Binaların biri pulsuz təqdim olunacaq

Sosial mənzillərin digər ikisi isə bazar qiymətinə vətəndaşlara veriləcək


Sosial mənzillərdən bəziləri bu ilin sonunda satışa çıxarılacaq. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli kateqoriya üçün inşa edilən "Yasamal Yaşayış Kompleksi”ndə tikinti işləri sürətlə davam etdirilir. İlk 9 mərtəbəli yaşayış binasında və 3 mərtəbəli, 960 yerlik ümumtəhsil məktəbində son tamamlama işləri gedir.

Agentliyin mətbuat katibi Diana Dadaşovanın sözlərinə görə, satış haqda elan verildikdən sonra müraciəti təsdiqlənmiş vətəndaşlar elektron kabinetlərinə daxil olaraq mənzillər barədə ətraflı məlumat ala və istədikləri mənzili seçə biləcəklər. Satışa ümumilikdə 1843 mənzil çıxarılacaq. Daha tez müraciət edən vətəndaşlar buradan mənzil əldə edə biləcəklər. Digər vətəndaşlar isə növbəti mərhələni gözləməli olacaqlar.

İlk dəfə olaraq sosial evlərin tikintisinə investor olaraq tikinti şirkəti də cəlb edilib.
Həmin 3 binadan biri Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və güzəştli şərtlərlə satılacaq. Digər 2 binanı isə tikinti şirkəti özü istədiyi şərtlərlə, istədiyi şəxsə sata biləcək.

Sosial mənzillərin verilməsi ilə bağlı "Şərq”ə danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, sosial mənzillər yalnız güzəştli kateqoriyalar üçün nəzərdə tutulub və digər kateqoriyadan olan şəxslərin mənzillərdən faydalanmaq imkanı böyük deyil: 

"Çünki qanunvericilik güzəştli kateqoriyanın sosial mənzillərdən faydalanmasına imkan yaradıb. Düzdü, mənzil şəhərciyində 3 binanın inşası ilə bağlı müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən də investorun inşa etdiyi binaların biri pulsuz təqdim olunacaq, digər ikisi isə bazar qiymətinə vətəndaşlara veriləcək. Sosial mənzilin mahiyyəti də bundan ibarətdir ki, güzəştli kateqoriya bundan istifadə edə bilsin. Həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi çalışmalıdır ki, qiymətlər aşağı olsun və vətəndaşların ev alması əlçatan olsun. Bu baxımdan güzəştli kateqoriyanın sosial mənzillərdən istifadəsi birbaşa, həm də aylıq ödəniş məbləğindən asılı olacaq və birmənalı şəkildə aylıq ödəniş məbləğinin aşağı olmasına ehtiyac var”.

Yeganə Bayramova