"Belə olacaqsa, Rusiya çox şeylər itirəcək” - Akif Nağı




"Azərbaycanla münasibətləri korlamaq Rusiyanın özünə də ziyan edəcək”.

Bunu Sherg.az-a Rusiyanın Gümrüdəki 102-ci hərbi bazaya müasir "Nebo-M” radiolokasiya sistemləri yerləşdirməsinə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib. 

O bildirib ki, rəsmi Moskva bununla öz mövcudluğunu qoruyub saxlamağa çalışır:

"Putinin dediyi ilə oturub-duran isə bir tək Ermənistan qalıb. Ermənistan Rusiyanın hər şərti ilə razılaşmaq məcburiyyətindədir və onun dəstəyinə ehtiyacı var. Əks halda o Azərbaycanın qarşısında dayana bilməz”.

Rusiyanın həmin hərbi-strateji regionu seçməkdə məqsədinin bir çox dövlətlərə nəzarəti təmin etmək olduğunu deyən A. Nağının sözlərinə görə, Azərbaycan bunu nəzərə almalıdır:

"Rusiya bu siyasəti yeritməklə regionda möhkəmlənməyə çalışır. Onun addımları birbaşa Azərbaycana qarşı da yönəlib. Rəsmi Bakı münaqişənin həll edilməsində, Minsk qrupundakı həmsədrlik səlahiyyətlərinin icrasında Rusiyaya ümidlidir. Ola bilər, müqayisədə Azərbaycan kiçik dövlətdir. Lakin bizim öz maraqlarımız, üstünlüklərimiz var. 

Putinin ölkəmizdən gözləntiləri də diqqətdən qaçmır. Əslində Rusiya ilə münasibətlərə aydınlıq gətirilməsinin məqamı çatıb. Hazırkı Kreml rəhbərləri isə imperiya təfəkkürünə qulluq edərək Azərbaycana və digər ölkələrə yuxarıdan aşağı baxırlar. Bu səbəbdən dövlətimiz Rusiyanı bu günkü reallıqlara yeni mövqedən yanaşmağa məcbur etməlidir. Belə olmayacaqsa, Rusiya çox şeylər itirəcək”.

Qeyd edək ki, Rusiyanın yerləşdirdiyi "Nebo-M2 radiolokasiya sistemləri Türkiyə, Gürcüstan, İraq, Suriya və Naxçıvanın hava məkanına nəzarət etməyə imkan verəcək.

Aysel Aslan