Bölgənin ən güclü oyunçusu Rusiyadır

Putindən sonra Şoyqunun Bakıya səfəri Qarabağ probleminin çözümünə ciddi işarədir



Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana iki günlük işgüzar səfəri başa çatıb. Səfər çərçivəsində Şoyqu əvvəlcə Prezident İlham Əliyev, sonra isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. Görüşlərdə hərbi əməkdaşlıq, silah ticarəti və Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Rusiyalı nazir Putinin Bakı səfərinin və səfər zamanı keçirilən görüşlərin, ikitərəfli münasibətlərin, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da genişlənməsi baxımından önəmini vurğulayıb.

Şoyqu Bakıdan sonra İrəvana gedib və erməni həmkarı Ohanyanla görüşüb. Ümumiyyətlə, son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı Rusiya-Azərbaycan arasında çoxsaylı görüşlər baş tutub. Bir neçə gün öncə Rusiya Prezidenti Putin Bakıda səfərdə olarkən Dağlıq Qarabağ məsələsi barədə danışıqlar aparıb. Putinlə Ərdoğanın görüşü zamanı da münaqişənin həlli məsələsi gündəmə gəlib. Putindən sonra Şoyqunun Bakıya səfər etməsi və Dağlıq Qarabağla bağlı danışıqlar aparması münaqişənin həlli ilə bağlı müəyyən fikirlərin yaranmasna səbəb olub. Ekspertlərə görə, rusiyalı nazirin Bakı səfərində tək silah məsələləri deyil, Qarabağ mövzusu da geniş müzakirə olunub. Onların fikrincə, Türkiyə ilə münasibətlərin istiləşməsi Qarabağ probleminə də təsirsiz ötüşməyəcək. Kremlin bu məsələdən umduğu dividendlər isə təxminən belədir: - ərazilərin azad olunması qarşılığında bölgəyə rus sülhməramlıların yerləşdirilməsi və Azərbaycanı Avrasiya layihələrinə qoşmaq.

Politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında deyib ki, Rusiya ilə hərbi əməkdaşlıq müsbət amildir: "Əvvəlcə prezidentlərin, sonra müdafiə nazirlərinin bir araya gəlməsi ikitərəfli əlaqələrin inkişafına və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müəyyən təsir göstərəcək. Şoyqunun Bakı səfəri Azərbaycanla Rusiya arasında konkret hərbi əməkdaşlığın göstəricisidir. Bunun kökündə Rusiyanın Azərbaycana silah satması, hərbi yardım etməsi və birgə təlimlərin keçirilməsi kimi mühüm məsələlər dayanır. Etiraf etmək lazımdır ki, bölgənin ən güclü oyunçusu Rusiyadır”. Analitikin sözlərinə görə, ölkələrimiz arasında əlaqələrin sıxlaşması Ermənistanı qıcıqlandırır: "Şoyqunun Bakıya səfər etməsi düşmən tərəfi məyus edib. Nəzərə almaq lazımdır ki, Rusiyanın müdafiə naziri Ermənistana ikitərəfli görüş üçün getməyib. Şoyqu İrəvana KTMT-nin toplantısına qatılmaq üçün yollanıb. Amma onun Azərbaycana gəlişi formal xarakter daşımırdı. Nazirin səfəri birbaşa ikitərəfli görüş və bəzi anlaşmalar üzərində qurulmuşdu. Müşahidə olunan mənzərə odur ki, Rusiya indiki mərhələdə münaqişənin həll olunmasında maraqlıdır. Çünki Azərbaycan regionda çox maraqlı bir oyunçuya çevrilir”. Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Şoyqunun Bakı səfəri Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Ancaq ekspert səfərin əhəmiyyətsiz olduğunu düşünür: "Rusiya aktivlik göstərir, imitasiya yaradır ki, guya, Dağlıq Qarabağ məsələsinin həllində maraqlıdır. Ermənistan bu dəfə də Rusiyanı pis vəziyyətdə qoyacaq. Aprel hadisələrindən xeyli zaman keçməsinə baxmayaraq, problemin həllində irəliləyiş yoxdur. Putin Bakıya gəldi, Moskvaya gedəndən sonra isə Sarkisyanı dəvət edib müəyyən təlimatlar verdi. Sarkisyan o qədər də axmaq biri deyil. O bilir ki, bu gün torpaqları Azərbaycana qaytarsa, günü sabah Ermənistanda onu məhv edəcəklər. Sergey Şoyqunun Bakıdan sonra Ermənistana getməsində də məqsəd görüntü yaratmaqdır ki, guya, Rusiya münaqişəni həll etmək istəyir, ancaq ermənilər buna razılıq vermir. Rusiya bu yükün altına girdiyinə görə, çalışır ki, 5-7 rayonun qaytarılmasına nail olsun və imicini yüksəltsin”.

İsmayıl