“Boşanmaların artması bəzi gəncləri təşvişə salır" - Evlənməkdən qorxurlar

Əhməd Qəşəmoğlu: “Təəssüf ki, istər mənəvi, istərsə də sosial, iqtisadi və psixoloji problemlər elə bir şərait yaradıb ki, insanlar həyata tam hazırlaşa bilmir""Əvvəllər, Azərbaycan ailələrində bir qız oğlanın valideynləri ilə yaşaya bilirdi. İndi isə bu tendensiya zəifləyib"
Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb. 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur. Həmçinin Azərbaycanda qadınlar arasında ötən il qeydə alınan orta nikah yaşı son 27 il üçün ən yüksək olan göstəriciyə yaxınlaşıb. 2017-ci ildə evlənən kişilərin orta yaşı 28,8 olub.
Mütəxəssislər isə bu tendensiyanı xoşagəlməz hesab edir. Onların fikrincə, ölkədə evlənənlərin sayının azalması tendensiya halını alarsa və uzun müddətli, davamlı prosesə çevrilərsə, onda bunun ölkədə demoqrafiyaya, əhalinin sayına və artımına mənfi təsiri ola bilər. Ona görə də bu sahə dövlətin ciddi nəzarəti altında olmalıdır.
Qeyd edək ki, ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub.
Bəs, evlənənlərin sayının azalmasına səbəb nədir?
Sosioloq, professor Əhməd Qəşəmoğlunun fikrincə evlənənlərin sayının azalması, oğlanların evlilik yaşının artmasında sosial- maddi problemlərlə yanaşı mənəvi çatışmazlıqlar da əsas rol oynayır:
"Adətən insanlar özlərini cəmiyyətə, həyata hazır hiss edən zaman ailə həyatı qururlar. Təəssüf ki, son illər cəmiyyətdə mövcud olan problemlər - istər mənəvi, istər sosial, iqtisadi, psixoloji - elə bir şərait yaradıb ki, insanlar həyata tam hazırlaşa bilmir. Mənzil şəraiti, iş yerləri ilə bağlı gənclərin çox ciddi problemləri var. Onlar kirayə mənzildə də qalmaq istəmirlər. 
Əvvəllər, Azərbaycan ailələrində bir qız oğlanın valideynləri ilə yaşaya bilirdi. İndi isə bu tendensiya zəifləyib. Üstəlik, cəmiyyətimizdə yaranan geyim yarışı, toy modelləri də həyatı çətinləşdirib. Qabaqlar bir ailəni saxlamaq asan idisə, indi ailəni maddi cəhətdən təmin etmək xeyli çətinləşib”.
Sosioloqun sözlərinə görə, iqtisadi problemlərdən əlavə gənclərin ailə modeli haqqında təsəvvürlərinin dəyişməsi də nikahların sayının azalmasına gətirib çıxarır:
"Boşanmaların artması gənclərin bir çoxunu təşvişə salır, evlilik məsuliyyətindən çəkindirir. Apardığımız müşahidələrə görə, qızlar evlənməkdən qorxur. Ailə zəminində gərginlik halları o qədər çoxalıb, ailə institutu o qədər zəifləyib ki, gənclərdə artıq ailəyə bağlılıq azalıb. ailə dəyərləri yarım əsr bundan əvvəl tamamilə fərqli idi. Azərbaycan ailəsində çox gözəl dəyərlər və ənənələr var idi. Biz bu dəyərləri təkmilləşdirmək əvəzinə mənfi keyfiyyətlər qazandıq. 
Bu sahədə ciddi şəkildə elmi əsaslarla düşünmək və proqramlar hazırlamaq lazımdır. Ailə dəyərlərimizi tam itirməmişkən müəyyən ənənələrimizi yenidən bərpa etməliyik. Düşünürəm ki, yalnız bu halda uğurlu nəticəyə vara bilərik.
Ailə məsələsini başlı- başına buraxmaq olmaz. Biz ailənin mahiyyətini, ailə nəyə lazımdır, üstünlüyü nədədir, bu barədə ictimai fikrimizdə, ictimai rəyimizdə lazımi şəkildə fikir formalaşdırmağa çalışmalıyıq. Çünki ailə cəmiyyətdə ahəng yaratmağa kömək edən mühüm vasitələrdən biridir. Ailə zəifləyən cəmiyyətdə gərginlik artacaq, günü-gündən problemlər çoxalacaq.
Ailə dəyərləri yüksək olan bir cəmiyyətdə mənəvi dəyərlər də yüksək olur. Mənəvi dəyərlər yüksək olanda da ahəng effekti yaranır. Əgər bu olmursa, insanlar arasında daha çox maddiyyat ön plana keçir. Maddiyyat önə keçəndə cəmiyyətdə günü-gündə kriminallıq da çoxalır, riyakarlar da artır".
Şəymən