Biznesmenin qətli müəmmalıdır

İlqar Altay: “Üst-üstə yığılan gərginlik son nəticədə intihar və ya qətllə nəticələnə bilir”



Bakıda intihar edən iş adamının ölümü ilə bağlı müxtəlif ehtimallar var. İddialara görə, iş adamının biznesi son vaxtlar xeyli zəifləyibmiş. O, Təbriz küçəsində yeni mağaza açsa da, gözlədiyi gəliri əldə edə bilməyib. Bu səbəbdən də bir çoxları biznesmenin zərərə düşdüyünü və borca görə həyatına qəsd etdiyini düşünürlər. Mərhumun ailəsi və qohumları isə ictimaiyyətdə yer alan məlumatların əsassız olduğunu deyib.

Mərhumun dayısı İsgəndər Qasımov açıqlamasında sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib: "Bilalın Təbriz küçəsində mağazası olmayıb. Heç kimə borcu da yox idi. Sadəcə olaraq, gördüyü işin müqabilində qazandığı pullarla özünə normal iş qurmuşdu, perspektivi var idi. Bizim üçün də hadisənin hansı səbəbdən baş verdiyi müəmmalıdır. Prokurorluqda araşdırma aparılır. Araşdırmalardan sonra rəsmi məlumat veriləcək”.

Qardaşının verdiyi məlumatda isə onun ötən axşam evdə olduğu bildirilib: "O, pulunu, sənədlərini, telefonunu və avtomobilinin açarlarını qoyaraq, evi tərk edib. Bilal Aslanov mobil telefonunun yaddaşındakı bir neçə nömrəni kağıza köçürüb. Ailə üzvləri deyib ki, axşam saatlarında iş adamının kiminləsə görüşü olub və kağıza köçürdüyü nömrələr də bu görüşlə bağlı imiş.

Ailəsi iki övlad atası olan iş adamının kiminlə görüşdüyündən məlumatsızdır. Bilal Aslanov axşam saatlarında mağazaya gəlib. O, mağazadan zirzəminin açarını götürüb və zirzəmiyə daxil olub. Səhər saatlarında işçilər iş adamının zirzəmidə asılmış meyitini aşkarlayıblar”.

Qeyd edək ki, intihar hadisəsi paytaxtın Nərimanov rayonu ərazisində, Atatürk prospektində yerləşən "Dortek” mağazasında baş verib. Mağazanın sahibi, 38 yaşlı Aslanov Bilal İsmayıl oğlu özünü asıb. Mağaza prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətlərinin aparılması məqsədilə möhürlənib. Faktla bağlı araşdırmalar davam edir. İş adamının yaxınlarının ümidi mağazanın qarşısındakı və içəridəki müşahidə kameralarınadır. Onlar istintaq hərəkətləri bitdikdən sonra görüntüləri əldə edəcəklərinə və Bilal Aslanovun mağazaya saat neçədə, kiminlə və ən əsası, hansı əhvalda gəldiyini öyrənəcəklərinə ümid edirlər.

Hadisəni şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, Bilal Aslanovun özünə qəsd etməsi onun biznes sahəsindəki uğursuzluqları ilə birbaşa əlaqəli ola bilər: "Dünyada mövcud olan ixtisasların hər hansı birinə sahib olmaq üçün həmin sahə üzrə təhsil almalı, yaxud da xüsusi kurslar keçməlisən. Amma biznes və siyasət istisna sahələrdir ki, onların qapısı hamının üzünə açıqdır. Bu sahənin bir nümayəndəsi olmaq çox asandır, oradan baş çıxarmaq isə bir o qədər çətin və keşməkeşlidir. Hər adam bu sahəyə üzüağ girib, üzüağ da çıxa bilmir. Sistemini, qaydalarını bilmədən hamı bizneslə məşğul olur. Əvvəllər əlində mayası olmayan adamların bu sahə ilə məşğul olması mümkün deyildi. Amma indi elə vəziyyət yaranıb ki, əl-ayağı tutan hər kəs bankdan 5-10 min manat kredit götürüb, obyekt açır, alver edir. Amma zaman keçdikcə, biznesin heç də kənardan göründüyü qədər də asan sahə olmadığını görürlər. Yavaş-yavaş problemlər, gərginliklər girdabında boğulmağa başlayırlar. Sahəyə bələd olmadıqları üçün bu çətinliklər qarşısında aciz qalan biznesmenlərin qayda-qanunsuz apardığı əməliyyatlar da nəticəsiz qalır. Bir çox hallarda isə əks-effekt verib, bu cür faciələrə, fəsadlara səbəb olur. İqtisadiyyatın normal olduğu vaxtlarda bu riskə gedən şəxslər qazanır, hətta bir çoxları öz bizneslərini genişləndirib, yaxşı gəlir də əldə edir. Amma böhran, devalvasiya dövrlərində bütün çatışmazlıqlar özünü büruzə verir və əhəmiyyətsiz sayılan bir çox problemlər qabarıq şəkildə üzə çıxır. Və bu proses uzandıqca üst-üstə yığılan gərginlik son nəticədə intihar və ya qətllə nəticələnə bilir”.

Şəymən