Bişkekdəki təyyarə qəzası terror deyil

Çünki terror hadisələri adətən sərnişin təyyarələrində baş verir



Qırğızıstanda Bişkekin "Manas” hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400” təyyarəsinin "qara qutu”su aşkar edilərək qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil verilib. Qəzanın səbəblərinin araşdırılması isə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertlərinə həvalə olunub. 

Türkiyə təyyarəsinin qəzaya uğramasında terror ehtimalını dəyərləndirən analitik Arzu Nağıyev isə "Şərq”ə açıqlamasında baş verən təyyarə qəzasının terror aktı olmadığını deyib: 

"Düzdür, bu hadisənin birmənalı olaraq terror aktı olub-olmadığını dəqiq demək mümkün deyil. Amma mən terror ehtimalına bir o qədər də real baxmıram. Çünki terror hadisələri adətən sərnişin təyyarələrində baş verir. "Manas” hava limanında qəzaya uğrayan "Boeing 747” isə yük təyyarəsi olub”.

Təyyarəni idarə edən pilotların kifayət qədər peşəkar olduğunu vurğulayan A.Nağıyev daha sonra bunları deyib: 

"Qəzanın səbəbləri təyyarənin "qara qutu”su oxunduqdan sonra bəlli olacaq. Dünyada bu cür qəzalar zaman-zaman baş verir. Amma onu deyim ki, əgər terror aktı olsa, bu təyyarənin məhz yaşayış binasının üstünə düşməsini müəyyən etmək mümkün olmazdı. Düzdür, hansısa bir təxribatın olması tam şəkildə istisna deyil. İstənilən halda hər üç versiyanın üzərində dayanmaq lazımdır. Bu qəza pilotların səhvi, qeyri- sabit hava şəraiti və təxribat səbəbindən baş vermiş ola bilər. Hər halda bu məsələ araşdırılır və konkret səbəb araşdırmalar nəticəsində üzə çıxacaq. Mütəxəssis rəyləri isə bundan ibarətdir ki, Honq-Konqdan qalxan təyyarə gecə uçuşu edib. Gecə uçuşu zamanı da adətən ekipaj yorğun olur. Uçma və enmə proseslərində radarlardan istifadə etməyərək ikinci dövrə vuraraq, pəncərədən baxmaqla təyyarəni endirməyə çalışıb, amma buna müvəffəq ola bilməyib”.

Hadisənin təxribata bənzəmədiyini vurğulayan ekspertin sözlərinə görə, günahsız sakinlərin üzərinə təyyarəni salmaq terroristlərin dəsti-xəttinə bənzəmir: "Terrorçular adətən çoxsaylı insan tələfatına səbəb olurlar və törətdikləri faktın hay-küy salmasını istəyirlər. Terror aktı həyata keçiriləndən dərhal sonra da bu hadisəni törədən təşkilatlar öz varlıqlarını sübut etmək üçün mütləq bəyanat yayaraq törətdikləri cinayəti boyunlarına alırlar”.

Qeyd edək ki, srağagün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines” şirkətinə məxsus "Boeing 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 42 nəfərin həlak olduğu bildirilib.

Şəymən