qalıqlarından hazırlanan park, 2016-cı ildə Seul Gənc Memarlar Proqramı Mükafatını qazanıb. Keçmişlə gələcəyin mükəmməl vəhdəti kimi qəbul edilən struktur haqqında Koreyanın "Shinslab Architecture” memarlıq şirkəti rəsmiləri ətraflı bəyanatlar verir. Gəminin xarici səthinin aşınmış vəziyyətdə saxlanmasına qərar verdiklərini ifadə edən şirkət rəsmiləri içəri hissənin ağ rəngə boyanıb, eyvan və digər hissələrin həssaslıqla yerləşdirildiyini bildirirlər. Cənubi Koreyanın paytaxtı Seuldakı Milli Modern və Müasir İncəsənət Muzeyinin giriş hissəsinə yerləşdirilən "Templ”, adının haqqını artıqlaması ilə verən, istər xarici görünüşü, istərsə də daxili hissəsi ilə möhtəşəm bir şah əsərdir. Şəhərə yolu düşənlərin mütləq görməli olduğu park, "Shinslab Architecture” şirkətinin 14 illik uğurunun zirvəsində dayanır.
Aysel Aslan