Bəzən tövsiyələr, məsləhətlər effekt vermir

Nizami Cəfərov: “Bir də gördün, birisi israr etdi ki, uşağın adını Hitler qoymaq istəyirəm”
Akademikə görə, ad və soyad məsələsində əsas prinsip millilik, bədii-estetik tələblərə uyğunluq olmalıdır


"2010-cu ildə qəbul edilən qərara əsasən dünyaya gələn uşaqlara yeni qaydada adlar qoyulmalıdır. Bu qaydalara əməl etməyən qeydiyyat şöbələri cəzalandırılacaq”. Bunu azvision.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

AMEA rəsmisi bildirib ki, 2010-cu ildən sonra dünyaya gələn uşaqlara soyadlar "ov”, "yev”-lə yox, "lı”, "li”, "lu”, "lü”, "gil”, "zadə” ilə qoyulmalıdır. Milli Məclisə bununla bağlı təkliflər verildiyini deyən S.Sadıqova müvafiq qərarın qəbul olanacağını vurğulayıb.

"Hazırda bu istiqamətdə işlər gedir. Məsələ Milli Məclisin gündəmindədir. Qərar 2010-cu ildən sonra dünyaya gələn uşaqlara aiddir. Buna baxmayaraq yeni doğulan uşaqlara köhnə soyadların qoyulması müşahidə olunur. Bu da qeydiyyat idarələrinin öz işini düzgün qurmamasından irəli gəlir.

Bununla bağlı qeydiyyat şöbələrinə Terminologiya Komissiyasının qərarı verilib. Məsələ ilə bağlı monitorinq aparılacaq. Monitorinqlər nəticəsində qayda pozuntusu edən qeydiyyat şöbələrinə cəza tədbirləri görüləcək”.

Mürəkkəb adlarla bağlı məsələyə toxunan Səyalı Sadıqova qeyd edib ki, Azərbaycanda seyid nəslinin nümayəndəsinin göstəricisi olan "Mir” sözündən başqa digər mürəkkəb adlar qadağan olunub.

Komissiyanın sədr müavini qeyd edib ki, yalnız seyid nəslindən olanlar yeni doğulan uşaqlara verilən adların əvvəlində "Mir” sözünü əlavə edə bilər: "Bəzi adlar var ki, onların əvvəlində "Hacı”, "Əfəndi”, "Məşədi”, "Kərbəlayı” sözləri var. Azərbaycanda bu adlar qadağan olunub. Yalnız "Mir” sözü saxlanılıb”.

Etiraf edək ki, bu qadağalar bəzən insanlar arasında narazılıqlara səbəb olur. Valideynlər övladlarına öz istədikləri adı qoymaqda israr edirlər. Məsələn, biri deyir ki, atamın adı Hacıağadır, oğluma bu adı vermək istəyirəm. Niyə olmaz? Belədə vəziyyət də, həmin o mürəkkəb adlar kimi mürəkkəbləşir. Terminologiya Komissiyası, yaxud da VVAQ şöbəsi hansısa adın qoyulmasının qadağan olunmasını nəylə izah edəcək?

Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov "Şərq”ə açıqlamasında qadağaların tövsiyə xarakteri daşımasının vacibliyini vurğuladı:

- Mən də razıyam ki, qadağalardan daha çox tövsiyələrə, maarifləndirmə işlərinə üstünlük verilməlidir. Amma bəzən tövsiyələr, məsləhətlər effekt vermir, o zaman qadağalar işə düşməli olur. Məsələn, bir də gördün, birisi israr etdi ki, uşağın adını Hitler qoymaq istəyirəm. İndi neyləməliyik? Bir adam ki, beyninə yeridib bu adı, deməli, anormaldır. Anormal adamla nə maarifləndirici tərzdə, nə də tövsiyə xarakterli söhbət apara bilərsən. Belədə gərək qadağa işə düşsün. Ona görə də qanun da olmalıdır, maarifləndirici işlər də aparılmalıdır, tövsiyələr də verilməlidir. Amma tövsiyənin də içində gərək tələbə oxşar bir forma olsun.

N.Cəfərov qeyd etdi ki, ad və soyad məsələsində əsas prinsip millilik, bədii-estetik tələblərə uyğunluq olmalıdır:

- Uşağa ad qoyanda gərək milliliyi də düşünəsən, uşağın gələcəyini də düşünəsən ki, gələcəkdə uşaq öz adından xəcalət çəkməsin. Valideyn deyir, uşaq mənimdi, özüm bilərəm nə ad qoyuram. Xeyr, belə deyil. Uşaq valideynin olduğu qədər də cəmiyyətindir. Sabah o uşaq bizim cəmiyyətin bir üzvü olacaq. İnsan hüquqları baxımından da qanun uşağın gələcək hüququnu qorumuş olur. Çünki kiçik yaşında onun əvəzinə ata-anası qərar verir. Bu qərar elə olmalıdır ki, gələcəkdə uşaq ona görə əziyyət çəkməsin. Necə biganə qalmaq olar və ya icazə vermək olar ki, valideyn uşağa Mussolini, Stalin, nə bilim... it, pişik adı qoysun?! Yəni, qanunla hansısa adlar qadağan olunursa, bu, məhz insan hüquqlarının qorunması nöqteyi-nəzərindən düzgündür. Deyə bilərsiniz ki, kimdi indi belə adlar qoyan? Düzdür, mütləq əksəriyyət bunu bilir, ad seçərkən də doğru seçim edir. Amma insan xasiyyəti də mürəkkəbdir. Elə adam var, bilmir, heç bilmək də istəmir. Artıq sübut olunub ki, hazırda dünyada hər 5 insandan biri psixi xəstəliklərdən əziyyət çəkir. Belə adamlara artıq nəsə başa salmaq, fikrindən döndərmək mümkün deyil. Ona görə də belə məqamda qadağalar köməyə gələcək. Amma kimsə mürəkkəb adlarla bağlı kəskin iddia nümayiş etdirib qərarında israr da edə bilər. Hətta məhkəməyə müraciət edib uda da bilər. Yenə də biz təbliğatı genişləndirməliyik və vətəndaşlarımızı gözəl adlar seçməyə yönləndirməliyik. Hacı, Kərbəlayı adları statusdur. Kiminsə atası, babası Həcc ziyarətinə, yaxud Kərbəlaya gedibsə, bu o demək deyil ki, övladına bu adları qoymalıdır. Belə çıxır ki, kiminsə babası general olubsa, uşağın adının əvvəlinə "general” əlavə etməlidir?! Mir sözündə məsələ tamam başqadır. Mir sözü heç bir hüquqi, inzibati məna kəsb etmir. Bu ifadə mənsub olduğun nəsli göstərir. Burada hər hansı əlavə sənəd təqdim edilməsinə də ehtiyac yoxdur. Yenə də ilk növbədə tövsiyə xarakterli təkliflər irəli sürülməlidir. Qadağalarsa artıq ən son məqamda, çıxılmaz hallarda tətbiq edilməlidir.

Məlahət Rzayeva