"Bəzi vəzifəli şəxslər ailələrindərus dilində danışırlar" - Faktdır

Elman Məmmədov: "Ancaq hər kəs öz ana dilini səlis bilməli və dilinin qeyri-millətlər arasında yayılmasına vasitəçi olmalıdır"


"Rusiyanın işğalçılıq siyasətinə baxmayaraq 3 min ilə yaxındır ki, şimal qonşumuzla sıx əlaqədəyik”.

Bunu Sherg.az-a rus dilinin Azərbaycanda yayılması ilə bağlı son günlər cəmiyyətdə səsləndirilən təzadlı fikirlərə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.

 O bildirib ki, bu gün də Rusiya ilə əlaqələr genişdir, ona görə rus dili ölkəmizdə yayılıb:

"Lakin bizim üçün ən əsas öz dilimizdir. Qeyri-dilləri bilməyin heç bir ziyanı yoxdur. Tək rus dili deyil, ingilis, alman, fransız, yapon və s. dillər öyrənilməlidir. İnsanların bunlar arasında apardığı seçimlər isə gələcək işi, fəaliyyəti üçün əsas amildir. Ancaq azərbaycanlı olan hər kəs öz doğma ilini sevməli və mütləq şəkildə bütün qaydaları ilə öyrənməlidir.

Digər dillərin istifadəsi insanların öz seçimidir. Xarici dil öyrənməyə qadağa qoymaq olmaz. Rus dilinə üstünlük verib, Azərbaycan dilini, ana dilini pisləyənlər isə cəmiyyətdə də düzgün qəbul olunmur. Hətta bəzi yüksək vəzifəli şəxslər ailələrində də rus dilində danışırlar. Bu, faktdır. İnsan hansı dili danışır, seçir özü bilər. 

Ancaq hər kəs öz ana dilini səlis bilməli və dilinin qeyri-millətlər arasında yayılmasına vasitəçi olmalıdır. Biz öz dilimizlə bərabər qeyri-dillərdən işimizlə bağlı, müəyyən beynəlxalq konfranslarda, əlaqələrlə bağlı istifadə etməliyik. Amma ailədə, cəmiyyətdə öz ana dilimizdən istifadə etməliyik”.

Aysel Aslan