Bölgədə qəbul etdiyimiz sadəcə Qarabağın erməni icmasıdır

Azərbaycan icmasının bəyanatı gələcəkdə danışıqlar prosesinə bir hazırlıq kimi dəyərləndirilə bilər



Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması yeni sədri seçdikdən sonra ilk bəyanatını yayıb. İcmanın bəyanatında vurğulanıb ki, Ermənistan işğala əsaslanan status-kvonu saxlamaqla Azərbaycanın zəbt edilmiş ərazilərini, o cümlədən Dağlıq Qarabağı ilhaq siyasəti yürüdür və qəsdən bu əməllərinə xalqların öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışır: "Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının hətta mövcudluğunu da inkar etməyə cəhd göstərir. İşğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv edir və qeyri-qanuni məskunlaşdırmanı davam etdirir. 

Beynəlxalq hüququn ali prinsiplərindən olan xalqların öz müqəddəratını təyinetmə hüququ digərlərinin hüquqlarının pozulmasını, zorakılıq əməllərinin törədilməsini heç bir halda qəbul etmir. Fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır”. 

Bəyanata görə, ATƏT-in sənədlərinə uyğun olaraq, problemin həllində Ermənistan və Azərbaycan münaqişə tərəfləri olduqları halda, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflər kimi müəyyən olunub: 

"Bölgənin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır. İcmaların birgə yaşayışı şəraitində dayanıqlı regional sabitlik və təhlükəsizlik təmin oluna bilər. Bu istiqamətdə mühüm addımlardan biri kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməlidir. Bölgənin azərbaycanlı icması konstruktiv dialoqa hazırdır”.

İcmanın bəyanatını "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, çağırışın məqsədi Dağlıq Qarabağ problemində iki icmanın varlığına diqqət çəkən mühüm davranışdır: 

"Bununla bir daha bəyan edilir ki, ermənilərin işğal etdikləri Dağlıq Qarabağda hansısa "siyasi” rejimdən, "müstəqil dövlət”dən söhbət belə gedə bilməz. Bölgədə qəbul etdiyimiz sadəcə Qarabağın erməni icmasıdır. Bəyanat gələcəkdə danışıqlar prosesinə bir hazırlıq kimi dəyərləndirilə bilər. Görünür, Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinin həlledici məqamında Qarabağın azərbaycanlı və erməni icmalarının bilavasitə prosesdə iştirakı nəzərdə tutulur. Bayram Səfərovun dəyişdirilməsinə bu baxımdan ehtiyac yarandı. Sonrakı proseslərdə siyasi təfəkkürü daha yüksək olan, diplomatik protokolları dərindən bilən peşəkar kadrlara ehtiyac var. Məncə, İcmadakı dəyişikliyi bu kontekstdə dəyərləndirmək lazımdır”.

İsmayıl