Həkim-terapevt vətəndaşlara xəbərdarlıq etdi
Son vaxtlar əhalinin yoxsulluq səviyyəsinin artması onların əksəriyyətinin daha ucuz satılan və keyfiyyəti şübhə doğuran geyim və məişət əşyalarından istifadə etməyə məcbur edib. Bunlar arasında ən təhlükəli olanlar isə bədən dərisi ilə birbaşa təmasda olan geyimlər və uşaqların istifadə etdikləri oyuncaq əşyalardır.
Xaricdən kiloqramla alınıb çuvallarda gətirilən, paytaxtın müxtəlif bazarlarından qəpik-quruşa satılan əşyalar keyfiyyətsiz olmaqla yanaşı, sağlamlığa da ciddi zərərlidir. Bu cür paltarların satıldığı "8-ci kilometr” bazarının girişində açıq havada piştaxtaların üzərində səliqəsiz şəkildə sərilmiş paltarların əksəriyyəti 1-2 manata satıldığından alıcıların diqqətini cəlb edir. Xarici görünüşünə görə nə qədər cəlbedici olsa da, bu paltarların təbii materiallardan hazırlanmadığı açıq-aydın hiss olunur. Görünür, insanlar bu cür süni parçalardan hazırlanmış geyimlərin nə qədər ziyanlı olduğundan xəbərsizdir. Necə deyərlər, "ucuz ətin şorbası olmaz”.
Bazarda 1 manata satılan şərflər, 2-3 manata satılan qadın köynəkləri, 1 manata təklif olunan uşaq oyuncaqları açıq-aşkar təhlükə saçır. Əksəriyyəti isə Çin istehsalıdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan həkim-terapevt Şəmsiyyə Namazlı bazarda ucuz qiymətdə satışda olan paltarların təhlükələr yarada biləcəyini deyib. Həkimin sözlərinə görə, bu cür paltarlar və oyuncaqlar dəri ilə təmasda olduğuna görə, bir sıra infeksiyalar və allergiyalar əmələ gətirir:
"Bir neçə ildir ki, bu barədə dəfələrlə mənə müraciətlər olur. Belə paltarlar adətən Çindən gətirilir, sintetik, yaxud da geyinilmiş paltarlardı. Satışa çıxarılan paltarlar arasında istifadə olunmuşları da ola bilər. Bilinmir ki, kimlər geyinib və onlarda hansı xəstəlik olub. Bu paltarlar həm tərkib baxımından, həm də infeksiya keçmə baxımından hər zaman insanlarda problem yarada bilər. Bilirsiz ki, insanlar çox zaman paltar alarkən onu yumamış istifadə edirlər. Belə olduğu təqdirdə isə həm infeksiyaların əmələ gəlməsinə, allergik reaksiyaların və yuxarı tənəffüs yollarında problemlərin yaranmasına gətirib çıxara bilər. Bilmirik ki, paltarların tərkibi necədir və hansı materiallardan hazırlanıb. Məhz buna görə də ciddi təhlükələr ola bilər. Çox güman ki, həmin paltarlar hansısa diaqnostik mərkəzdən və laborator müayinədən keçməyib. Kimlərsə ucuz yolla gətirirlər və ucuz qiymətə satırlar. İnsanlar da paltarın parıltısına, rənginə aldanaraq onları əldə edirlər”.
Ş.Namazlı həmçinin qeyd edib ki, satışda olan ucuz mallar arasında uşaqlar üçün oyuncaqlar var ki, bunlar infeksiyalara və dəridə kontakt dermatit deyilən xəstəliyin əmələ gəlməsinə şərait yaradır.
Yeganə Bayramova