Binəqədidəki yanğınla bağlı şahidlər nə dedi?

“Bir anda hər yerin tüstüyə büründüyünün şahidi oldum”


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri dinlənilib.

Şahid qismində dindirilmiş ilk olaraq ifadə verən Vəliyev Emin Əkbər oğlu deyib ki, "Qlobal Stone” MMC barədə məlumatlı olub: "Bizim iştirakımız ancaq Binəqədidə hadisə baş verən zaman nümunələri götürüb "Dərnəgül boru zavodu” QSC-nin laboratoriyasına təqdim etmək olub. 3 minə yaxın nümunə göndərilmişdi”.

Dövlət ittihamçısı Fərid Nağıyev isə ona 250 ədəd poliuretan maddə aparıldığını diqqətə çatdırıb.

Hüquq müdafiəçisi Məzahir Şahmarov şahidə sual verib ki, "Dərnəgül Boru Zavodu” QSC-nin labaratoriyasının rəhbərinin kim olduğunu soruşsa da, o tanımadığı deyib.

O bildirib ki, Standartlaşdırma, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında "AzSert” MMC-də Qeyri-ərzaq məhsullarının sertifikatlaşdırılması sektorunda ekspert-auditor vəzifəsində işləyir, xidməti vəzifələrində sektorun aparıcı eksperti Ovçu Qürbətova tabedir və vəzifəsi sonuncunun göstərişləri əsasında istehsal obyektlərindən nümunələri götürərək sınaqların keçirilməsi üçün müvafiq labaratoriyalara təqdim etməkdən ibarətdir.

O.Qürbətovun göstərişinə əsasən 2012-ci ilin noyabr ayında "Qlobal Stone” MMC-nin Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən istehsal obyektinə gedib poliuretan məhsullarından nümunə götürərək həmin nümunələri "Dərnəgül Boru Zavodu” QSC-nin labaratoriya müdiri Ağacavad Məmmədova təqdim edib. Həmin poliuretan məhsullrının oda davamlılığı hər hansı bir avadanlıqla deyil, açıq od mənbəyi ilə yandırılaraq yoxlanılmış və bununla da çətin yanan olduğu müəyyənləşdirilmişdir. Qeyd olunan sınağın nəticələrinə dair protokolu onun tərəfindən də imzalanıb. 2014-cü ildə də "Qlobal Stone” MMC tərəfindən istehsal olunan poliuretan məhsullarından nümunələr götürərək Memarlıq və İnşaat Universitetinin nəzdində Elmi-tədqiqat və sınaq labaratoriyasına təqdim edib. "Qlobal Stone” MMC tərəfindən istehsal olunan poliuretan məhsullarına dair 26 noyabr 2012-ci il tarixli 01 №-li sertifikatlaşdırma sınaqları protokolu, sertifikatlaşdırma qərarının məqsədəmüvafiq hesab edilməsinə dair həmin tarixdə tərtib edilmiş məktublarda E.Vəliyev adının qarşısındakı imzalar ona məxsusdur və onun tərəfindən icra edilib.

Halbuki ibtidai istintaq ifadəsi zamanı O. Qürbətov bildirib ki, Ağacavad Məmmədovun rəhbərlik etdiyi laboratoriya müstəqil hüquqi şəxs deyil və yalnız üçkünc möhürə, daha doğrusu ştampa malikdir, həmin üçkünc möhürü də vurmaq olardı. Ağacavada yalnız sınaqları keçirməyi təklif etmiş, başqa xahişi olmamışdır. barədə məlumatı yoxdur. Sınağın keçirilməsinə dair qərar yalnız "Global Stone” MMC-dən nümunələr götürülməsi üçün tərtib edilsə də, "Dərnəgül Boru Zavodu” QSC-nə təqdim edilməyib, yalnız laboratoriya müdiri olmuş Məmmədov Ağacavad Hacı oğluna göstərilib.

Digər şahid Ceyhun Nəsrullayev nitqində qeyd edib ki, hadisə baş verən zaman Binəqədi ərazisində Post Patrul Xidmətinin əmədaşı olduğu üçün orada xidmət aparıb: "Bir anda hər yerin tüstüyə büründüyünün şahidi oldum. Ərazidə olan avtomobilləri tez zamanda evakuasiya etməyə başladıq. Səhər 11 radələrindən mən orada idim. İlk yanğın ərazidə yerləşən "Qadın məsləhətxanası”nın binasının üstündən yarandı”.

Digər şahid qismində dindirilmiş Yusifov İsrail Yusif oğlu ifadəsində bildirib ki, onun işi ancaq akkreditasiya olunmamış labaratoriyalarda aparılmış sınaqlarda iştirak edərək sınaq protokolunu imzalamaqdan ibarət olub, hansı laboratoriya akkreditasiya olunubsa, həmin laboratoriyada keçirilən sınaqda müvafiq qurumun təmsilçisi kimi onun iştirakına ehtiyac olmayıb.

Dövlət ittihamçısı Fərid Nağıyev ona sınaq zamanı nə qədər nümunə götürdüyünü o isə cavabında 4-5 ədəd nümunə götürdüyünü dilə gətirib.

İ.Yusifov Ağacavad Məmmədovla da orada tanış olduğunu bildirib: "Amma mən həmin poliuretan məhsullarının odadavamlığı prosesində iştirak etmədim”.

Daha sonra şahidlərdən digəri Vüqar Əliyev ifadə verib. O ifadəsində diqqətə çatdırıb ki, zalda olan təqsirləndirilən şəxslərdən heç birini tanımır: "Mən Fövqəladə Hallar Nazirliyinin əməkdaşıyam. Həmin hadisə baş verən zaman idarədə həyəcan siqnalı verildi. Əraziyə çatan kimi avtomobilləri oradan evakuasiya etdik. Daha sonra insanları xilas etməyə çalışırdıq aşağıya düşəndə isə məlum oldu ki, kimsə özünü yuxarı mərtəbədən atıb. Səhər saat 12 radələrindən axşama kimi orda idik”.

Sonuncu şahid PPX-nın əməkdaşı Emin Məmmədov isə deyib ki, o da təqdirləndirilən şəxslərdən heç kimi tanımır: "Biz hadisə baş verən zaman həmin ərazidə sürücülərə protokol yazırdıq. Sonra gördük ki, hər yeri duman bürüdü. Tez zamanda idarəyə və FHN-a xəbər etdik. Daha sonra ərazidə işləyən insanları oradan kənarlaşdırmağa başladıq”.

Şahidlərin ifadələri dinlənildikdən sonra hakim növbəti məhkəmə prosesini oktyabrın 27-nə saat 10-30-a təyin edib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone” və "Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.