İlham Şaban:"Hazırda neft həcmləri kifayət qədər çoxdur və qiyməti 50 dollardan yuxarı qaldırmaq üçün ən azı hasilatın 1 milyon dollar azaldılması lazım idi. OPEC isə bunu etmədi"
"Ötən gün neft ölkələrinin hasilatını azaltması haqqında xəbər yayılan kimi bu, birjalara təsir etdi”.
Bunu Sherg.az-a neft ixrac edən ölkələrin neft bazarına çıxaracaqları neftin kəmiyyətini azaltmasının nəticələrini şərh edərkən Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban deyib.
O bildirib ki, əvvəl 48 dollar olan neft yayılan məlumatdan sonra 48,6 dollara qədər bahalaşdı:
"Bu gün isə neftin qiyməti 48,80 dollardır. Elektron birjalar açılandan neft 12 sent də bahalaşdı. Həqiqətən də müsbət dinamika göz qabağındadır. Birjalar bunu pozitiv siqnal kimi qəbul edir və bu, özünü xammalın cari qiymətlərində büruzə verir. Amerika Enerji Administrasiyası neft həcminin azalması və artmasına dair hesabatını sabah axşam açıqladıqda cümə axşamı səhər tezdən bu qiymətlərdə korrektə olacaq. Bundan sonra görəcəyik ki, OPEC-in lokomativi sayılan Səudiyyə Ərəbistanının verdiyi bəyanat bazardakı dayanıqlığını qoruyub, saxlaya bilərmi. Digər tərəfdən, dünənki görüşün nəticəsində dumanlı şəkildə məsələlər qeyd edilir ki, 2018-ci ilin martından sonra da bu kvota saxlanılsın. Lakin OPEC özü ard-arda iki aydır neft həcmlərini artırır. Özləri də boyunlarına aldılar ki, kvotalara əməl etmək nizam-intizamı qənaətbəxş deyil. Ona görə, OPEC-ə daxil olan və olmayan bu qərarlara dəstək verən ölkələr neft hasilatını artırırlar. Məsələn, Qazaxıstan bu il gündəlik hasilatını 100 min barel artıracaq”.
Hasilatın azaldılması ilə bağlı qərarı qəbul edən ölkələrin buna çox vaxt riayət etmədiyini deyən İ.Şabanın sözlərinə görə, bu il də bəzi ölkələr hasilatı artıracaq:"Rusiya statistik məlumatları paylaşıb, hesabatlar verir ki, hasilat ötən ilin oktyabr ayı ilə müqayisədə 300 min barel azalıb. Rusiya deyir ki, biz bundan məmnunuq, OPEC-in qərarlarını yerinə yetiririk. Lakin heç kəs təhlil kimi ortaya qoyub, Rusiyanın oktyabr ayına qədər olan hasilatını yüksək dərəcədə artdığını demir. Rusiya bu məsələdə hətta dünya lideri idi və Səudiyyə Ərəbistanından çox neft çıxarırdı. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əslində neft hasilatı artıb. Ölkələr heç də öz bazarlarını kiminləsə bölüşmək istəmirlər. İqtisadiyyatı neftdən asılı olan ölkələr başqa sahələrə əl atmaq, onları inkişaf etdirmək orta perspektiv üçün hazırlanmış layihələrdir. Ola bilər, bu beş ildən sonra bəhrəsini versin.
Rusiya da 2014-cü ildə sanksiyalar tətbiq edildikdə böyük hay-küylə başqa sahələri inkişaf etdirəcəyini, rezervlərini bura cəlb etdi və s. İki il ruslar heç bir dəyişiklik hiss etmədilər. Lakin 2017-ci ildə artıq sanksiyaların təsirləri, texnoloji baxımdan geriləmə hiss olundu.
Bu məsələni misal çəkərək göstərmək istəyirəm ki, iqtisadiyyatı neftdən asılı olan ölkələr bir neçə ilin içərisində digər sahələri təmin edə bilməzlər. Bu uzun vaxt tələb edən məsələdir. Qısa müddətdə qeyri-neft sahələrini inkişaf etdirmək üçün hökumətin bütün qollarının intensiv çalışması gərəkdir. Əks təqdirdə gözlənilən nəticə əldə etmək mümkün olmaz.
Neft bazarı da bu şəkildə inkişaf etdirilir. Ötən ilin dekabr ayında 50 dollardan yuxarı olan neftin qiymətləri mart ayının axırına qədər effekt verdi və bundan sonra neftin qiyməti aşağı düşdü. Hazırda neft həcmləri kifayət qədər çoxdur və qiyməti 50 dollardan yuxarı qaldırmaq üçün ən azı hasilatın 1 milyon dollar azaldılması lazım idi. OPEC isə bunu etmədi. Demək, neftin qiymətlərinin növbəti mərhələyə, 50-55 dollara qalxması çətindir”.
Neft sahəsi üzrə ekspert Amerikanın da bu qərara qoşulması məsələsinə münasibət bildirib:
"ABŞ-ın bu qərarlara qoşulacağını təsəvvür etmirəm. Ən güclü enerji, qaz və s. hasilatçısı olan Amerika 10 trilyon barel neft hasil edir. Bu sahədə o, bir nömrəli ölkədir. Bu səbəbdən ABŞ-ın özünü kiməsə bağlayacağını düşünmürəm”.
Qeyd edək ki, bu barədə bu gün neft ixrac edən ölkə təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən toplantıda razılıq əldə ediblər. Həmin görüşdə başda Rusiya olmaqla, Nigeriya, Səudiyyə Ərəbistan və digər iri neft ölkələrindən nümayəndələr iştirak edib. Məqsəd isə neftin ucuzlaşmasının qarşısını almaq olub.
Aysel Aslan