Sahib Məmmədov:"...Notariat Dövlət Reyestri Xidmətinə daxil olub, mənzilin qeydiyyatdan keçdiyini üzə çıxaracaq"
"Mənzil tikintisinə başlanılır, amma mənzilin tikiləcək sahələri heç bir dövlət orqanında qeydiyyatdan keçirilmir, yalnız son məqamda reystrə daxil olur”.
Bu barədə "Sherg.az”a "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun qüvvəyə minməsi ilə əlaqədar notariusların vəzifələrinə dəyişiklik edilməsini izah edərkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
O qeyd edib ki, yaranan problemə görə, bəzən bir mənzili 5 nəfərə satırlar:
" Hazırda bəzi qanunlara paket dəyişiklər etməklə hökumət problemi həll etməyə çalışır.Bu məsələləri tənzimləmək üçün bir neçə il əvvəl tikintidə paylı iştirak haqqında qanun layihəsi hazırladıq. Burada başqa ölkələrin praktikasını nəzərə almaq şərtdir. Məsələn, hansısa investor ev tikib, satmaq istəyir. Texniki mərtəbəni tikəndən sonra bura payçılar cəlb edə bilər. Payçılar pulu ödədikcə, bu, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınır. Beləliklə, sığortalanmış olur. Nəhayət tikinti başa çatır. Hər hansı problem çıxarsa, investor iflasa uğrasa, gözlənilməz hadisə baş versə, sığorta şirkəti dəyən ziyanı konpensasiya edir.
Dövlət Reyestrində yarımçıq tikili qeydiyyatdan keçibsə, deməli payçı həmin mənzilini sata bilər. Bu isə notariat əməliyyatı ilə həyata keçirilir. Bu tikinti qeydiyyatdan keçdiyindən binanı tikən şirkət və ya dələduz şəxslər sonradan başqasına bu mənzili sata bilməz. Çünki Notariat orqanına digər orqanlara çıxışla bağlı səlahiyyət verilir. Belə ki, məsələn, bir mənzilin bir neçə şəxsə satılması halı baş verdikdə notariat Dövlət Reyestri Xidmətinə daxil olub, mənzilin qeydiyyatdan keçdiyini üzə çıxaracaq. Beləliklə, notariat əməliyyatı aparılmayacaq, alğı-satqı həyata keçirilə bilməz. Nəticədə tikintisi başa çatmamış mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə aşağıdakı məzmunda 148.2-1-ci maddə əlavə edilib:
"148.2-1. Hüquq sahibinin istəyi ilə "Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarış notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir”.
Aysel Aslan