Bayram günlərinin "partlayış"ları...

Vızrıvpaketlər insanlara vahimə yaşatdı
Partlayış səsindən qorxan hamilə qadın uşağını düşürdü


Bayram günlərində şəhərin küçə və prospektlərində pirotexniki vasitələrin səsindən ağız deyəni qulaq eşitmirdi. Bəzi insanlar partlayıcı oyuncağın səsindən sevinsə də, bu səsdən qorxuya düşən, əlini ürəyinin üstünə qoyub ətrafa boylana-boylana gəzən insanların sayı da az deyildi. İnsanların bu cür təşviş içində hərəkət etməsi isə səbəbsiz deyil. Bu partlayıcı vasitələrdən istifadə edən yeniyetmələr onları küçə və prospektlərdə ayaq altına atır və qəfil partlayışdan insanlar qorxuya düşürlər. Xüsusən də uşaqlar və qocalar bu cür qəfil partlayışlardan qorxulu anlar yaşayırlar. Hətta ürək-damar xəstəsi olan insanlar qəfil partlayış səsini eşidəndə özlərinə gələ bilmirlər. Bu cür qanunsuzluqların mövcudluğu insanlar arasında böyük narahatlıq yaradır.

Halbuki bu cür təhlükəli vasitələrin ölkəyə gətirilməsi qadağandır. Buna rəğmən, mağazalar və metrostansiyaların üstündə həmin vasitələrin açıq satışı təşkil edilmişdi. Halbuki mövcud qanun pozuntularına qarşı İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub. Yəni hansı fiziki şəxssə pirotexniki vasitələri satırsa, 350 manatdan 500 manata qədər cərimə ödəməlidir. Bununla yanaşı hüquqi şəxslər isə daha yüksək məbləğdə cərimə verməlidir.

Qeyd edək ki, bayram günlərində beş nəfər pirotexniki vasitələrdən xəsarət alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müxtəlif şikayətlərlə 4754 nəfər müraciət edib.
Müraciət edən şəxslərdən beş nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib, onlardan ikisi yanıq, üçü əlin müxtəlif travması alıb.

Sosial şəbəkə istifadəçilərinin iddiasına görə, bayram axşamı partlayıcı maddəni bir hamilə xanımın ayağının altına atıblar. Səsdən bərk qorxan xanımda döl düşükü olub. Bu barədə həkim Nazir Allahverdiyev öz feysbuk səhifəsində paylaşım edib: "İndi bu bayram günündə məni niyə məcbur edirsiz acı sözlərdən istifadə etməyə. Ölkəyə xaricdən bir alışqan belə gətirmək olmur. Bu qədər fişəng və partlayıcı maddələr necə ölkəyə daxil olub? Özünüz yaxşı bilirsiz necə və nə cür daxil olub. Bunları anladıq bəs partladanları uşaqlara alan valideynlərə nə ad qoyaq?”.

Millət vəkili Tahir Kərimli isə "Şərq”ə açıqlamasında vızrıvpaket kimi tanıdığımız pirotexniki vasitələrin tək Azərbaycan üçün yox, bütün dünya ölkələri üçün aktual problem olduğunu deyib: 

"Bu vasitələr bütün dövlətləri, cəmiyyətləri narahat edib, onlara baş ağrısı olub. Bilirsiniz ki, partlayıcı vasitələr təhlükəli olmaqdan əlavə onun yaratdığı "atəş” səsləri insanların rahatlığını pozur. Vasitələrin partladılması uşaqlar üçün təhlükəli olduğu kimi, bu, yaşlılara, ürəyi zəif olanlara da mənfi təsir göstərir. Elə qadağan edilməsinin əsas səbəblərindən biri də budur. Ayrı-ayrı dövlətlərin müvafiq orqanlarının bu vasitələrə qarşı mübarizə aparmasının bir səbəbi də terror təşkilatlarının, təxribatçı qrupların bu səs-küydən istifadəsi əlaqəlidir. 

Fişənglərin partapart səsindən onların törətdikləri cinayətləri tez zamanda aşkar etmək mümkün olmadığından qaçıb gizlənə bilirlər. Yeni il qabağı bir nəfər vəzifəli şəxsə müraciət etdim ki, pirotexniki vasitələrin ölkəyə gətirilməsi və satışı qadağandırsa, bəs bu fişəng, atəş səsləri haradan gəlir? Mənə dedilər ki, idxal olunan müxtəlif vasitələr hesabına ictimai asayişin pozulması, insanların sağlamlığının, rahatlığının və ətraf mühitin təhlükə altına alınması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində işləyib. Vətəndaşların əldə etdiyi partlayıcı vasitələr əvvəlki illərdən yığılıb saxlanılan vasitələrdir. Hansılar ki, mağazalarda, evlərdə gizlədilib və məhz bayram ərəfəsində üzə çıxarılıb”.

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi ilə bağlı qanunvericilikdə xüsusi qadağa olduğunu vurğulayan millət vəkili deyib ki, müvafiq qurumlar tərəfindən də ciddi nəzarət var: 

"Son bir neçə ay ərzində özümüz də şahidi olduq ki, külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Görünür, müəyyən boşluq yaranan kimi işbazlar bundan istifadə edərək həmin maddələrin ölkəyə keçirilməsinə nail olublar.

Yaxşı olar ki, cəmiyyət olaraq bu işdə dövlətin atdığı addımlara, mübarizə tədbirlərinə dəstək verək. Tövsiyə edirəm ki, valideynlər bu kimi vasitələri alıb, uşaqlarına verməsinlər. Çünki bu, həm uşaqlar, həm də onların özləri üçün təhlükəlidir. Əgər valideynlər öz uşaqlarına bu partlayıcıların zərərli olduğunu izah edib, ondan istifadənin qarşısını alsa, bu mallar bizim bazarımıza az girər. Hamılıqla bu mübarizəyə qoşulsaq, müsbət nəticə əldə edə bilərik. 

Bu sahədə əhali arasında maarifləndirmə işləri də çox aşağı səviyyədədir. Əgər partlayıcı oyuncaqlar bir tərəfdən sakinlər üçün təhlükə yaradırsa, digər tərəfdən ondan istifadə edən yeniyetmənin də həyatını təhlükə ilə üzbəüz qoyur. Məhz buna görə də müəyyən qurumlar təbliğat və maarifləndirmə işləri apararkən bu məsələləri diqqət mərkəzində saxlamalı və onlara düzgün məsləhət verməlidirlər”.

Şəymən