“Bilirdim ki, ölməsəm, sağ qalsam gündəlik dostlardan uzaq olmalıyam”

Aqşin Yenisey: “Mənim indi yazmağım yazmaq deyil, yazmamaq duyğusu ilə döyüşməkdir”



Aqşin Yenisey adı gələndə, ictimaiyyətdə, cəmiyyətdə ilk ağla gələn söz - gənc şairlər içərisində ən istedadlısıdır. Şair Yenisey imzası, fərqli üslubu, güclü yumoru, hadisələrə obyektiv yanaşması ilə hər zaman oxucuların diqqətini cəlb edib, həm də özünə qarşı maraq oyada bilib. Amma heyif ki, potensialını zaman-zaman məhv etdi. Ədəbi düşüncəyə malik insanlara görə, şair daha böyük uğurlara sahib ola bilərdi, ya özü istəmədi, ya da...

Yenisey əvvəllər yaşına görə, indi isə yaradıcılığına görə gənc qələm adamlarından sayılır. Şeirlərində çılğındır, romantikdir. Amma bu çılğınlığın da, romantikanın da arxasında, bir fəlsəfə dayanır. Frans Kafka xətti isə yaradıcılığının əsas xətlərindən birini təşkil edir. Şair yaradıcı həyatında çox çətinliklərdən keçdi. Dini xurafata qarşı fikirləri, deist yanaşmaları qatı dindarlar tərəfindən kəskin qarşılandı, buna görə çox hədələr aldı. Eləcə də eyni çətinlikləri şəxsi həyatında da yaşadı. Ən ağır xəstəliyə düçar oldu, ölümün bir addımlığından döndü. Şairi bu mənada dözümlü, səbrli və möhkəm xarakterli saymaq mümkündür. Xəstəliklə mübarizəsi, yaradıcılığına qarşı olan təhdidlərdən özünü qoruya bilməsi, yazar kimi deyil, insan kimi də istedadlı olduğunun göstəricisidir. "Sözdə yaşayan adam” rubrikasında şair, Yenisey imzasını tanıda bilməsindən, şəxsi həyatından, ictimai-siyasi proseslərdən, hər şeydən danışdı...

- Aqşin bəy, necəsiniz? Şair qaraciyər serrozunu tam yenib demək olarmı?

- Salamatam. Az qala, özümü bədən tərbiyəsi müəllimi kimi hiss edirəm. O ki deyirlər sağlam bədəndə sağlam ruh olur, o düzgün sözdür, amma sağlam ruh yaradıcı ruh olmur. Ruhun sağlamlığı hissiyyatın həssaslığından asılıdır. İnsan həssaslığını itirdikcə, ruhu idmançı görkəmi alır. İstedad elə buna görə də insanın ağrıyan yeridir. İndi demək olar ki, ağrıyan yerim qalmayıb. Dillərdə əzbər olan bir deyim var ki, siqaret, içki sağlamlığa ziyandır, amma mən şəxsi təcrübəmdən sizə deyə bilərəm ki, sağlamlığın özünün də ziyan olduğu çox şeylər var. İnsanları bir əsərdən alınan mənəvi zövqdə bilirsiniz nə birləşdirir? Həyatdan aldıqları ictimai-mənəvi xəsarətlərin ortaqlığı. Bütün gözəl əsərlər bu xəsarətlərin ağrısıdır.

- Hazırda nə və nədən yazırsınız? Üzərində işlədiyiniz bir əsər varmı?

- Sufilərin fəlsəfəsi və həyat tərzləri haqqında irihəcmli bir yazı yazmışam. İndi isə xəstəliyin metafizikası haqqında yazıram. Alkoqol depressiyası zamanı insanın yuxu ilə reallığın sərhədində yaşadığı ölümü andıran ovqatla bağlı bir yazı üzərində işləyirəm. Əslində, mənim indi yazmağım yazmaq deyil, yazmamaq duyğusu ilə döyüşməkdir. Daxili bir hiss ətrafımdakı mühitə boyun əyərək yazmamaq üçün mənə müqavimət göstərir, qorxuram ki, bir gün bu müqavimətə tab gətirə bilməyəm. Bax, bu qorxunu yaxına buraxmamaq üçün hər gün nəsə yazıram. Bilirsiz, adiliklərin içində yaşayıb, qeyri-adi heç nə yaratmaq olmaz. Bu, yaradıcılığın şah qanunudur.

- Heç ünvanlı şeirləriniz olubmu?

- Bütün şeirlərim ünvanlıdır. Mənə görə yaradıcılığın cinsi və ünvanı olmalıdır. Cinsi və ünvanı olmayan əsər boşboğazlıqdır. Əgər əsər müəllifin sonradan "məni başa düşmürlər” deməsindən ötrü yazılırsa, o əsərdən bir kasa nağd piti yaxşıdır. Əgər siz ünvan dedikdə, Aşıq Ələsgərin üz tutub qoşma dediyi güləndamları nəzərdə tutursunuzsa, yox, mənim şeir yazdığım güləndamlarım yoxdu.

- Bir müddət xəstəxanada qaldınız, sonra evdə müalicənizi davam etdirdiniz və tez-tez müayinə üçün xəstəxanaya gedib- gəldiniz. Bu müddət yaradıcılığınıza necə təsir etdi?

- Mən xəstəxanada artıq bilirdim ki, ölməsəm, sağ qalsam, mütləq yaradıcı emosiyalardan və gündəlik dostlardan uzaq durmalıyam, yoxsa yaşaya bilməyəcəyəm və bir il altı aydır ki, buna əməl edirəm. Etiraf edim ki, kim deyirsə, yaradıcılıq təklərin işidir, o adam ömrünün bircə anında belə tək olmayıb. Heç kim anadangəlmə dahi olmur, dünyanın sənət tarixində qalmış dahilərin hamısı hansısa yaradıcı hərəkatın, klub üzvlərinin arasından çıxıb. Bu gün Latın Amerikasını dünyada tanıdan yazarların çoxu Parisin zirzəmi kafelərinin daimi müştəriləri olublar. Dadaistlər, sürrealistlər, simvolistlər... biz yaradıcılıqdakı cəm şəkilçilərinin rolunu dana bilmərik. Bu dahilər bizimkilərdən də çox içiblər, əyyaşlıq ediblər. Sənətin həmişə günah hissinə borcu var. Mənə qalsa, poeziya günahın cazibədarlığıdır, şairlik bu cazibədarlığın könüllü qurbanına çevrilməkdən başqa bir şey deyil. Cəhənnəm əzabından qorxandan şair olmaz. Yaradıcılıq üçün hadisəni eşitmək, görmək, yox, hadisənin özü olmaq lazımdır. Özümü bu "yenidənqurma dövründə” içindəki quşu uçub getmiş qəfəs kimi hiss edirəm. Yalnız boşluqdan ibarət bir köhnəlik.

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Aqşin Yenisey içkini buraxandan oxunaqlığı azalıb. Əvvəlki kimi maraqlı yazılar yazmır, daha çox fəlsəfi yazır...

- Düz deyirlər. Mənim üçün şeir hisslə düşüncənin qatqısından ibarət olmalıdır. İndi yazdıqlarımda hiss yoxdur, çoxu bəzən özümə belə yorucu görünən ümumi düşüncələrdir. Biz bəzən şairin şəxsi həyatına onun yaradıcılığından daha çox diqqət yetiririk. Yaradıcı adamın nizam-intizamını polisin, həkimin, nə bilim, zoopark işçisinin nizam-intizamı ilə tutuşdurub, tələb edirik ki, şair, yaxud rəssam da özünü akademik nəşrlərdə yazılan qaydalara uyğun aparsın. Sonra da fransız şairi Nobel alanda mısmırığımızı sallayırıq. Pol Verlenin ilham mənbəyi Parisin, Brüsselin küçələri, fahişəxanaları idi və doğrudan da, fransız, rus şairlərini küçələrdə sevirdilər, sevirlər. Bizdə şairin özünü şair kimi hiss eləyə biləcəyi bircə məkan belə yoxdu. Onu şair olduğu hər yerdən qovurlar. Şair olduğu hər yerdə ona ikrahla baxırlar. Bizim şairlər ədəbiyyatdan daha çox, tarix kitablarının hesabına yadda qalırlar. Ona görə də yuxarı başa keçirdiyimiz şairlərin çoxu yaradıcılığı insanın yox, millətin tarixinə hesablayıb yazır. Millətin gələcəyini düşünmək ləyaqət hissidir, ancaq şair insanı da unutmamalıdır. Mənim indi yaradıcı enerjim özümlə bu cür mübahisələrə xərclənir.

- Sosial şəbəkələrdəki paylaşımlarınızdan, müsahibələrinizdən oğlunuza düşkün olduğunuz hiss olunur. Oğlunuzla evdə münasibətləriniz maraqlıdır. Aqşin Yenisey necə atadır?

- Ata kimi xüsusi bir özəlliyim yoxdur, dünyada nə qədər ata varsa, mən də onlardan biriyəm. Ancaq atalıq barədə düşüncələrim bundan ibarətdir ki, ata öz övladının yalnız bioloji himayəçisi olmalıdır. Övladın mənəvi atalığını ictimai dəyərlər etməlidir. Biz özümüzə xoş gələn mənəviyyatımızı övladımıza yeritməklə, dünyanı, cəmiyyəti yeni bir insanın yaranmasından məhrum edirik. Bizim yerimizi bizə oxşayan ikinci bir insan tutur və fikir verin ki, dünyanın ən çox məişət münaqişələri içində çabalayan ölkələri oğulların atalara, qızların analara oxşadığı ölkələrdir. Mən klassik kommunizmin beş əsas prinsiplərindən biri olan övladların ictimai dəyərlərin nəzarətində böyüməsi ideyasını dəstəkləyirəm. Ən böyük arzum budur ki, oğlum mənə yox, olmaq istədiyi insana oxşasın.

- Bəs, İgidayın tərbiyəsi ilə daha çox kim məşğul olur?

- Məndən başqa, demək olar ki, hamı.

- Əvvəl şair, sonra da adi bir oxucu kimi Azərbaycan ədəbiyyatının bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Azərbaycan ədəbiyyatı heç vaxt indiki kimi azad və indiki kimi bayağı olmayıb. Azad o mənada ki, indi hökumət də, cəmiyyət də şairi, yazıçını sözün ixtiyarına buraxıblar və görünən mənzərə bu ki, kəsəri orduların qılıncı ilə müqayisə olunan sözün qüdrəti heç bircə şairin acından ölməməsinə çatmır. Yəni ədəbiyyatımızda söz haqqında deyilmiş, yazılmış bütün əsər və fikirlər artıq bu gündən yaşamaq hüququnu itirir. İkincisi, ona görə bayağı ki, içi mən qarışıq, heç bir şair, yazıçı özünü "gücünü” gördüyü bu sözün ixtiyarına buraxmaq fikrində deyil. Yəni bayağı mətnlərlə baş girləməyi daha üstün tuturuq. Sözsüz ki, şöhrət gətirməyən mənəvi əzab yaradıcılıq hesab olunmur. Ancaq indi toyuğun broyleri olduğu kimi, şöhrətin də broyleri var. Və şair, yaxud yazıçı kimi tanınmaq üçün heç bir mənəvi əzaba ehtiyac yoxdur.

- Niyə indiki yazarlar daha çox roman yazmağa üstünlük verir?

- Çünki şeir və hekayə, lap elə adi qəzet köşəsi yaza bilmirlər. Romanın isə təkcə adının şöhrəti bir kələtə hekayənin, şeirin şöhrətindən daha gurultuludur.

- Hazırda ölkədə baş verən ictimai-siyasi mühiti necə dəyərləndirirsiniz?

- Tarix boyu Orta Şərqdə baş verən proseslərin ziyanını çəkmişik. Bu ərazi həmişə türk, fars, ərəb mentalitetlərinin, maraqlarının toqquşduğu bölgə olub. Üstəgəl, bizim ölkə bir yandan da rusların çənəsinin altındadır. Üstəgəl, Azərbaycan müsəlman-Şərq ənənələri ilə xristian- Avropa mədəniyyətinin üz-üzə dayandığı ölkədir. Və görün vəziyyət nə yerdədir ki, bu gün hətta Avropanın humanist dəyərləri də farsın, ərəbin, rusun imperialist maraqları kimi bağıra-bağıra gəlir üstümüzə. Bizi yalnız emosiyasız qətiyyət xilas edə bilər bu alabəzək barbarlığın cəngindən.

- Son açıqlanan statistikaya görə, uşaqlara qoyulan adlar arasında dini adlar üstünlük təşkil edir. Bunun səbəbini nədə görürsünüz?

- 70 illik rus-xristian imperiyası ilə birlikdə onun ideologiyası da dağıldı. Bu ideologiyanı din səviyyəsində təbliğ edən kommunizmin təhsil, incəsənət sistemi də dağıldı. İmperiya sakinləri öz övladlarının adını oxuduqları romanlardan, baxdıqları filmlərdən seçirdilər. Təhsilin yerini din tutandan sonra, sözsüz ki, ideallar da, ideyalar da dəyişdi. Bu gün Azərbaycan cəmiyyətində nə baş verirsə, bu bizim milli şüuraltımızın təzahürləridir. Hər bir canlı azadlığını şüuraltısının diktəsi altında təsdiqləməyə çalışır, millətlər də həmçinin. Bu adlar bir vaxtlar bizim şüuraltımıza yeridilmiş qaranlıq arzularımızdır.

- Günel Mövlud, Əli Əkbər və daha bir neçə yazar özlərinə qarşı təzyiq olduğunu deyib xaricə köçdülər. Sizə qarşı təzyiqlər olmadı, yoxsa qalıb mübarizə aparmaq istədiniz?

- Hərənin bir əqidəsi, xarakteri var. Bu gün Azərbaycanı ABŞ-la müqayisə edib üstünlüyü ikinciyə verənlərin yadına salmaq istəyirəm ki, ABŞ dövətinin iyirmi yaşı olanda bu dövlət hindu skalpı soyub gətirən ağdərililərə mükafat və torpaq sahələri verirdi. Hinduları əziyyətsiz ucdantutma qırmaq üçün onları parçalayıb yeyən xüsusi it cinsi yetişdirirdilər. Yəni 20 yaşlı ABŞ-da insan hüquqları bu gündə idi. 20 yaşlı Azərbaycandan evində olmayan demokratiyanı tələb eləyənlərlə mənim sözüm həmişə çəp gəlib. Mən heç vaxt şəxsi səadət dalınca qaçmamışam və bu səadəti də xarici pasportuma vurulan möhürlərin sayında görməmişəm.

- Şair, o gün internetdə bir şəkil gördüm. Kitabxana formasında dayanacaq. Sizcə, Azərbaycanda kitaba marağı artırmaq üçün belə bir ideyanı reallaşdırmaq olarmı?

- Millətin şüur məsələsini istisnaların, gözlənilməz cəhdlərin ixtiyarına buraxmaq olmaz. Bir "dəmir əl” lazımdır ki, gəlib otura təhsil nazirinin yerində və ala əlinə sovet təhsil sisteminin çubuğunu. Mən bir dəfə Atatürk haqqında yazmışdım ki, indiki yeni türklər Atatürkü diktator adlandırırlar, ancaq unudurlar ki, elə xalqlar, millətlər var ki, demokratik, dünyəvi dəyərləri o millətlərin, xalqların milli şüuruna yalnız "dəmir əllə” yeritmək olar. Necə ki, Hitler işə gecikən almanları həbs etdirə-etdirə o cür barbar genli bir xalqdan dünyanın ən nizam-intizamlı xalqını yaratdı.

- Nüsrət Kəsəmənlini - məhəbbət, Vaqif Səmədoğlunu - ölüm, Ramiz Rövşəni - fəlsəfi, Xəlil Rzanı - üsyankar şair kimi tanıyırıq. İndiki gənclər arasında kim, necə şairdi?

- Bu təsnifat daha çox oxucuların ədəbi mövqeyini ifadə etdiyi üçün gəlin onların işinə qarışmayaq.

- Şair Elxan Zal müsahibələrinin birində istedadlı gənclərlə bağlı danışıb və belə bir ifadə işlədib: "Vaxtsız tərifin Aqşinin taleyində necə mənfi rol oynadığını gördük”. Doğrudan da "tərifiniz” çıxıbmı?

- Birincisi, məni tərifləyənlər yalnız yazdığım yazıları müsahibə, kafe-restoran səviyyəsində tərifləyiblər. İkincisi, ədəbiyyat tarixindən oxuduqlarımdan deyə bilərəm ki, heç bir tənqid əsl istedadı məhv eləməyə qadir olmadığı kimi, heç bir tərif də buna qadir deyil. Həqiqi istedadı tərifləməliyik də, yeri gəlsə, boynumuza da mindirməliyik. Təki o özü bizim boynumuzdan yıxılsın, biz özümüz onu yerə yıxıb ayaqlamayaq. İndiki gənclərin heç biri Elçindən, rəhmətlik Qabildən istedadsız deyillər, sadəcə, onların arxasında imperiya imtiyazları, ciblərində imperiya qonorarı yoxdur.

- İxtisasca coğrafiyanı bitirmisiniz, dünyaya bələdsiniz. Sizcə, baş verən bu təlatümlər, terrorlar nə ilə nəticələnəcək?

- Müvəqqəti "Xalqlar dostluğu” ilə.

Şəymən