Bölgədə gərginlik artacaq

Trampın İranla bağlı qərarı böyük təhlükələr vəd edir




ABŞ prezidenti Donald Tramp İranla bağlanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunacağını bəyan edib. Trampın qərarı bölgədə vəziyyəti gərginləşdirib. ABŞ və İsrail tərəfindən İrana qarşı təzyiqlər artıb, hətta lokal toqquşmaların baş vermə ehtimalı da yaranıb. Məsələ ondadır ki, hələlik Trampın qərarına dəstək verənlər çox deyil. Fransa Prezidenti Makron öz ölkəsi ilə yanaşı, Almaniya və İngiltərənin bu qərardan məyusluq hissi keçirdiyini deyib.

Trampın İranla bağlı qərarına dəstək olan ölkələr isə sadəcə İsrail və Səudiyyə Ərəbistanı olub. İran tərəfi isə Avropa ilə nüvə anlaşmasını davam etdirəcəyini bildirib. Rəsmi Tehran ABŞ dövlət başçısını öhdəliyinə riayət etməyən ölkə adlandırıb. Analitiklər deyir ki, İran müasir və modern texnikaya yol axtarırdı. Amerikada bu imkanlar var idi. İndi İran bu imkanlardan yararlana bilməyəcək. Dollarla alış-veriş aparılması çətinləşəcək və İran daxilində müəyyən qədər sosial gərginliyə gətirib çıxaracaq. Görünür, ABŞ və İsrailin bir məqsədi də budur. Onlar bu yolla İrandaxili prosesləri bir qədər gərginləşdirmək istəyirlər. Ekspertlərin sözlərinə görə, Trampın qərarı bölgəyə yaxşı heç nə vəd etmir. Çünki İran nə Suriya, nə də İraqdır. Bu ölkədə təlatümlər arzulamaq ciddi fəsadlara gətirib çıxara bilər.

Səudiyyə Ərəbistanı Trampın İranla nüvə sazişindən çıxmasını dəstəkləyib

Səudiyyə Ərəbistanı Trampın nüvə sazişindən çıxmaq qərarını alqışlayıb. Ər-Riyad həmçinin İrana qarşı iqtisadi sanksiyaların bərpa olunmasını da dəstəkləyib: "İran sanksiyaların dayandırılmasını regionda sabitliyin pozulmasına yönələn fəaliyyətinin davam etdirilməsi üçün istifadə edib. Buraya, ilk növbədə, ballistik raketlərin inkişafı, regionda terror qruplaşmalarının və Bəşər Əsəd rejiminin dəstəklənməsi aiddir”.

"ABŞ-ın İran düşmənçiliyinin əsl səbəbi budur”

İranın ali rəhbəri Əli Xameneyi Trampı yalançı adlandırıb. O deyib ki, ABŞ Prezidenti çıxışında 10-dan çox yalan deyib: "Tramp həm dünya nizamını, həm də İran millətini təhdid etdi. Mən İran milləti tərəfindən onun qələt etdiyini deyirəm.
Nüvə məsələsinin bir bəhanə olduğunu gördünüz. Bu məsələ ilk dəfə başlayanda bəzi dostlar "nüvə məsələsi üzərində niyə bu qədər dayanırsınız” deyirdilər. Amma indi bu düşüncənin nə qədər yanlış olduğunu görürsünüz. ABŞ-ın İranla problemi daha böyükdür, nüvə enerjisi sadəcə bəhanədir. Biz anlaşmanı qəbul etsək də, onların bizə qarşı düşmənçiliyi bitmədi. Amerikanın bizə qarşı olmasının səbəbi bizim onların İrandakı varlığına son qoymağımızdır”.

Tramp İran qərarını üç milyarderə görə verib

ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması qərarına üç amerikalı milyarder təsir edib. Bu iddia ilə amerikalı jurnalist Klifton çıxış edib. Klifton Trampa təsir edən milyarderlərin Şeldon Adelson, Bernard Markus və Paul Sinqer olduğunu bildirib. Klifton Trampa dəstək verən milyarderlərin yəhudi lobbisi ilə sıx əlaqədə olduğunu deyib: "Markus və Adelson Yəhudi Koalisiyasının rəhbər şəxsləri sırasındadırlar. Hər iki şəxs Qüds məsələsində Trampa yatırdıqları investisiyaların qarşılığını rahatlıqla alıb”. Məlumat üçün deyək ki, hər üç milyarder 2016-cı il prezident seçkisində Donald Trampın əsas dəstəkçilərindən olublar. Üçü də İrana qarşı kəskin mövqeləri ilə seçilirlər.

"Son illərin ən ağır zərbəsini endirdik”

İranın tabeliyi altında olan qüvvələr Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endiriblər. İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yonatan Konrikus hücumu Qüds briqadasının təşkil etdiyini deyib. O, İsrail ərazisinə 20 raketin buraxıldığını və "Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib. Onun sözlərinə görə, Qüds briqadasına məşhur İran generalı Qasım Süleymani rəhbərlik edir. Hücumdan dərhal sonra İsrail Suriyada İranın onlarla hərbi obyektinə cavab zərbəsi endirib. Hücum nəticəsində İsrailə hücum üçün istifadə edilən avtomobil də məhv edilib.

İsrail İranı hədələdi: "Əgər bir də hücum olsa...”

Konrikus bildirib ki, İsrail özünün şimal sərhədlərində münaqişə yaratmaqda maraqlı deyil: "Biz yüksək döyüş hazırlığı vəziyyətində qalırıq və Suriyadakı iranlıların yerdəyişməsini izləyirik. Vəziyyətin gərginləşməsinə çalışmırıq. Amma İrandan növbəti hücum olsa, buna kəskin cavab verməyə hazırıq. Odur ki, biz İranı belə davranmamağa çağırırıq”.

Sanksiyalar İranın bu sahələrini iflic edəcək

Ekspertlərə görə, ABŞ-ın İrana tətbiq etdiyi ağır iqtisadi sanksiyalar istər-istəməz bu və ya digər formada İranın əməkdaşlıq etdiyi ölkələrə də öz təsirini göstərəcək. İqtisadçılar İran iqtisadiyyatının Amerikanın yeni embarqoları qarşısında çox dayanıqlı olduğunu düşünmürlər. Onların fikrincə, İranla bağlı 2015-ci ildə təxirə salınan sanksiyalar bərpa olunarsa, ölkədə vəziyyət çox çətin olacaq. İranda mülki aviasiyada istifadə olunan təyyarələrin orta yaşı 25 ildən çoxdur. Sanksiyalar yeni texniki vasitələrin alınmasına imkan vermir. Digər tərəfdən, dərman sənayesi üçün lazım olan xammal xaricdən alınır. Bu sahədə də problemlər yarana bilər. Maliyyə sanksiyaları yenidən ölkənin izolyasiyası ilə nəticələnərsə, bunun çox ağır nəticələri olar.

"İran istəsə ABŞ-ı vura biləcək uzaqmənzilli raketlər istehsal edər”

Politoloq Şahin Cəfərli deyib ki, 2015-ci ildə İranın nüvə proqramı üzrə imzalanmış hərtərəfli fəaliyyət planı Tehran diplomatiyasının parlaq qələbəsidir. Onun sözlərinə görə, Obama ilə Kerri ABŞ siyasi tarixinin bəlkə də ən pasifist cütlüyüdür və belə bir sənədə ABŞ tərəfindən ancaq liberal siyasilərin dövründə imza atıla bilərdi: "ABŞ və İsrailin maraqları baxımından yanaşdıqda, anlaşmanın qənaətbəxş olmadığını anlamaq çətin deyil. Müqavilə İranın nüvə proqramının ləğvini nəzərdə tutmur. Nüvə razılaşmasının müddəti 10 illikdir və bu müddətdə nüvə proqramının yalnız dondurulmasından söhbət gedir. Heç kim bilmir ki, 10 il sonra nə olacaq. Həmin vaxta qədər hərbi qüdrətini daha da artıracaq İran 2025-ci ildə niyə güzəştə getsin ki? Müqavilədə İranın raket proqramı ilə bağlı hər hansı müddəa, qadağa da yoxdur. İran heç bir əngəl olmadan İsraili xəritədən silmək gücünə malik, eyni zamanda, nüvə başlığı daşıya bilən ballistik raketlər hazırlaya bilər. Hətta istəsə, ABŞ-ı vura biləcək uzaqmənzilli raketlər də istehsal edər. Buna da bir maneə yoxdur. İran nüvə proqramını təxirə salmağın müqabilində öz iqtisadiyyatını inkişaf etdirmək imkanı qazandı, neft ixracına yenidən başladı, Qərbdə dondurulmuş pullarını geri aldı. Beləliklə, Yaxın Şərqdə öz nüfuzunu genişləndirmək üçün əlavə resurslar əldə edərək bu məqsəd üçün milyardlarla dollar pul xərclədi. Sözsüz ki, qərar bölgədə gərginliyi daha da artıracaq. Təsadüfi deyil ki, İsrail Trampın çıxışından dərhal sonra Suriyaya növbəti raket zərbələri endirdi. Artıq aydındır ki, bölgədə sülh başqa bahara qaldı. İranın nüvə proqramı ilə bağlı problemin hərbi yolla həlli ehtimalı getdikcə artacaq”. Ş.Cəfərli bildirib ki, İran ağıllı addım ataraq ABŞ-ın müttəfiqi Avropa Birliyi, eləcə də Çin və Rusiya ilə əlaqəli şəkildə siyasət yeritməyə qərar verdi”.

İsmayıl