Prezidentin köməkçisindən FETÖ-yə tarixi etiraz
Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdindən sonra Azərbaycan mətbuatında bir çox təşkilatların, dövlət məmurlarının, bir qrup medianın və deputatların çevrilişə cəhd edən FETÖ təşkilatı ilə əlaqələri haqda informasiyalar dərc olunur. Bu əlaqələrə dair materiallar bir çox hallarda arxivlərdən çıxarılaraq dərc edilir və faktlar ortalığa qoyularaq konkret şəxslər Fətullah Gülənlə əlaqədə ittiham olunur.
Xatırladaq ki, vaxtilə Gülənçilər cərəyanına və onun ölkədəki tərəfdarlarına qarşı çıxanlar, öz etirazlarını açıq şəkildə bildirənlər də olub. Zaman-zaman Azərbaycan dövlətinin rəsmiləri Fətullah Gülənin təhlükəli təbliğinə qarşı kəskin etirazlarını yüksək tribunalarda bəyan ediblər. Hələ 7 il əvvəl Fətullah Gülən təşkilatının təhlükəsindən söz açanlardan biri də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Əli Həsənov 30 aprel 2009-cu ildə "Gülüstan” sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı "Dialoq Avrasiya” jurnalının "İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda keçirdiyi tədbirdə təşkilatçıları və fətullahçı şəbəkəni ciddi tənqid edib. Sözügedən tədbirdə Azərbaycan və Türkiyə dövlətinin yüksək rəsmiləri də iştirak ediblər. Tədbirdə çıxış edən Əli Həsənovun Fətullahçılarla bağlı söylədiyi tənqidi çıxışları, açıq etirazları 2009-cu il may ayının 1-də "Şərq” qəzetində də işıqlandırılıb. (http://www.sherg.az/pre.php?id=16965)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, 10 il əvvəl bu məkanda ümummilli lider Heydər Əliyevin iştirakı ilə Dialoq Avrasiya Platforması və "Dialoq Avrasiya” dərgisi ilk dəfə təqdim olunub. Aparat rəsmisi bildirib ki, Platforma kifayət qədər aktual bir işi, mövzunu və məkanı əhatə edir: "Müasir dünyada dialoq inkişaf etməkdədir. Dialoq tarix boyu cəmiyyətlərin təklif etdiyi ən dəyərli fəaliyyət növüdür. O, bəşəriyyəti birləşdirmək uğrunda insanlar arasında ünsiyyətin ən təkmil formasıdır”. Ancaq Prezidentin köməkçisi Dialoq Avrasiya Platformasının yalnız Fətullah Gülənin təbliğatı ilə məşğul olmasına qarşı çıxıb: "Dialoq başqa insanları sənin kimi yaşamağa, düşünməyə təhrik etmək demək deyil. Onun məqsədi orta hərəkət oxunu müəyyən etməkdən ibarətdir. Dialoq, tolerantlıq, Qurandan, Bibliyadan çox danışmaq da deyil. Cəmiyyətdə tolerantlıq bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına hörmətlə yanaşmaqdan, bunu reallığa çevirməkdən ibarətdir və bunları bir nəfərin adına bağlamaq düzgün deyil”. Əli Həsənov xatırladıb ki, tarix boyu zor gücü ilə bir cəmiyyətə digərinin normalarını qəbul etdirmək cəhdləri olub. Onun fikrincə, ən kamil dinlərin belə başqa ərazilərdə təlqini sonda müvəffəqiyyətsizliyə düçar olub. "Dialoq Avrasiya” dərgisinin post-sovet və türk islam dəyərlərini əhatə etdiyini bildirən Ə.Həsənov vurğulayıb ki, məqsəd cəmiyyətdə birgə yaşayışı, tolerantlığı təbliğ etməkdir. Məhz, bu baxımdan dialoq və Avrasiya sözləri təsadüfən seçilməyib. Əli Həsənov təşkilatçılara narazılığını ifadə edərək bildirib ki, "Dialoq Avrasiya” jurnalının və eyniadlı platformanın fəaliyyətində açıq-aşkar birtərəfli təbliğat hiss olunur, ayrı-ayrı xalqların dəyərləri, mədəniyyəti, tanınmış adamları, Avrasiya bölgəsində yayımlanmağa layiq olan insanlar, liderlər son zamanlar jurnalın səhifələrində getdikcə daha az-az görünür. Mən bunları deməyi özümə borc bilirəm”. Ə.Həsənov tədbirin təşkilatçılarına ciddi iradlarını bildirərək bəyan edib ki, ulu öndər Heydər Əliyevin portretinin yanına F.Gülənin yox, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün portreti asılmalıdır. Eyni zamanda tədbirin açılış filmində Atatürkün adının çəkilməməsi də Əli Həsənovun növbəti iradına səbəb olub. Azərbaycanın islam dövləti olduğunu xatırladan Ə.Həsənov eyni zamanda ölkənin dünyəvi dövlət quruculuğu prosesindəki mövqeyinin də uğurlu olduğunu vurğulayıb. Prezident Administrasiyasının rəsmisi tədbirdə böyük Atatürkün də adını çəkib və deyib ki, belə tədbirdə onu xatırlamamaq günahdır: "Avrasiya məkanının 20-ci əsrdə böyüdüb boya-başa çatdırdığı liderlər burada mütləq xatırlanmalıdır”. Əli Həsənov sonra vurğulayıb ki, yalnız din, mədəniyyət, informasiya mübadiləsi, siyasi, iqtisadi, sosial inteqrasiya olan yerdə əsaslı dialoqdan söhbət gedə bilər.
İsmayıl