Brüsseldəki bəyanat Qarabağın sahibini göstərdi

NATO-ya üzv dövlətlər suveren Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə tam hazırdırlar


Ötən gün Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu sammiti öz işinə başlayıb. Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Belçikaya gedib. Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər veriblər. Həmçinin, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. 29-cu sammitdə iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə Azərbaycanın müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənib: "Biz Cənubi Qafqazda münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq”.

Bəyannamə ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru Fikrət Sadıqov deyib ki, NATO sammitində dövlət başçısı İlham Əliyevin iştirakı bir daha göstərir ki, Azərbaycan NATO-nun lazımlı partnyorudur: 

"Bir sıra istiqamətlərdə Azərbaycanın hərbi alyansla sıx əməkdaşlığı var. Bu əməkdaşlıq müxtəlif treninqlər və təlimlər fonunda həyata keçirilir. Düzdür, NATO Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirak etmir və müəyyən məsafə saxlayır. Amma reallıq odur ki, NATO-nun bütün üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və bəyanatlar verirlər. 

Buna bənzər bəyannamələr dəfələrlə müxtəlif deklarasiyalarda öz əksini tapıb. Brüsseldə qəbul olunmuş son bəyanatda bir daha vurğulanıb ki, NATO-ya üzv dövlətlər suveren Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə tam hazırdırlar. Şübhəsiz ki, bu cür münasibətlər Azərbaycanın xeyrinədir. Qəbul olunmuş bəyanat da Azərbaycanın maraqlarına cavab verir”.

İsmayıl