"Bayram gəlir sevinirik, qiymət qalxır kədərlənirik- Bir gözümüz gülür, biri də ağlayır

Natiq Cəfərli: "Bütün dünyada bayram və ya bayrama yaxın günlərdə endirim kampaniyaları keçirilsə də, Azərbaycanda bunun tam əksini müşahidə edirik"




"Marketlərdə ərzaq qiymətlərinin qaldırılması mövsümlə və yaxınlaşan böyük bayramlarla əlaqədardır”.

Bunu "Sherg.az”a son günlərdə ərzaq və qeyri-ərzaq məhsullarında müşahidə edilən ciddi qiymət artımının səbəblərini izah edərkən iqtisadçı - ekspert Natiq Cəfərli söyləyib. 

Ekspertin fikrincə, həmişə olduğu kimi bu il də noyabrın sonlarında kənd təsərrüfatı məhsullarından tutmuş ərzaq məhsullarına qədər qiymətlərdə artım müşahidə olunur:

"Bir ənənə də odur ki, böyük bayramlar öncəsi, artıq bayrama bir ay qalmış, qiymətlərin artım tempi yüksəlir. Bütün dünyada bayram və ya bayrama yaxın günlərdə endirim kampaniyaları keçirilsə də, Azərbaycanda bunun tam əksini müşahidə edirik. Uzun illərdir, belə pis ənənə formalaşıb. Həm Novruz, həm də yeni il bayramlarından öncə qiymətlərdə ciddi artım müşahidə olunur. Digər tərəfdən, "Avrozone”dan gətirilən məhsullarda ciddi artım müşahidə olunur. Bu manatın məzənnəsinin avroya qarşı zəifləməsi ilə əlaqədardır. İlin əvvəlindən təqribən 15 faizə yaxın avro bahalaşıb. Ona görə, əlavə qiymət artımı müşahidə olunur.

Manatın məzənnəsi ilə bağlı müxtəlif gözləntilər də qiymətlərə təsir edir. Bu ilin sonunda, gələn ilin əvvəlində yenidən dəyişikliklər ola bilər, dolların yenə bahalaşması gözlənilir. Bu gözləntilər sahibkarların indidən qiymət artımına getməsinə səbəb olur.

Gömrük rüsumlarında artımların olacağı ilə bağlı açıqlamalar verildi. Hələ rəsmi şəkildə rüsumlarda artım olmamış, iş adamları gələcəkdə itirəcəklərini bu gün qiymətlərin üzərinə qoymağa başlayıblar. Bütün bunların nəticəsində ölkədə ciddi qiymət artımı baş verir. Bu isə insanların cibinə uyğun olmur”.

Aysel Aslan