Bakı Dövlət Universiteti Azərbaycan ali təhsil sistemində tarixən birinci olduğu kimi fəaliyyət göstərdiyi yüz ildən artıq müddətdir ki, özünün elmə, təhsilə, dövlətçiliyə xidmətləri ilə birinciliyini bu gün də saxlamaqdadır. Universitet həmişə klassikaya xüsusi hörməti və ondan bəhrələnməsi ilə, eyni zamanda müasirliyə diqqəti ilə xalq sevgisini qazanmış bir elm-tədris müəssisəsidir.
BDU-nun rəhbərliyi və əməkdaşları bəzən heç bir xüsusi tapşırıq gözləmədən bu müqəddəs qurumun nüfuzunu, elm və tədris prosesində öndə olmaq, xalq sevgisini birə-beş artırmaq üçün həmişə əllərindən gələni etmişlər. Ənənəyə sadiq qalan bu günkü kollektiv daha ciddi yeniliklərlə Universitetimizə xidmət göstərməkdədir. Dünyanı bürüyən pandemiya şəraiti hər sahədə olduğu kimi, təhsilə də mənfi təsirsiz ötüşmür. Digər dünya ölkələrində olduğu kimi, Bakı Dövlət Universiteti də artıq bir ildən çoxdur ki, distant təhsil formatına keçib. Onlayn təhsil formatının bir çox çətinliklərini nəzərə alan BDU rəhbərliyi bu formatın uzanacağı ehtimalı qarşısında bir sıra texniki və pedaqoji tədbirlər həyata keçirmiş və keçirməkdədir. Bu sırada müəllimlərin pedaqoji bacarıqlarını artırmaq və onların tədris texnikasına yüksək səviyyədə yiyələnməsi üçün Təkmilləşmə kursu təşkil etmişdir.
Müəllimləri Təkmilləşmə kursu BDU-nun Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, dosent Vaqif Qasımovun təşəbbüsü ilə yaradılmış və onun rəhbərliyi ilə həyata keçirilməkdədir.
Əlbəttə, Universitetdə bu formatda Təkmilləşmə kursları ənənəvi olaraq həmişə özünü göstərmişdir. Məlumdur, ali təhsil sistemində, o cümlədən BDU-da yüzlərlə tanınan, elmi dairədə xidmətləri olan alimlər var ki, nə qədər bilikli, elmi səviyyəli olsalar da onların bir çoxunun pedaqoji təhsili yoxdur. Ona görə də onların tədris prosesində pedaqoji səviyyələrini qaldırmaq üçün belə Təkmilləşmə kursları çox gərəklidir. Bu günlərdə təşkil edilən Təkmilləşmə kursları həm də onlayn tədris prosesində texniki vəsaitlərdən istifadə bacarığını öyrədir.
Əvvəlcədən qeyd edək ki, təxminən bütün fakültələrin müəllimləri bu kursa ciddi maraq göstərirlər. Və sözügedən kursun indiki çağda vacibliyini, əhəmiyyətini nəzərə alan rektor Elçin Babayev aprelin 18-də bu barədə xüsusi əmr imzalamışdır. Həmin əmrin imzalandığı gündən fəaliyyətə başlamış kurs bir ay davam edəcək. Kursun ötən günlərdəki intensiv fəaliyyəti göstərir ki, nəinki gənc müəllimlər, hətta yaşlı və təcrübəli hesab olunanlar da tədrisdə fəal iştirak edirlər. Nəyə görə? Bu suala kursun qarşıya qoyduğu və rəhbərliyin təsdiqlədiyi proqramındakı problemlər cavab verir:
Pedaqoqika və müasir təlim metodları;
Pedaqoji və tətbiqi psixologiya;
Təhsildə İKT
Tədrisi BDU-nun sayılıb –seçilən, problemləri yaxşı bilən müəllimləri və digər ali məktəb və təşkilatlardan dəvət olunmuş mütəxəssislər aparır. Kursda 15 fakültədən 170-ə yaxın müəllim –dinləyicinin iştirakı təlimlərin və qoyulan problemlərin nə qədər maraqlı olduğunun göstəricisi kimi qiymətləndirilə bilər.
Kursun təşkilatçıları tədris auditoriyasını humanitar və təbiət elmləri üzrə 4 qrupa ayırmışlar. Dərslər “Teams” platformasında keçirilir.
Biz bu yerdə kursda tədris olunan mövzuların bəzilərini qeyd etmək istərdik:
Ali məktəbdə dərsə verilən müasir tələblər;
Distant təhsil müasir dövrün təhsil kontekstində;
İnteqrativ və innovativ təlim metodları;
Müasir təlim prinsipləri;
XXI əsr fizikasının ən müasir problemləri;
Ermənistanın Azərbaycana hərbi təcavüzü:
Qarabağ münaqişəsinə son qoyulması;
İnteraktiv təlim və onun xüsusiyyətləri;
İlkin kompüter biliklərinin öyrədilməsi;
Təqdimatların hazırlanması və s.
Maraqlı mövzuların az bir qisminə diqqət etmək kifayətdir ki, kursun səmərəliliyi aydın olsun.
Müəllimlərin Təkmilləşmə kursu BDU-da həmişə özünün əhəmiyyətini sübut etmişdir. İndiki pandemiya şəraitində isə hələ də davam edən, sonu bilinməyən onlayn tədris formatı belə kursların davamını zəruri edir. Kursun sonunda sertifikat alacaq müəllimlər öz fakültələrində verəcəkləri hesabatlarla daha neçə-neçə əməkdaşın pedaqoji hazırlığına stimul yaradacaq. Nəzərə alsaq ki, kursun iştirakçıları təkcə dinləyici deyil, həm də fəal diskussiyalara qoşulurlar, onda “müdavimlərin” hansı yeni bacarıqlara sahib olacaqları bir daha hər kəsə aydın olar.
Cahangir Məmmədli
Kənan Novruzov