Bir gül ilə bahar olmur

8 Martda ən qiymətli hədiyyə kitab ola bilməz
"İldə bir kitabla mütaliəli bir insana sahiblənəcəyimizi düşünmürəm"


Artıq bir neçə gündür ki, paytaxt Bakıda bayram ab-havası yaşanır. Hədiyyə mağazalarında, alış-veriş mərkəzlərində növbələr, müştəri sıxlığı yaranmağa başlayıb. Bütün bu fəallığa səbəb isə hər kəsin 8 Mart Beynəlxalq Qadınlar Gününə köklənməsidir.

8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yazın ilk bayramıdır. Həmin gün yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası, arzulanan qadın kimi hiss edir. Kişilər gözəl güllər, xoş ətirlər, xüsusi zinət əşyaları, yumşaq oyuncaqlar və fərqli hədiyyələrlə qadınları xoşbəxt etməyə çalışırlar. Bu dəfə isə ölkəmizin məşhur xanımları Brilliant Dadaşova,Tünzalə Ağayeva, Nərgiz Cəlilova, Rövşanə Bektaşi kimi müxtəlif sahələr üzrə uğur qazanan tanınmışlar "Əzizim, mənə 8 Marta gül yox, ətir yox, kitab hədiyyə et!” aksiyası ilə çıxış ediblər.

Aksiyanın təşkilatçısı olan "Əli və Nino” mağazaları sosial şəbəkələr üzərindən çağırış edib və gəncləri, kitab oxumağı sevənləri bu aksiyaya dəstək olmağa dəvət edib.

Kampaniyaya qoşulanlar isə: "Əgər hədiyyə almaq istəyirsizsə, öz sevdiklərinizə kitab hədiyyə edin, hisslərinizi kitabla ifadə edin. Kitab hədiyyələrin ən dəyərlisidir. Ən önəmlisi isə Azərbaycanda kitab hədiyyə etmək mədəniyyətini inkişaf etdirin. İnsanlar ancaq oxumaqla kamilləşə bilərlər. Güllər vaxt keçdikcə sola, ətir isə tükənə bilər. Yalnızca dərin hisslərlə hədiyyə olunmuş kitab, uzun illər keçsə də, hər zaman yanınızda olacaq, səmimi xatirələri yada salacaq. Aksiyaya dəstək olaq. Kitab oxumaq hər zaman dəbdə olsun!”-deyərək, bu maarifləndirici addımı alqışlayıblar.

Düzdür, kitab oxumaq hər yaş kateqoriyasında olan insanlar üçün özünüinkişaf mahiyyətilə göstərilən ən gözəl fəaliyyətdir. Hər bir kitabdan insan mütləq bir hikmət öyrənir. Ona görə də insanların kitab oxumağa marağını artırmaq üçün müxtəlif layihələr, maarifləndirici tədbirlər həyata keçirilməsi təqdirəlayiq haldır. Gənclərin və kitab oxumağa maraqlı olan hər kəsin bu təşəbbüsü dəstəkləməsi, kitaba olan diqqətin artırılması məqsədilə sosial-maarifləndirici şəkildə bu ənənəni davam etdirməsi vacibdir.

Bəs ekspertlər necə fikirləşir? "Əli və Nino” mağazalar şəbəkəsinin təşəbbüsü ilə keçirilən bu aksiyanın fonunda belə kampaniyalar nə dərəcədə maarifləndirmə üçün gərəklidir?

"Şərq”ə bu barədə danışan tanınmış jurnalist Naibə Qurbanova da kitab, təhsil, oxumaq adına olan bütün aksiyaların dəstəklənməli, təqdir edilməli olduğunu deyib: "Kitablara diqqətin artırılmasına istiqamətləndirən hər bir aksiya kimi bu aksiyanı da alqışlamaq lazımdır. Lap elə aksiyanın kökündə biznes marağının olması da cəmiyyəti bu maraqdan çəkindirməməlidir. Lakin bunu hansısa kitab biznesi ilə məşğul olan qurumun və şəxsin ortaya atması insanlarda bir qədər mübahisə yaradır”.

Birmənalı olaraq kitabın uğurlu hədiyyə olduğunu qəbul etməyən xanım jurnalist səmimi olaraq Qadınlar Günü münasibətilə ona kitab bağışlanmasını istəmədiyini bildirib: "Mənə görə kitab bağışlayan insan qarşısındakının mütaliə zövqünü bilməlidir. Mən özüm hansı kitabları sevdiyimi daha yaxşı müəyyən edə bildiyim üçün başqalarının bunu biləcəyinə əmin deyiləm. Psixoloji olaraq da kitab mənim üçün uğurlu bayram hədiyyəsi deyil. Düşünürəm ki, qadınların əksəriyyətinin də bayram hədiyyəsi olaraq gözləntisi kitab deyil”.

N.Qurbanovanın sözlərinə görə, başlanğıc üçün, kitab oxumağa həvəs, maraq yaratmaq baxımından kitab faydalı hədiyyə olsa da, belə bir aksiyanı kifayət qədər maarifləndirici hesab etmək olmaz: "Bir gül ilə bahar olmur. İldə bir kitabla mütaliəli bir insana sahiblənəcəyimizi düşünmürəm. Qeyd etdiyim kimi, başlanğıc, həvəs yaratmaq üçün yaxşıdır. Amma yetkin bir qadına bir kitab hədiyyə etməklə "mütaliəlilər ordusu” yetişəcəyini gözləmək, məncə, elə gözləməkdir”.

Yazar Qann Turalı da məsələyə münasibətini bildirib. Onun fikrincə, bu aksiya sadəcə kitabların satılması məqsədi güdən bir reklam üçün təşkil olunub: "Sosial şəbəkələr insanlar arasında hər hansı bir fikri yaymaq üçün ən əlverişli vasitədir və kitab satışının artırılmasına piar aparmaq məqsədilə işlənən bu layihə də qısa müddətdə sosial şəbəkələr vasitəsilə genişləndirildi. Lakin bunu maarifləndirmə cəhətdən uğurlu hesab etmək olmaz. Mən özüm bayramda ailəmdəki və ətrafımdakı xanımlara kitab deyil, daha fərqli hədiyyə almağı düşünürəm. Ümumiyyətlə, qadınlara bahalı hədiyyə bağışlamaqdansa, onları sevmək daha yaxşıdır”.

Bu mülahizələrdən ümumi bir nəticə kimi aksiyaya dəstək verərək, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ətrafındakı xanımlara kitab və ya başqa hədiyyə bağışlamaq yenə də insanların öz seçimindən asılıdır.

Hədiyyənin nə olmasından asılı olmayaraq, bayramınız mübarək, dəyərli xanımlar!

Aysel Aslan