“Bizim yazıçıların bir çıxış yolu var”

Harda yaxşı ədəbiyyat varsa, o, özü-özünü təbliğ edəcək. İstəyir milli və ya xarici olsun, məncə, zəif ədəbiyyat oxunmayacaq
Əsəd Cahangir: “Yaxşı əsərlər yazsınlar və əsərlərini oxutsunlar”

"Qanun” Nəşrlər Evinin iyun ayında ən çox satılan xarici və yerli kitablarının siyahısı təqdim edilib. Verilən siyahıda xarici ədəbiyyata üstünlük verən oxucular çoxluq təşkil edir.
Bəs oxucuların dünya ədəbiyyatına olan marağı nədən qaynaqlanır? Müəllifin xarici ölkəyə mənsub olması, əsərin məzmunu və ya bədii kompozisiyası - maraqlıdır, bunlardan hansı dünya ədəbiyyatına olan tələbatın çoxluğuna səbəbdir? Tanınmış tənqidçi Əsəd Cahangir bildirib ki, doğrudan da yerli ədəbiyyatla müqayisədə xarici ədəbiyyat daha çox üstünlük təşkil edir. 

Onun sözlərinə görə, oxucularımızı milli ədəbiyyata yönləndirmək üçün yalnız yaxşı əsərlər yazılmalıdır: 

"Mənə elə gəlir ki, burda bir az dəbdən gələn ünsürlər də var. Yəni, bu məsələ "hər şeyin xaricisi kimi ədəbiyyatın da xaricisi yaxşıdır” fikrindən doğur. Həm də burada ictimai fikirlə həqiqət üst-üstə düşür. Oxucuları "niyə öz ədəbiyyatımızı qoyub xarici ədəbiyyat oxuyursuz?” deyə qınamaq çətindir. İkinci bir tərəfdən isə seçim azadlığı var, hər kəs nəyi istəyirsə, onu da oxuya bilər”.

- Oxucuların xarici ədəbiyyata üstünlük verməsi yerli ədəbiyyatımıza qarşı biganəlik hesab oluna bilərmi?

- Milli təəssübkeşlik hissi burda rol oynaya bilməz. Yəni, "mən bu xalqın nümayəndəsiyəm, öz xalqımın pis ədəbiyyatını oxuyacam, çünki bu mənim xalqımın ədəbiyyatıdır” fikri bir az qəribə səslənərdi. Ona görə də, bizim yazıçıların bir yolu var - yaxşı əsərlər yazsınlar və əsərlərini oxutsunlar. Məsələn, mən Elçin Əfəndiyevin romanını və yaxud Həmid Herisçinin hekayələr kitabı, "Solaxay” romanını oxudum, bunlarla bağlı məqalələr yazdım. Həmçinin Aqşin Evrənin şeirlər kitabı çıxdı və məncə, ictimaiyyət tərəfindən çox yaxşı qarşılandı. Yəni harda yaxşı ədəbiyyat varsa, o, özü-özünü təbliğ edəcək. İstəyir milli və ya xarici olsun, məncə, zəif ədəbiyyat oxunmayacaq. Burda əsas meyar xaricilik və millilik meyarı deyil, bədii əsərin dəyəri, hansı istedadla yazılmasıdır. Ona görə də mən bu məsələdə oxuculardan çox yazıçılara demək istəyirəm ki, yaxşı əsərlər yazsınlar, bizim oxucuların aktual, bədii və ideya cəhətdən güclü, aydın, dərin məzmunlu əsərlərə ehtiyacı böyükdür.

- Necə düşünürsüz, başqa xalqların oxucuları da xarici ədəbiyyatlara maraq göstərirmi?

- Türkiyədə, Rusiyada olan ədəbi mühit barədə olan təsəvvürlərim daha yaxşıdır. Orada hansısa kitab çıxırsa, dərhal öz dillərinə tərcümə edirlər. Dünyada elə bir elmi, bədii, fəlsəfi əsər yoxdur ki, türk və rus dilinə çevrilməsin. Kitab çıxan ay öz dillərində çap olunur. Rus və türk oxucusunun dünya ölkəsində çıxan kitabla tez bir zamanda öz dilində tanış olmaq imkanı var. Əlbəttə ki, bu mənada dünya ölkələrində də başqa xalqların ədəbiyyatına maraq göstərilir. Bugünkü dünya kosmopolit, qlobal dünyadı. O qədər geniş kommunikasiya, sosial şəbəkə, internet və televiziya imkanları var. İnternet şəbəkəsi ilə biz xaricdə olan dostlarımızla üz-üzə danışa bilirik. Bu gün orta əsr deyil, artıq dünya vahid bir mənəvi, intellektual məcrada fırlanır. Ona görə də hər hansı bir ölkədə çap olan bədii ədəbiyyat nümunəsini bütün dünya oxuyur. Artıq milli oxucu anlayışından başqa ümumdünya oxucusu da var.

- Bu gün yerli ədəbiyyatımızda olan problemlər nədən ibarətdir?

- Azərbaycan ədəbiyyatı qarşısında duran ən ciddi problemlərdən biri əyalət çərçivələrini qıraraq dünya ədəbiyyatı meridianlarına qovuşmaq və dünya oxucusunu əldə etməkdir. Bizim ədəbiyyatın oxunmamasının, yazıçının öz kitabı hesabına yaşaya bilməməsinin bir səbəbi də onun lokal çərçivədə qalması, dünya oxucusu ilə kontaktın olmamasıdır. Məsələn, hər hansı bir dünyada tanınmış yazıçının kitabı çap olunur və satışdan gələn pul onun 10 il yaşamasına bəs edir. Bizdə isə 9 milyon əhalidir, 100 nəfər kitab alsa, sevinmək lazımdır. Amma 100 nəfərin aldığı kitabın pulu ilə yazıçı necə dolana bilər? Burda məsələnin təkcə mənəvi tərəfi deyil, maddi tərəfi də var. Bunlar bir-biri ilə sıx bağlıdır. Çünki yazıçının maddi təminatı olmalıdır ki, yaxşı əsərlər yaza bilsin. Oturub problemləri barədə düşünməsin. Bunun da bir yolu var - Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatına qovuşmalıdır. Dünya yazıçısı bizim oxucunu qazanıb, bizim yazıçı da dünya oxucusunu qazanmalıdır. Əslində xarici ədəbiyyatın oxunması prosesinə sevinirəm. Azərbaycan oxucusu dünya ədəbiyyatını oxuyur, bizim yazıçılar da görəcək ki, oxunan əsərlər hansı səviyyədədirsə, artıq o səviyyədə yazmağa məcbur olacaq. Oxucunun bu münasibəti yazıçını da irəliyə aparan təkamüledici bir rol oynaya bilər.

Yeganə Bayramova