“Borçalı türkləri cərimələrdən xilas olunmalıdır”

“Ya keçid məntəqəsində də “ASAN xidmət” qurulmalıdır, ya da sərhəd- keçid xidmətinin özü asanlaşmalıdır”



Milli Məclisin növbəti iclasında millət vəkili Əflatun Amaşov maraqlı təkliflə çıxış edib. Parlamentari qeyd edib ki, sərhəddə Miqrasiya Xidmətinin müvafiq strukturu fəaliyyət göstərməlidir: "Azərbaycana gələn əcnəbilər on gün müddətində ya "ASAN xidmət” mərkəzlərində, ya da Miqrasiya Xidmətinin yerli şöbələrində qeydiyyata düşməlidirlər. Bəziləri qeydiyyata düşür, bəziləri düşə bilmir, vaxtı çatmır.

Bəzən yaşlı adamlar olur, məsələyə həssas yanaşa bilmirlər. Nəticədə onlar cərimələrlə üzləşirlər, Azərbaycana gəlmək hüququndan məhrum olunurlar. Buna görə də düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır. Dünyanın bir çox ölkələrində qeydiyyat işi sərhəd məntəqələrində aparılır. Təklif edirəm ki, Azərbaycanda da belə bir prosedur tətbiq edilsin. Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Beləliklə, qeydiyyat üçün əlavə çətinliklər aradan qalxsın. Mən əsasən Gürcüstanın timsalında məsələyə diqqət yetirdim. Oradakı soydaşlarımızın mənafeyi baxımından öz fikrimi bildirdim. Amma Gürcüstandan Azərbaycana təkcə azərbaycanlılar keçmir. Gürcülər və qeyri-millətlər də ölkəmizə gəlirlər. Ümumən başqa ölkələrdən də Azərbaycana gələnlər az deyil. Sərhəddə qeydiyyata düşmək onlar üçün də, elə bu dəyişiklikdə nəzərdə tutulan insanlar üçün də əlverişli olar”.

Millət vəkilinin təklifini dəyərləndirən "Borçalı” Cəmiyyəti sədri Zəlimxan Məmmədli "Şərq”ə bildirib ki, bu soydaşlarımızı narahat edən məsələdir: "Bəlkə də minlərlə soydaşımız bəzi asan olmayan xidmətin günahı ucbatından cərimələr ödəməli olurlar. "ASAN xidmət” idarələrinin yaradılması mütərəqqi addımdır. Dövlət idarələrində iş o qədər çətindir ki, vətəndaşlar rahat şəkildə istədiklərinə nail ola bilmirlər. Ona görə də, bizdə də sərhəd-keçid sistemi asanlaşmalıdır. Ya keçid məntəqəsində də "ASAN xidmət” qurulmalıdır, ya da sərhəd-keçid xidmətinin özü asanlaşmalıdır, sadələşməlidir. Keçid məntəqəsində həmin xidməti tətbiq etməklə, insanlarımızı cərimələrdən xilas etmək və dövlət ərazisinə daxil olan miqrantların sayı barədə çevik məlumat vermək olar”.

Təşkilat sədrinin qənaətincə, Borçalı türkləri üçün soydaş statusunun tanınması çox önəmlidir: "Etnik Azərbaycan türkləridir. Milliyəti bəllidir. Azərbaycan milli dövlət olaraq hüquqi zəmində onlara himayədarlıq edə bilər. Soydaşlarımızın bir əcnəbidən fərqli olaraq milli dövlətə gəlişində nisbətən yüngül prosedurlar tətbiq olunmalıdır. Uzun müddət Azərbaycanda qala bilərlər. Yatırım edə və mülk ala bilərlər. Borçalı türklərinə siyasi hüquqdan başqa digər hüquqların əksəriyyətini vermək milli maraqlarımıza uyğundur. Buna kompleks yanaşmaq lazımdır”.

Z.Məmmədli Prezident İlham Əliyevin Gürcüstan səfərinə də toxunub: "Dövlət başçısı bu ölkəyə səfəri ərəfəsində soydaşlarımızla bağlı çox pozitiv bəyanatlar verdi. Onların problemlərini dilə gətirdi. Çox ümidləndik. Prezidentin toxunduğu məsələlər sərhəd-keçid məntəqələrindəki prosedurların sadələşdirilməsi, kənd təsərrüfatı məhsullarının maneəsiz Azərbaycana gətirilməsi, əməkçi miqrantların vəziyyətlərinin sadələşdirilməsi və onların depozitlərinin ləğv olunması ilə əlaqədar idi. Bu cür təkliflər mütərəqqidir. Azərbaycan bazarları soydaşlarımızın üzünə bağlı olduğu üçün onlar Rusiya, Belarusiya, Ukrayna və Türkiyəyə miqrasiya edirlər. Bu da, dolayı formada milli maraqlarımızı təhdid edir. Ona görə ki, demoqrafik vəziyyət ürəkaçan olmur.

Perspektivə baxsaq, gedən insanların çoxu gedib, ilişib orda qalırlar. Bir sözlə, soydaşlarımız haqqında qanunun qəbul olunması, onların Azərbaycana girişində sadələşdirilmiş miqrasiya prosedurlarının tətbiq olunması, kənd təsərrüfatı məhsullarının Azərbaycana maneəsiz və gömrük rüsumlarından azad olunmuş formada girişinə şəraitin yaradılması çox vacibdir. Bu işlər görülərsə, Azərbaycan dövlətinin soydaşlarımıza yönəlik siyasətində ciddi inqilabi dəyişiklik ola bilər”.

Ayyət Əhməd