“Boş bəyanatlarla heç nə həll olmur”

Sarkisyanın məqsədi erməni auditoriyasını arxayın etməkdir


Ermənistanın müdafiə naziri Vigen Sarkisyan ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə sərsəm və uydurma fikirlər səsləndirib. Düşmən rəsmisinin hədyanlarına dərhal cavab verilib.

Müdafiə Nazirliyimiz Sarkisyanın gülünc sözlərini acı istehza ilə qarşılayıb. Qurumdan bildirilib ki, erməni nazirin real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil: 

"Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan verir. Azərbaycan əsgəri və Ordumuzun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsaydı, Sarkisyan daha səmimi görünərdi”.

Hərbi ekspertlər də bu tipli açıqlamaların əhəmiyyətsiz olduğunu deyiblər. Onların sözlərinə görə, Azərbaycan bu müddət ərzində kifayət qədər silahlar alıb, ordumuz öz gücünü artırıb. Bu barədə "Şərq”ə danışan hərbi ekspert Azad İsazadə deyib ki, Vigen Sarkisyanın sərsəm açıqlamaları ilk növbədə daxili cəmiyyətə hesablanıb. Amma onun sözləri erməni cəmiyyəti ilə paralel Azərbaycan ictimaiyyətinə də ünvanlanıb:

"Məqsəd erməni auditoriyasını arxayın etmək, Azərbaycan tərəfini isə qorxutmaqdır. Əslinə qalsa hamı Ermənistanın da, Azərbaycanın da hərbi gücünü, qüdrətini çox yaxşı bilir. Milli Ordumuzun potensialı, silah arsenalı, manevr gücü çox yüksəkdir. Düşmən tərəf isə dəfələrlə bizə məğlub olaraq sıfır səviyyəsində olduğunu görüb. Boş bəyanatlarla heç nə həll olmur. Real iş görə bilməyənlər mənasız hədələrə üz tuturlar. Mən erməni tərəfinin bəyanatını ciddi qəbul etmirəm. Düşmən ölkənin hakimiyyəti çalışır ki, erməniləri bir qədər sakitləşdirsin və onların Ermənistanı tərk etməsinin qarşısını alsın. Həm də beynəlxalq aləmə mesaj verirlər ki, əgər müharibə olarsa, Qərb dövlətləri Azərbaycan tərəfinin əl-qolunu bağlasınlar, düşməni birdəfəlik məhv etməyə şərait yaratmasınlar. Fikrimcə, düşmənin mesajı hərbi yox, siyasi mahiyyət daşıyır”.

İsmayıl