Komitə mübarizəsində medianın, ictimaiyyətin gücündən faydalanmalıdır
Benzin az vurulur
Yanacaqdoldurma məntəqələrində sürücüləri aldadırlar
Komitə mübarizəsində medianın, ictimaiyyətin gücündən faydalanmalıdır
Komitə mübarizəsində medianın, ictimaiyyətin gücündən faydalanmalıdır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətində nöqsanlar aşkarlayıb. Bu barədə komitə sədri Ramiz Həsənov bildirib. O qeyd edib ki, bəzi yanacaqdoldurma məntəqələri komitənin möhürlərini qırır: "Monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur. Bununla bağlı müvafiq sənədlər toplanıb və prokurorluq orqanlarına göndərilib”.
Komitə sədrinin etirafına münasibət bildirən nəqliyyat üzrə ekspert, avtosfer. az saytının baş redaktoru Elməddin Muradlı "Şərq”ə söyləyib ki, bu məsələ bütün sürücülərin yaralı yeridir: "Biz Avtosfer.az saytı olaraq həmin məsələləri zaman-zaman işıqlandırmışıq. Sürücülər tərəfindən bizə çoxsaylı müraciətlər daxil olurdu. Hətta fotofakt göndərirdilər ki, avtomaşının yanacaq çəninin tutumu 65 litrdir. Çənimdə beş 5 litr yanacaq ola-ola məntəqəyə daxil oluram, 72 litr yanacaq vurur və məndən onun pulunu tələb edir. Savadlı və hüquqlarını bilən sürücülər var. Haqqını, hüququnu tələb edib, hay-küy salanda məntəqə əməkdaşları vurduqları yanacağın pulun almırlar. Xahiş edirlər ki, səs-küy salmadan çıxın gedin. Çünki işlərinin üstü açılır”.
Ekspertin sözlərinə görə, daha çox şikayətlər məşhur brendlərin yanacaqdoldurma məntəqələrindən gəlir: "Təəssüflər olsun ki, ən çox şikayətlər SOCAR, "Azpetrol” və ABU və "Lukoil” petroldan gəlir. Bildirirlər ki, bəzilərində yanacaq az vurulur. Bəzilərində benzinin tərkibinə su qatılır. Bəziləri yanacağın tərkibinə qaz vurur. Təsəvvür edin ki, benzin çənini tam doldurursan, cəmi 1 km yol qət edirsən və maşını həyətdə saxlayırsan. Səhər qalxıb görürsən ki, benzin göstəricisi aşağı düşüb. Bu maşını mən sürmədim, qonşu sürmədi. Maşındakı yanacaq hara getdi? Sürücüləri bu cür yollarla aldadırlar. Məsələ barədə mətbuatda yazı gedəndə də dərhal reaksiya verirlər ki, yalandı. Araşdırma apardıq. İddiaların heç biri təsdiqini tapmadı. Şəxsən bu komitənin özü dəfələrlə məlumat yayıb ki, şikayətlər daxil olur. Araşdırırıq, təsdiqini tapmır. Necə oldu ki, bu gün təsdiqini tapdı? Komitə sədri çıxıb deyir ki, belə faktlar var. Belə çıxır ki, komitə sədrinin sözü ilə komitədəki bəzi adamların sözü üst-üstə düşmür. Yaxud da bəzi adamların komitə sədrinin gördüyü işlərdən xəbəri yoxdur. Bu cür yanaşmaq olmaz. Sürücülər bundan çox narazıdırlar”.
E.Muradlı yanacağın keyfiyyətindən də gileylənib: "Bir dəfə dostlarımızdan biri maraqlı eksperiment aparıb. BMV X5 markalı avtomobilin benzin çənini Bakıda tam doldurub. Həmin çənlə 400 km məsafə qət edib. Həmin maşını Gürcüstanda tam çən doldurub , 600 km məsafə qət edib. Gedib, Türkiyədə tam çən doldurub, 800 km-dən çox yol sürüb. Eyni maşın, eyni mühərrik, eyni sürücü və eyni çən. Burada dəyişən yalnız yanacaqdır. Gürcüstana, Türkiyəyə keyfiyyətli yanacaq satırıq. Ən keyfiyyətsiz yanacaq isə özümüzdədir. Bu, çox dəhşətlidir. Sürücü dostumuz dəhşətə gəlmişdi. Maşın da insan deyil ki, deyək maşına Azərbaycanın havası düşməyib. Yanacağın keyfiyyətsizliyi ortaya çıxır. Küçədə maşın gedəndə dizel yanacağımıza baxın. Maşının arxasından elə tüstü çıxır ki, adam dəhşətə gəlir ki, bu maşın yanırmı, yoxsa nə baş verir. Keyfiyyət çox aşağıdır. Dizelimiz ümumiyyətlə zaydı. Su və mazutdan ibarətdir. Rəsmi qurumlar həmişə bəyan edirlər ki, yanacağımız keyfiyyətlidir. Bəli, düz deyirlər. SOCAR rəhbərliyi dəfələrlə bildirib ki, yanacağımız keyfiyyətlidir. Zavoddan məntəqəyə aparılana qədər keyfiyyətlidir. Məntəqədə yanacağın başına nə oyun açırlarsa, yanacağın keyfiyyəti yarıbayarı aşağı düşür. Bəla məntəqədədir. Məntəqə benzinə müdaxilə edir. Sənaye və Energetika Nazirliyinin cəmi iki açıqlamasını oxudum. İkisində də, məntəqələrdəki nöqsanlarla bağlı olub. Bu qurum məntəqələrdə reydlər keçirirdi. İndi hanı o reydlər, hanı o nəzarət? Bu gün yoxdu. Nəticədə isə sürücünün cibinə ziyan dəyir”.
Avtomobillərin yol vergisinin ləğv olunduğunu deyən həmsöhbətimiz qeyd edib ki, indi həmin vergini yanacaqdoldurma məntəqələri ödəyir: "Bu hadisədən sonra yanacağın qiymətini dərhal qaldırdılar. Cənab Prezidentin müdaxiləsi və iradəsi ilə yanacağın qiyməti əvvəlki qiymətinə qayıtdı. Vergi ödənişi məntəqələrinin üzərində qaldı. Onlar da həmin vergini sürücünün cibindən çıxarır. Yenə də ziyan istehlakçıya dəyir. Ziyan 20-50 manat həcmində olsa nə vardı ki. Bir də görürsən ki, mühərrik çökdü. Benzin filtri dağıldı. Bu filtri 3 aydan bir dəyişirsən. Baxırsan ki, içindən mazut tökülür. Bu mazutu mən tökmürəm. Deməli, benzin zaydı ki, 3 aydan bir filtr dəyişirik. Rusiyada avtomobil yağı 10-15 min km-dən bir dəyişilir. Azərbaycanda yanacağın keyfiyyəti aşağı olduğu üçün ustalar yalvarır ki, xahiş edirik, 4 min, maksimum 5 min km-dən sonra gətirin, yağını dəyişək. Biz sevindik ki, yol vergisi bizim üzərimizdən götürüldü. Bunu məntəqələr ödəyəcək. Məntəqələr də bizə onun 10-100 qatından da çox ziyan vurur. Sürücülər arasında sorğu keçirilsə, 100 sürücüdən ən azı 98-inin yanacaqdoldurma məntəqələrinə inamsızlığının şahidi olacağıq”.
E.Muradlının qənaətincə, quru açıqlama ilə problemi həll etmək mümkün deyil: "Bu sahədə nöqsanların olduğunu biz də bilirik, siz də. Məsələnin həlli yolunu göstərmək lazımdır. Komitə sədri öz səlahiyyətlərindən istifadə etməlidir. Komitənin tam səlahiyyəti çatır ki, hər gün, hər həftə və hər ay o məntəqələri yoxlasın. Nöqsanlara görə ağır cərimələr tətbiq etsin. Kifayət qədər ağır cərimələr var. Bununla bağlı cinayət məcəlləsində də dəyişiklik etmək olar. Keyfiyyətsiz yanacaq insanların həyatı üçün təhlükəlidir. Eyni zamanda həm şəxsi əmlakımıza ziyan vurur, həm də cibimizə. Elə məntəqə var ki, 10 litr alanda 1 litrini kəsir. Eləsi var 300-500 qram kəsir. Yanacağın içərisinə kimyəvi maddə vururlar. Bu, xüsusən də "Lukoil”də olur.
Ekspert onu da əlavə edib ki, Komitə bunun qarşısının alınmasında medianın da gücündən faydalana bilər: "Mətbuat konfransı keçirsin, ad çəksin ki, filan məntəqədə monitorinq keçirmişik, möhür qoymuşuq, onu qırıblar. Bizdə bunu yazaq. Görün sürücülər həmin məntəqəyə bir də gedəcəkmi? Əlbəttə, getməyəcək. Nəticədə məntəqə maddi ziyana düşəcək və əziyyət çəkib dələduzluq etməyəcək. Medianın və ictimaiyyətin də gücündən istifadə etmək olar. Yetər ki, maraq olsun. Bunu söz və ya şüar şəklində deməklə problem həll olunmayacaq. Bundan başqa, məsələnin aradan qaldırılması üçün qanunvericiliyin verdiyi səlahiyyətlərdən istifadə etmək olar. Cərimələr var. İstehlakçının hüququnu pozduğuna görə, İqtisadiyyat Nazirliyi onların lisenziyasını əlindən almalıdır. Gəlişi gözəl sözlərlə iş həll olunmur. Ramiz müəllim desə də, deməsə də, bilirik ki, məntəqələr bizi aldadır. Ramiz müəllim, siz neyləmisiniz? Sual budur. Buna cavab verin. Biz media olaraq sizə dəstək göstərə bilərik. Yetər ki, problemlər aradan qalxsın. Sürücülərlə ünsiyyətdə olan media orqanı olaraq hər gün bizə şikayətlər gəlir. Amma istehlakçı dinəndə onu səhv çıxardırlar. Bəla da burasındadır”.
Ayyət Əhməd