Biabırçılıq...

Azərbaycanda müttəhimin üzünü görmədən ittiham aktına qol çəkən, protokolları imzalayan vəkillər var
“Nə olar ki, dövlət hesabına prosesə çıxanda? Hər bir vəkil məhkəmə prosesinə çıxmazdan əvvəl müdafiə edəcəyi şəxsin işi barəsində məlumatlı olmalıdır”

İki gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Ötən iclasda N.Həsənovun vəkili olmadığı üçün proses təxirə salınmışdı. Budəfəki iclasda təqsirləndirilən şəxsin müdafiəsinə vəkil Şirin Atayev qoşulub. O, dövlət tərəfindən təyin edilib. Mərhum tələbələrin valideynləri vəkilə etiraz edib və N.Hüseynovu nəzərdə tutaraq elə bir şəxsi müdafiə etməməsini istəyiblər.

Ş.Atayev valideynlərdən hadisə haqda soruşub və təqsirləndirilən şəxsi tanımadığı bəlli olub: "Bu hansı qəzadı? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu həmin adamdı?”. Valideynlər bunu təsdiqləyəndən sonra hakim bildirib ki, vəkilə etiraz qanunun tələblərinə uyğun olmalıdır.
Bundan sonra valideynlərdən biri çıxış edərək vəfat edən 6 tələbənin dəfn və yas xərclərinə görə N.Həsənova qarşı mülki iddia qaldırmaq istədiklərini deyiblər. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses iyunun 29-da davam etdiriləcək.

Qeyd edək ki, dövlət tərəfindən təyin edilən vəkilin müdafiə etdiyi şəxs barəsində məlumatsız olması ictimaiyyətin diqqətindən qaçmayıb. Baş verən addımı birbaşa vəkilin savadsızlığı kimi qələmə verən insanlar bu cür şəxslərin hüquq-müdafiə sistemində yer almasının qəbuledilməz olduğunu iddia ediblər.

Hüquqşünas Qurban Məmmədov isə "Şərq”ə açıqlamasında deyib ki, sözügedən məhkəmədə baş verən proseslər ölkədəki hüquqi maarifləndirmənin nə dərəcədə aşağı səviyyədə olduğunu göstərib:

"Əvvəla onu deyim ki, valideynlərin vəkildən təqsirləndirilən şəxsi müdafiə etməməyi tələb etməsinin özü də yanlış bir yanaşmadır. Bu, vətəndaşların hüquqi savadsızlığı və qanunvericilikdən məlumatsız olduğunu göstərir. Hər kəs bilməlidir ki, ən qatı cinayətkarın belə prosessual hüquqları var və həmin hüquqlar qorunmalıdır. Terrorçuların belə məhkəmə prosesində müdafiəçisi olmalıdır. Cinayətkarın hüquqlarının qanunla müdafiə olunması o demək deyil ki, müdafiəçi onun addımına haqq qazandırır. Burada söhbət insan hüquqlarından gedir. Çox yaxşı olar ki, vətəndaşlarımız vəkillərin hüquq və vəzifələrinə hörmətlə yanaşsınlar, həm də təqsirləndirilən şəxslərin müdafiə hüquqlarını tanısınlar”.

Vəkilin müdafiə etdiyi şəxs və onun törətdiyi cinayət barəsində tamamilə məlumatsız olduğuna gəldikdə isə Q.Məmmədov Azərbaycanın hüquq sistemində bu cür vəkillərin sayının kifayət qədər olduğunu deyib: 

"Çox təəssüflər olsun ki, Azərbaycanda müttəhimin üzünü görmədən ittiham aktına qol çəkən, protokolları imzalayan vəkillər var. Şəxsən öz təcrübəmdə bu cür hüquqşünaslarla çox qarşılaşmışam. Bütün bu problemlərin kökündə isə Vəkillər Kollegiyası dayanır, çünki həmin Kollegiya üzvləri peşəkarlıq göstəricilərinə görə yox, məhz rəhbərliyin şəxsi maraqlarına görə seçilir”.
Hüquqşünasın sözlərinə görə, müdafiə etdiyi şəxs barəsində məlumatsız olan vəkil hüquqi qanunvericiliyi gözdən salmaqla yanaşı, müttəhimin də hüquqlarını pozmuş hesab edilir: "Vəkilin bu açıqlamasından sonra təqsirləndirilən şəxs dərhal etiraz etməli, müdafiə hüququnu formal olaraq həyata keçirən vəkildən imtina edib, yeni bir vəkil tələb etməli idi”.

Bu məqamın kifayət qədər ağrılı olduğunu vurğulayan vəkil, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadovanın sözlərinə görə, məhz bu cür "vəkil”lərin sayəsində insanlar Azərbaycanda fəaliyyət göstərən bütün vəkillər haqqında eyni cür düşünür və məhkəmə sisteminə inamsız yanaşır: 

"Halbuki dövlət hesabına prosesə çıxan vəkillərin heç də hamısı müdafiə etdiyi şəxsin taleyinə qarşı bu cür laqeyd yanaşmır. Sadəcə peşəsinə hörmət etməyən "dejurnı” vəkillərdir ki, müdafiə etdiyi şəxs barəsində heç bir məlumat əldə etmədən məhkəməyə çıxır və digər ümumilikdə hüquq sisteminin nüfuzuna xələl gətirir”.

Vəkilin təqsirləndirilən şəxsi dövlət hesabına, yaxud da müqavilə ilə müdafiə etməsindən asılı olmayaraq öz işinə vicdanla yanaşmasını labüd hesab edən İradə xanım deyib ki, hər bir vəkil müdafiə etdiyi yüksək səviyyədə hüquqi yardım göstərməlidir. Məhz bu şərtlə hüquqşünaslar Vəkillər Kollegiyasının üzvü olurlar.

Vəkilin qənaətincə, sözügedən vəkil haqqında hökmən şikayət ərizəsi olmalı, onlar da Kollegiya üzvləri olaraq Rəyasət Heyətinin iclasında həmin şikayətə baxmalı və intizam qaydasına uyğun müvafiq addımlar atılmalıdır:

 "Nə olar ki, dövlət hesabına prosesə çıxanda? Hər bir vəkil məhkəmə prosesinə çıxmazdan əvvəl müdafiə edəcəyi şəxsin işi barəsində məlumatlı olmalıdır. Konkret prosesdə təqsirləndirilən şəxsi müdafiə edən vəkil öz müvəkkili barəsində məlumatsız idisə, məhkəməni təxirə sala bilər, yaxud da elə məhkəmə zalındaca müdafiə etdiyi şəxslə söhbət aparmaq üçün yarım saatlıq icazə almalı idi. Başa düşə bilmirəm ki, vəkil müvəkkilini tanımadan onu necə müdafiə edə bilir? 

Vətəndaşlar düşünə bilər ki, dövlət hesabına çıxan vəkillərin qonorarı az olduğu üçün onlar öz işlərinə bu qədər biganə yanaşırlar. Ancaq mən sizi əmin edirəm ki, müqavilə çıxmasına rəğmən heç bir ödəniş almadan prosesdə iştirak edən vəkillərimiz var. Hətta eləsi var, orderi belə öz cibinin pulu ilə alır. Dövlətdən pul almasına rəğmən müvəkkilini lazımi qaydada müdafiə etməyən, prosesə formal yanaşan insanlara isə vəkil deməyə belə dilim gəlmir. 

Onlar Azərbaycanın hüquq sistemində artıq yer tutan insanlardır. Vəkillər Kollegiyasının üzvü olan bu şəxslər hansısa peşəkar və vicdanlı hüquqşünasın haqqına girir. Kollegiyanın imici məhz ona üzv olan biz vəkillərdən asılıdır. Biz öz işimizə qarşı nə qədər məsuliyyətli yanaşsaq, Kollegiyanın nüfuzu da bir o qədər yüksəkdə dayanar”.

Şəymən