“Piyadaya üstünlük verilirsə, bu o demək deyil ki, yolu bulvarda gəzən kimi keçsin”
Bir az tələsin!
“Sürücünün də vaxtına hörmət etmək lazımdır”
“Piyadaya üstünlük verilirsə, bu o demək deyil ki, yolu bulvarda gəzən kimi keçsin”
“Piyadaya üstünlük verilirsə, bu o demək deyil ki, yolu bulvarda gəzən kimi keçsin”
Piyada keçidləri ilə bağlı problemlərin ardı-arası kəsilmir. Təəssüf ki, bəzi piyadalar hər zaman üstünlüyün özlərində olduğunu düşünürlər. Yolu asta addımlar və qulaqcıqla keçmək, işıqforun nizamlayıcı işıqlarına məhəl qoymamaq - bütün bunlar sürücülərin hər gün qarşılaşdığı problemlərdir.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov paytaxtımızda piyada keçidlərinin hazırkı durumu ilə bağlı suallarımızı cavablandırıb.
- Bəzən görürük ki, paytaxtda lazım olan yerdə piyada keçidləri yoxdur və yaxud əksinə, elə yerdə piyada keçidləri var ki, bu həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır. Necə düşünürsüz, hazırda piyada keçidləri ilə bağlı cəmiyyətimizdə vəziyyət necədi?
- Yol hərəkətində piyada hərəkətinin təşkili ən məsuliyyətli və lazımlı sahələrdən biridir. Bəzi yerlərdə piyada axınını müəyyən etməkdən ötrü xüsusi üsullardan istifadə edirlər. Piyada axınları müxtəlif formada özünü göstərir. Bir istiqamətli, iki istiqamətli, fasiləli, kütləvi və s. Məsələn, müxtəlif zaman və məkan dəyişikliyində istiqamətin forması da dəyişə bilir. Bunları nəzərə alaraq yol hərəkətində həmişə istəyirlər ki, bu məsuliyyətli işi bir az incəliklərlə, elmi cəhətdən əsaslandırmaqla, camaatın tələbatını ödəməklə yerinə yetirsinlər. Bakı qədim şəhər olsa da, hazırda onu daha böyük bir yaşayış məntəqəsinə çevirmək istəyirlər. Ona görə çoxlu yeni binalar, obyektlər, müəssisələr tikilir. Həm piyada keçidi, həm səkilər, həm də nəqliyyat vasitələrinin hərəkəti üçün qırmızı xətt nəzərdə tutulmalıdır. Amma o xətti nəzərə almırlar.
Ümumiyyətlə, piyada keçidləri 2 formada təşkil olunur. Küçədən xaric və yerüstü model. Küçədən xaric model yeraltı və estakada olan piyada keçidləridir və ən təhlükəsiz piyada keçidləri sayılır. Yerüstü piyada keçidləri var onlar da iki yerə ayrılır - nizamlanan və nizamlanmayan piyada keçidləri. Nizamlanmayan yerlərdə piyadalara üstünlük verilir və onlar çox sərbəst hərəkət edirlər. Bizim də əsas çətinliyimiz elə budur. Ən çox piyadalar vurulan yer həmin nizamlanmayan yerüstü piyada keçidlərində olur. Piyadalar elə bilir ki, nəqliyyat vasitəsi mütləq saxlamalıdır və çox rahat formada, əllərində telefon və ya qulaqlarında qulaqcıq ola-ola sərbəst olaraq yolu keçirlər. Bununla bağlı müəyyən tədbirlər görülməlidir, yol nişanları elə yerləşməlidir ki, sürücülər nişanları dəqiq görsünlər və piyadalara üstünlük verildiyi üçün avtomobilləri saxlasınlar. Ölkəmizdə piyada keçidləri azlıq təşkil edir. Hər 300-400 metrdən bir piyada keçidi üçün müəyyən yerlər olmalıdır. Elə yerlər var ki, orda piyada axını az olduğu üçün keçidlərin olması məsləhət deyil, amma bəzi yerlərdə axın çoxdu və mütləq piyada keçidləri qoymaq lazımdır.
- Piyadalar arasında belə bir deyim var -”əgər bu yerdən keçmək qadağandırsa, bunu sübut edən nişan olsun. Mən hardan bilim keçmək qadağandır?”. Belə olan halda piyadaları dəstəkləyirsiz?
- İnsan şüurlu məxluqdur. O hiss edir ki, harda təhlükə var, ora getmir. Yol hərəkəti qaydalarında göstərilir ki, həm piyadalar, həm sərnişinlər, həm sürücülər yol hərəkətinin təhlükəsizliyinə əməl etməlidir. İnsanlar bu qədər zəifdirlər ki, təhlükəli yoldan keçirlər? Onlar dərk etməlidirlər, özləri müəyyənləşdirməlidirlər hər şeyi. Bizdə əsasən sürücülər üçün qadağanedici işarələr var. Amma bəzi yerlərdə piyadalar da nişanlara uyğun hərəkət etməlidirlər. Vaxtilə "Mozalan” jurnalında belə bir məqalə də var idi, keçidə bir nişan qoyurlar və nişanda deyilir ki, burdan keçmək qadağandır. Beləliklə insanlar ordan keçmirlər. Onlar bir növ adət edirdilər. Amma artıq indiki zamanda hamı hər şeyi dərk edir. Yol hərəkəti qaydalarını da özləri müəyyənləşdirib təhlükəsizliklərini təmin etməyi bacarmalıdırlar.
- Piyadalar yolu keçərkən ayrı-ayrılıqda, yəni pərakəndə şəklində keçirlər, bu da sürücüləri çaşdırır və qəzalara səbəb olur. Lakin xarici ölkələrdən piyadalar yolu eyni anda keçirlər və bir növ yol mədəniyyətin nümayiş etdirirlər. Yaxın zamanda ölkəmizdə belə bir yol mədəniyyəti yarana bilərmi?
- Çox gözəl fikirdir ki, insanlar toplu şəkildə yolu keçsinlər və nəqliyyat vasitəsi üçün vaxt qalsın. Bəzən elə yerlər olur ki, həmin piyadalar yolu ayrı-ayrılıqda, tək olaraq keçirlər və sürücü neçə dəqiqə gözləməli olur. Bunun üçün yol hərəkəti qaydalarında qərar qəbul edib, dəyişiklik etməlidirlər. Bu hal Bakı şəhərində piyada mədəniyyətinin nisbətən aşağı olmasıdır. Tələbə vaxtlarımda Moskvada olanda da görmüşəm, orda yol hərəkətində piyada heç bir zaman lazım olmayan yerdən yolu keçə bilmir. Ümumiyyətlə, son zamanlar piyadalar nəqliyyat vasitələrindən qorxmurlar. Bir az çəkinmək lazımdır. Piyada hərəkətində hazırda ən çatışmayan cəhət budur. Piyadaya üstünlük verilirsə, bu o demək deyil ki, yolu bulvarda gəzən kimi keçsinlər.
- Bəs piyadaların yol hərəkəti ilə bağlı maariflənməsini həyata keçirmək üçün hansısa tədbirlər görülə bilərmi?
- Bəli, piyadaların maariflənməsi üçün xüsusi işlər görülməlidir və buna olduqca ehtiyac var. Bunlardan biri də piyada hərəkəti üçün könüllülər qrupu yaratmaqdır. Könüllülər piyadaları müəyyən qədər maarifləndirərlər. Çünki polis piyadaları saxlayanda onlar deyir ki, "siz niyə bizimlə işləyirsiz, gedin sürücülərlə işinizi həll edin”. Bu isə problemlər yaradır. Vaxt olacaq piyada könüllülərini yaratmaq məsələsinə gəlib çıxacaqlar. Gördüz ki, keçirilən yarışlarda idman könüllüləri oldu. Ölkəmizdə piyada hərəkəti çox incə bir məsələdir. Böyük bir təşkilat, İdman Nazirliyi və ya başqa bir qurum bu məsələni öz üzərinə götürməli, maariflənməni gücləndirməlidir. Məncə, könüllü qrupları yaranarsa, piyadalarla bağlı problemlər zaman içində həll olar.
Yeganə Bayramova