“Beyinlə ürəyi eyni vaxtda əməliyyat etmək mümkün deyildir”

Bir müddətdən sonra Vaqif Bayatlı ürəyindən də əməliyyat olunacaq




Xəbər verdiyimiz kimi, ötən günlərdə tanınmış şair Vaqif Bayatlı Odər ürək və beyin çatışmazlığı problemi ilə təcili olaraq İstanbul Memorial Xəstəxanasına yerləşdirilib. Məlumata görə, onun iki ciddi əməliyyat keçirəcəyi planlaşdırılıb.

Ancaq əməliyyat öncəsi müayinədə həkimlər vəziyyətin son dərəcə ciddi olduğunu vurğulayıb. Yaxınlarının söylədiyinə görə, Vaqif Bayatlı əvvəlcə beyin əməliyyatı keçirib. Və əməliyyatdan müəyyən müddət keçdikdən sonra açıq ürək əməliyyatı keçirəcək. Çünki onun ürək damarlarında 90 faizlik tıxanma yaranıb. Şairin hazırkı durumunu öyrənmək məqsədilə yaxını, dostu, sosioloq Əhməd Qəşəmoğlu ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında qeyd etdi ki, V.Bayatlı bu günlərdə vətənə qayıdıb və hazırda ev şəraitində müalicə alır: "Vaqifin beynində çox ciddi problemlər yaranmışdı. Beyin damarlarında genişlənmə vardı. Eyni zamanda ürəyində də çox ciddi problem var. Ürəyində tıxanma mövcuddur. Türkiyəyə aparanda vəziyyəti çox ağır idi. Ora aparıldı, müayinə olundu. Həkimlərin onu öhdəsinə götürüb-götürməyəcəyi sual altında idi. Şükürlər olsun ki, həkimlər onu müalicə etməyi öhdələrinə götürdülər. Beynində olan əməliyyat olduqca çətin idi. Vaqifin beynini lazerlə əməliyyat etdilər. Uzun müddət intensiv, ağır, həssas bir əməliyyat getdi. Həkimlərin dediyi kimi, olduqca mürəkkəb əməliyyat olub. Şükürlər olsun ki, əməliyyat uğurla başa çatdı. Onun beyin əməliyyatını qabağa saldılar. Beyinlə ürəyi eyni zamanda əməliyyat etmək mümkün deyildi. Bir az vaxt ötəndən sonra ürəyindən də əməliyyat olunacaq. Həkimlər də yüksək fikirdədirlər. Müalicəsi olan xəstəliklərdir. Allah qoysa, Vaqifin səhhəti bərpa olunacaq və yaradıcılığa başlayacaq”.

Ayyət Əhməd