"Belələri evdə arvadını, qardaşını və bacısını da döyür" - Deputat




"Bəzən olur ki, hansısa bir ölkədə turistlər qəzaya düşür, 10-20 nəfər ölür. İstər-istəməz belə hadisələr baş verir”.

Bunu Sherg.az-a Bakıda əcnəbi turistlərin və ya qonaqların döyülməsi ilə bağlı danışarkən Milli Məclisin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. 

O bildirib ki, bütün hallarda bizə xas olan xüsusi keyfiyyətlərə, milli mənəvi dəyərlərimizə uyğun olaraq qonağa hörmətlə yanaşırıq:

"Kim ki bu dəyərləri pozur, o, evdə arvadını, qardaşını və bacısını da döyür. Mənəviyyatsızlıq onun içindədir. Bunu insanlara daha çox təbliğ etməliyik ki, turistlərə hörmətlə yanaşsınlar, qonaqpərvərliyimizi göstərsinlər. I Avropa Oyunlarında, IV "İslam Həmrəyliyi” oyunlarında belə hadisələr olmadı. Turist kütləsi artdığı dönəmdə belə xoşagəlməz hadisələr nadir hallarda baş verir. Ona görə, biz çalışacağıq ki, arzuolunmaz halları aradan qaldıraq”.

Qeyd edək ki, Rəssamlıq Akademiyasının 1-ci kurs tələbəsi İran vətəndaşı Canqou Şahruz Rəşid oğlu İçərişəhərdə tanışı Sadiq Bağırov tərəfindən xuliqanlıq zəminində döyülüb. Tələbənin məqsədi isə S. Bağırova verdiyi 1300 manat borc pulu geri almaq olub.

Ayyət Əhməd