Bir nəfər də olsun ali məktəbə qəbul olunan yoxdur...

Elə məktəblər var ki, yalnız parta, müəllim və şagirdlərdən ibarətdir
Halbuki dövlət büdcəsindən külli miqdarda vəsait ay ərzində bu müəssisələrə daxil edilir

Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 2016-cı ilin hesabatına həsr olunan tədbirində çıxış edib. O, çıxışında qeyd edib ki, təhsil müəssisələrində idarəetmənin keyfiyyəti təhsil sahəsinin nailiyyətlərində çox mühüm rola malikdir.

Nazir bildirib ki, idarəetmədə təkmilləşmə yalnız kadr islahatları ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, son illərdə ali təhsil və digər pillələrdə idarəetmə sahəsi üzrə həll edilməli olan məsələlərin sayı artıb: "Artıq bir neçə ildir ki, ali məktəblər yalnız akademik göstəricilər üzrə fəaliyyətlə deyil, onlara verilən səlahiyyət çərçivəsində bütün maliyyə iqtisadi çətinliklərin həlli ilə də məşğuldurlar. Lakin tələblər dayanmadan artır. Biz təhsil müəssisələrimizdə orta və uzunmüddətli rəqabət qabiliyyəti formalaşdırmalıyıq”.

Nazir təhsil sahəsində olan resursun heç də az əhəmiyyət kəsb etmədiyini söyləyib: "Bizim çıxış yolumuz mövcud resurslardan daha səmərəli istifadə etməkdir. Belə düşünmək yanlışlıq olardı ki, bu məsələdə bütün yük dövlətin üzərinə düşməlidir. Özəl sektorun da bu sahə üzrə əməkdaşlığı vacibdir”.
Maraqlıdır, təhsil müəssisələri arasında rəqabət qabiliyyətinin formalaşdırılması mövcud problemlərin aradan qalxmasına kömək olacaqmı? 

Məsələni dəyərləndirən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən çatışmazlıqlar var. Hətta mövcud olan çatışmazlıqlar Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən də qəbul edilir: 

"Bakı şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə hər ilin yekunlarına dair hesabat keçirilir. Bu hesabatın keçirilməsinin özü mütərəqqi bir addımdır. Çünki onlar qorxmadan gördükləri işi ictimaiyyətin nəzərinə çatdırırlar. Təhsildə 3 sual var ki, ilk növbədə biz bunlara cavab tapmalıyıq. Biz bunu necə edirik, nə üçün edirik və hansı nəticələri gözləyirik? Son 4 il ərzində Azərbaycan təhsilində çox mühüm islahatlar həyata keçirilir. Bu islahatların ən böyüyü təhsili idarə edən şəxslərin, yəni direktorların seçilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda 4481 orta məktəb var. Birdən-birə köklü şəkildə bu məktəb rəhbərlərinin hamısını dəyişə bilmərik. Çünki bu, digər bir məsələni - sosial narazılıqları ortaya çıxara bilər. Əlbəttə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəticələri Təhsil Nazirliyinin nəticələri ilə bəzən üst-üstə düşmür və ziddiyət təşkil edir”.

Ekspertin sözlərinə görə, bəzi məktəblərdə hələ də oxuma və yazma bacarığına malik olmayan şagirdlər var.Həmin bu məktəblər isə uzun illər ərzində dövlət büdcəsindən maliyyələşən, dövlətin pulunu yeyən məktəblərdir: 

"Belə məktəblərdə son illər ərzində bir nəfər də olsun ali məktəbə qəbul olan şagirdlər yoxdu. Deməli, bu məktəblərdə hər hansı bir rəqabət mühiti yoxdur. Onlar sadəcə olaraq parta, müəllim və şagirdlərdən ibarət olan bir qurumdur. Halbuki dövlət büdcəsindən külli miqdarda vəsait ay ərzində bu müəssisələrə daxil edilir.

Rəqabətə davamlı kadr yetişdirmək üçün dövlətin standart meyarları var. Təəssüflər olsun ki, bu gün direktor ixtisasına uyğun gəlməyən şəxslər var ki, bu vəzifəni yerinə yetirirlər. Birincisi, təhsilləri uyğun gəlmir, hansısa dinşünaslıq ixtisasını bitirmiş şəxs direktorluq vəzifəsini yerinə yetirir. İlk növbədə belə direktorlar təhsil müəssisələrinə rəhbərlikdən uzaqlaşdırılmalıdır”.

K.Əsədov həmçinin bildirib ki, 2007-2015-ci illərdən ölkəmiz xaricdə təhsil üzrə dövlət proqramını həyata keçirir və bu illər ərzində 3500-dən çox şəxs dövlət büdcəsi hesabına oxumaq üçün xaricə göndərilib:

"Bu günə qədər onlara 75 milyondan çox vəsait ayrılıb. Belə şəxslər ölkəmizdə müəyyən təhsil müəssisələrinə rəhbərlik etməlidir ki, dövlətin onlardan gözlədiyi kadr ehtiyacını ödəsinlər. Rəqabətə davamlı, dünya və Avropa standartlarını bilən şəxslərdir. Gəlsinlər və təhsilimizi dünya standartları çərçivəsinə çatdırsınlar.

Təəssüflər olsun ki, bu gün bizim təhsildən olan gözləntilərimiz hələ də məlum deyil. Yeni mexanizm və yeni alətlərin tətbiqi ilə yoxlamanı həyata keçirmək olmur. Təsəvvür edin, 2008-ci ildən etibarən Azərbaycanda kurrikulum imtahanları tətbiq olundu. Burda artıq yaddaş məktəbindən təfəkkür məktəbinə qədəm qoyulub. Artıq biz orta məktəbdən faktyönümlü yox, nəticəyönümlü, şəxsiyyətyönümlü təhsil istəyirik. Amma bu gün məktəbimizin reytinqini, inkişafını qəbul nəticələri ilə ölçürük. Halbuki reytinqi daha qəbul nəticələri ilə deyil, məktəbin yetişdirdiyi şəxslərlə ölçməliyik. Yəni kurrikulum tələb edir ki, bu məktəb nə qədər şəhid yetişdirib, nə qədər əsgər yetişdirib, nə qədər layiqli vətəndaş yetişdirib? Amma biz belə bir statistika hələ də müəyyən eləmirik. Yalnız orta məktəbdən ali məktəbə qəbul olma ilə bağlı statistika müəyyən olunur. Hesab edirəm ki, məktəblərin özünün maliyyələşdirilməsi mexanizminin tətbiqi üçün ilk növbədə qeyd etdiyim nüanslar xüsusi olaraq nəzərə alınmalıdır”.

Yeganə Bayramova