“Biz Avropaya yeni bir standart, ənənə qazandıracağıq”

Şahin Diniyev: “Bir azərbaycanlı kimi buna yalnız sevinirəm. Ölkəmizin ilkə imza atması bizim üçün şərəfdir”





"Həm idmançı, həm də sıravi bir vətəndaş kimi deyə bilərəm ki, tarixə həmişə ilklər yazılır. Ona görə də ilk Avropa Oyunlarını böyük bir tarix hesab edirəm”. Bu sözləri "Şərq”ə futbol üzrə tanınmış məşqçi Şahin Diniyev deyib. Mütəxəssisin sözlərinə görə, sözügedən möhtəşəm idman yarışı Azərbaycanın hansı gücə malik olduğunu Avropa ölkələrinə sübut edəcək:

"Bu tədbir, növbəti Oyunlar üçün bir göstərici olacaq. Bundan sonra bütün ölkələr Avropa Oyunlarını ölkəmizdəki formatda təşkil edəcəklər. Bu o deməkdir ki, biz Avropaya yeni bir standart, ənənə qazandıracağıq. Yarış ərəfəsində canlı yayım olacaq. Azərbaycanı tanımayanlar belə ölkəmizin göstərdiyi şücaəti görəcəklər”.

Tanınmış məşqçinin qənaətincə, məlum tədbir ölkəmizin beynəlxalq imicini gücləndirəcək: "Bir azərbaycanlı kimi buna yalnız sevinirəm. Ölkəmizin ilkə imza atması bizim üçün bir şərəfdir”.

Ş.Diniyevin fikrincə, Oyunlar Azərbaycanda idmana axını daha da gücləndirəcək: "Uşaqlar yarışa baxıb, hərəsi bir çempiona oxşamaq istəyəcək. Ən başlıcası odur ki, gənclərimiz sağlam ruhda böyüyəcəklər”.

Ş.Diniyev hesab edir ki, qısa müddət ərzində oyunlara hazırlaşmaq Azərbaycanın tərəqqisindən xəbər verir: "Az bir vaxtda çoxsaylı idman qurğuları və arenalarının istifadəyə verilməsi asan məsələ deyil. Bu həm də ölkəmizin sürətli iqtisadi inkişafının təzahürüdür”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan dünyanın, eləcə də Avropanın ən etibarlı və prioritet ölkəsinə çevrilib: "Siyasətdə uğur qazanmaq yalnız diplomatiya ilə bağlı deyil. Bu işdə idman

sahəsinin də rolu böyükdür. Yəni siyasətə gəlmək üçün bir sıra vacib addımlar var. Diplomatiyamızın ən böyük nailiyyəti o olacaq ki, Azərbaycan dünyanın kürək söykəyəcəyi bir ölkəyə çevriləcək. Azərbaycanı dünyəvi dəyərlərə söykənən bir ölkə kimi tanıyacaqlar və bizimlə əməkdaşlıqda maraqlı olacaqlar”.

Mütəxəssis bəyan edib ki, adıçəkilən əlamətdar yarış Azərbaycanın tarixi və mədəni irsinin dünya ictimaiyyətinə çatdırılması yönündə də mühüm rol oynayacaq: "Azərbaycan öz dünyəviliyini sübut edəndən sonra digər məsələlər asanlıqla öz həllini tapacaq”.

Oyunların Avropanın digər inkişaf etmiş ölkələrinə deyil, Azərbaycana həvalə olunmasına gəlincə, müsahibimiz söyləyib ki, bu iş çox böyük məsuliyyət tələb edir: "Bu, Prezident cənab İlham Əliyevin ölkədə idmana və idmançılara göstərdiyi qayğının nəticəsidir. Məlumdur ki, bundan öncə ölkəmizdə idmanın müxtəlif növlərinə dair Dünya və Avropa Çempionatları təşkil edilib. Həmin çempionatlara dünya və Avropanın idman mütəxəssisləri qatılıblar və yarışların təşkilindən razılıq ifadə ediblər. Azərbaycanda idmana göstərilən diqqəti gözləri ilə görüblər. Bu baxımdan ilk Avropa Oyunlarını məhz Azərbaycana həvalə etdilər”.

Oyunlarla əlaqədar bəzi xarici və daxili qüvvələrin ölkəmizə qarşı başlatdığı qarayaxma kampaniyasına diqqət çəkən həmsöhbətimiz qeyd edib ki, hansısa bir insanın, qurum və ya ölkənin arxasınca danışırlarsa, deməli, onların səviyyəsinə çata bilmirlər. Bu səbəbdən də paxıllıq edirlər: "Həmişə uğurlu insan və ölkənin dalınca danışırlar. Bu isə o deməkdir ki, əgər sənin arxanca danışırlarsa, deməli, sən öndəsən, onlar isə arxadadırlar. Bu gün Azərbaycan irəlidədir. Bu, şərəfgətirici bir amildir”.

Ş.Diniyev düşünür ki, Oyunlar ölkəmizin turizm mərkəzinə çevrilməsinə gətirib çıxaracaq: "İçərişəhərə getsəniz, orada çoxsaylı qonaqlara rast gələcəksiniz. Hələ başqa yerləri demirəm. Mənim də əcnəbi dostlarım çoxdur. Onlar "Eurovision” mahnı müsabiqəsində gəlib, Azərbaycanı gördülər və çox müsbət fikirlərlə qayıtdılar. İndi də ölkəmizə minlərlə qonaq təşrif buyuracaq. Yarış zamanı onlar ölkəmizin turistik məkanlarını gözləri ilə görəcəklər və növbəti illərdə turizm guşəsi kimi Azərbaycanı seçəcəklər. Bu da ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxaracaq. Nəticədə əhalimizin sosial rifahı daha da yaxşılaşacaq”.

Sonda həmsöhbətimiz idmançılarımıza uğurlar arzulayıb: "Ən başlıcası odur ki, uğurla çıxış etsinlər. Onlara yalnız qələbə arzulayıram. Bununla belə zənn edirəm ki, idmançılarımız udsa da, uduzsa da, biz qalibik. I Avropa Oyunlarının Azərbaycanda baş tutması ən böyük qələbəmizdir”.

Ayyət Əhməd