Borçalının qubernatorunun istefasına birmənalı münasibət yoxdur

Əlibala Əsgərov: “Təyinatdan sonra bölgədə gərginliyin yaranacağını ehtimal etmirəm”
Zəlimxan Məmmədli: “Siyasi hakimiyyətin qərarlarında yanlışlıqlar var”


Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili istefaya gedib. Xizanaşvili istefa ərizəsini öz istəyi ilə yazıb. Buna səbəb ona başqa vəzifənin həvalə olunmasıdır. Lakin hələlik məhz hansı vəzifənin eks-qubernatora verildiyi bildirilmir. Xizanaşvili 2014-cü ildən Kvemo-Kartlinin qubernatorudur.

Xatırladaq ki, vilayət əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edir. Soydaşlarımız əsasən Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarında üstünlük təşkil edirlər. İstefa xəbəri yayılan qubernatorun əvəzlənməsinin azərbaycanlılara müsbət və ya mənfi hansı formada təsir edəcəyini isə zaman göstərəcək. 

Gürcüstanda yaşayan soydaşımız, Qeyrət Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov "Şərq”ə açıqlamasında xəbəri təsdiqləsə də, qubernatorun hələlik iş başında olduğunu deyib: 

"Hələlik onun yerinə başqa namizəd məsələsi müzakirə olunmur. Qubernator vəzifəsi Prezidentin təyinatı əsasında həyata keçirilir. Bu orqan seçkili deyil. Paata cənablarına gəldikdə isə, o, Kvemo-Kartli doğumlu biri kimi bölgəni yaxşı tanıyırdı. Yerinə gələcək şəxsin bölgə ilə tanış olması üçün xeyli zaman lazım olacaq. Təyinatdan sonra bölgədə gərginliyin yaranacağını ehtimal etmirəm. Hər halda o qədər asan da olmayacaq. Çünki regionumuz spesifik bölgədir, torpaq və kənd təsərrüfatı sahəsidir, burada əmək məşğuliyyəti üstünlük təşkil edir. Amma bazar və məhsullarımızın satışı məsələsi hər zaman problem yaradır. İstərdik ki, bölgənin yeni rəhbəri kənd təsərrüfatı məhsullarının emalı və saxlanması üçün müəssisələr, kiçik ölçülü konservləşdirmə sexlərinin yaradılmasına kömək etsin”.

Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli isə "Şərq”ə bildirib ki, qubernatorun soydaşlarımızla qurduğu təmaslar fonunda onun haqqında ümumi pozitiv rəy formalaşmışdı. Amma Elat bayramının əngəllənməsi ilə pozitiv düşüncələr bir qədər dəyişdi: 

"Baxmayaraq ki, qubernator son dövrlərə qədər mədəniyyətlərin inkişafında maraqlı olduğunu, bizi dəstəklədiyini dilə gətirirdi. Ancaq daha sonra bəlli oldu ki, onun proseslərə təsir gücü çox zəifdir”. Z.Məmmədlinin sözlərinə görə, etnik və milli azlıqlarla bağlı siyasi hakimiyyətin öz kursu olur: "Qubernatorlar icra nümayəndələridir, onlar rəhbərliyin əmrlərini yerinə yetirirlər. Siyasi hakimiyyət hansı düşüncədədirsə, yeni qubernator ona uyğun hərəkət edir. Ola bilər, fərdi qaydada şəxsiyyətin öz müsbət xüsusiyyətləri olsun. Amma bütün hallarda tezislər yuxarıdan verilir. Verilən qərarları icra etmək isə qubernatorların vəzifə borcudur. Konkret olaraq siyasi hakimiyyətin qərarlarında yanlışlıqlar var və onların düzəldilməsi vacibdir. Avropaya inteqrasiya edən Gürcüstan milli azlıqlarla bağlı utanc gətirən addımlardan çəkinməlidir. Gürcüstan sosial və liberal yönümlü islahatlara üstünlük verməlidir. Təəssüflər olsun ki, milli azlıqlara münasibətdə bəzi öhdəliklərə riayət edilmir. Konkret olaraq Ahıska türklərinin geri qaytarılması prosesi bu vaxta qədər ləngiyir. Əlbəttə, biz Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətt üzrə getməsində maraqlıyıq. Ümid edirik, yeni qubernator inqilabi dəyişikliklər edərək hamımızı təəccübləndirəcək”.

İsmayıl