“Azərbaycan dünya güclərinin münaqişənin həll olunması üçün bu məsələnin gündəlikdə daha irəli sıralara çıxarılmasına nail oldu”
“Bu dəfə Azərbaycanın mövqeyi dünyada daha ədalətli hesab edildi”
Bəxtiyar Hacıyev: “4 günlük müharibədə ordumuz unudulmuş münaqişəni yenidən müzakirəyə çıxardı”
“Azərbaycan dünya güclərinin münaqişənin həll olunması üçün bu məsələnin gündəlikdə daha irəli sıralara çıxarılmasına nail oldu”
“Azərbaycan dünya güclərinin münaqişənin həll olunması üçün bu məsələnin gündəlikdə daha irəli sıralara çıxarılmasına nail oldu”
Gənc fəal, "Müsbət Dəyişiklik” Gənclər Hərəkatının sədri Bəxtiyar Hacıyev "Şərq”ə danışıb. Onunla dörd günlük (1-5 aprel) müharibəsinin başlanması və bitməsi səbəbləri, yeni atəşkəs sazişinin önəmi, müharibə zamanı ölkəmizə göstərilən dəstək, savaşın nəticələri, İrəvanın danışıqlarla bağlı ölkəmizə qarşı hədələri, ABŞ və Rusiyanın münaqişədə rolu, münaqişəyə dair Ağ Evə təqdim edilən petisiyaların əhəmiyyəti və s. məsələlər ətrafında müzakirələr apardıq.
- Dörd günlük müharibəyə münasibətiniz necədi? Niyə başladı və niyə yarımçıq dayandı?
- Aprelin əvvəlində cəbhədəki gərginliyə münasibətimi dəfələrlə bildirmişəm. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün bütün yollardan istifadə etmək hüququ var, o cümlədən hərbi əməliyyatlardan. Başlamasının səbəbi təxribatçı ermənilərə və dünyaya bunu göstərmək idi. Dayanmasının səbəbi isə çox güman ki, Rusiyanın müdaxiləsi oldu.
- Aprelin 5-də imzalanan atəşkəs sazişini zəruri edən amil nə idi?
- Birmənalı şəkildə Rusiyanın müdaxiləsi. Rusiya hakimiyyəti həm dünyaya bu bölgədə söz sahibi olduğunu göstərmək, həm də öz sülhpərvər imicini qurmaq üçün aktiv şəkildə tərəflərlə danışıqlar apardı və atəşkəsin səbəbkarı kimi özünü təqdim etdi.
- Dünya ölkələrinin 4 günlük savaşa reaksiyası necə oldu?
- Əvvəlki gərginliklərdən fərqli olaraq, bu dəfə Azərbaycanın mövqeyi dünyada daha ədalətli qəbul edilirdi. Baxmayaraq ki, bütün dövlətlər atəşkəs çağırışı etdilər, əvvəlki gərginliklərdən fərqli olaraq bu dəfə Azərbaycan tərəfi hərbi əməliyyatlara görə qınanmadı.
- Müharibə müddətində digər ölkələrin Azərbaycana göstərdiyi dəstəyi qənaətbəxş saymaq olarmı?
- Azərbaycanla davamlı olaraq çox yaxşı ikitərəfli münasibətləri olan bir neçə ölkəni çıxmaq şərti ilə, Azərbaycana açıq dəstək ifadə olunmasa da, Azərbaycanın ərazi bütövlüyünə hörmətin ifadə olunması, Azərbaycan tərəfinin hərbi əməliyyatlarla bağlı qınanmaması və suçlanmaması müsbət idi.
- Bu qısamüddətli müharibədən sonra Rusiya fəallaşmağa başlayıb. Moskvanın bu "canfəşanlığını” nə ilə izah edərdiniz?
- Bayaq dediyim kimi, Rusiya Gürcüstan, Ukrayna və Suriyadakı uğursuz cəhdlərindən sonra yenidən bölgədə və dünyada söz sahibi, əsas oyunçu olduğunu göstərmək istəyirdi. Eyni zamanda diqqəti Ukraynada və Suriyada qərb ölkələri ilə, eyni zamanda Türkiyə ilə pozulan münasibətlərdən Azərbaycana çəkmək, öz sülhpərvər imicini qurmaq cəhdi idi.
- İddialar var ki, Rusiya digər həmsədr ölkələri - Amerika və Fransanı Dağlıq Qarabağ münaqişəsinə dair proseslərdən kənarlaşdırıb. Sizcə, bu, doğru yanaşmadırmı?
- ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində birgə fəaliyyət göstərirlər və bu, belə də davam edəcək. Sadəcə, Rusiya təşəbbüskarlıq edərək, təşəbbüsü ələ alaraq postsovet məkanındakı münaqişələrin onsuz və onun istəyindən kənar həlli olmadığını göstərməyə çalışır.
- Müharibədən sonra Ermənistan daxilində ciddi çaşqınlıq yarandı. Hətta Sarkisyan bir neçə generalı vəzifəsindən qovdu. Belə demək mümkündürmü ki, Azərbaycan ordusunun gücü düşməni çaşdırdı?
- Serj Sarkisyan Almaniya kansleri Angela Merkellə görüşdən sonra mətbuat üçün açıqlamalarında da etiraf etmişdi ki, Azərbaycan ordusunun silahları müasir silahlardır və Ermənistanın istifadə etdiyi silahlar köhnədir. Eyni zamanda hərbi əməliyyatlardan sonra İrəvanda keçirilən etiraz aksiyaları, Bakıda keçirilən dəstək və birlik yürüşləri göstərdi ki, psixoloji üstünlük də Azərbaycanın tərəfindədir.
- İrəvan gah danışıqlara getməyəcəyik, gah da "Dağlıq Qarabağı” tanıyacağıq deyib ölkəmizi təhdid edir. Bunlar nəyin əlamətidir?
- Təbii ki, bunlar da psixoloji gərginliyin əlamətidir. Əvvəllər Ermənistan tərəfi hərbi təhdidlər edirdilərsə, aprelin əvvəlindəki əməliyyatlardan sonra bu təhdidlərin yerini belə boş, mənasız və psixoloji gərginliyin açıq hiss edildiyi təhdidlər əvəzləyib. Bunlar sadəcə daxili auditoriyaya hesablanmış əsassız təhdidlərdir. İrəvan Rusiyanın təsir dairəsindədir və bu təhdidlər Rusiyanın razılığı olmasa, heç vaxt reallaşa bilməz.
- Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın haqq işinin dünyaya çatdırılması üçün petisiya yaradılıb imza toplandı. Ağ Evə təqdim olundu. Amma yetərli reaksiya gəlmədi. Bu petisiyaların əhəmiyyəti varmı?
- Bu petisiyaların məqsədi daha çox ABŞ vətəndaşlarının öz ölkələrinin problemlərini Ağ Ev Administrasiyasına çatdırmaqdır. Yəni, Ağ Evin rəsmi saytındakı petisiya imkanları daha çox ABŞ vətəndaşları üçün, ABŞ-ın öz problemləri ilə bağlı yaradılıb. Ona görə də reaksiya olmaması təəccüblü deyil. Reaksiya olsa da, əvvəl eşitdiklərimizdən fərqli bir reaksiya olmayacaq. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmətlə yanaşır. Nüvə Təhlükəsizliyi Sammiti zamanı ABŞ Dövlət Katibi də bunu təkrarladı.
- Münaqişənin həll açarı kimin əlindədir?
- Hələ ki, daha çox Rusiyanın. Qurbanları çox olacaq başqa bir ölkə də var ki, bu da Azərbaycandır. Ölkəmizin öz xarici siyasətini dəyişməsi, bu məsələdə Qərbin dəstəyini alması, riskli gediş olardı. Çünki Rusiya çevik, gözlənilməz addımlar atır, Qərb isə buna cavab verməkdə bir çox halda gecikir. Biz bunu Gürcüstanda 2008-ci ildə, daha sonra isə Ukraynadakı hadisələrdə çox aydın müşahidə etdik.
- Bu müharibə ilə Azərbaycan dünyaya hansı mesajı verdi?
- Azərbaycan status-kvo ilə barışmadığını, danışıqların sonsuza qədər davam edə bilməyəcəyini və bütün yollarla ərazi bütövlüyünü təmin etməyə hazır olduğunu dünyaya çatdırdı.
- İddialar var ki, artıq Azərbaycan danışıqlar masasında diktə edən tərəf olacaq. Necə dəyərləndirirsiz bu fikri?
- Mən də elə düşünürəm. Çünki "münaqişənin hərbi həll yolu yoxdur” deyənlərə, yaxud erməni tərəfinin hərbi hədələrinə cavab aprel ayında verildi. Bundan sonra Azərbaycan öz şərtlərini diktə etməlidir.
- Bu qısamüddətli savaş ölkəmizə nə verdi?
- Şəhidlərimiz çox oldu. Ancaq Azərbaycan həm işğal olunmuş bəzi ərazilərin azad edilməsi ilə, həm də hərbi hədələrə real cavab verməklə unudulduğu düşünülən münaqişəni yenidən müzakirəyə çıxardı və dünya güclərinin münaqişənin həll olunması üçün bu məsələnin gündəlikdə daha irəli sıralara çıxarılmasına nail oldu.
- Genişmiqyaslı müharibə başlaya bilərmi və bu, nə vaxta təsadüf edər, sizcə?
- Düşünürəm ki, erməni tərəfi nə qədər təxribatlar etsə də, ölkəmizdə keçiriləcək bəzi beynəlxalq tədbirlər, xüsusi ilə də "Formula-1” yarışına qədər genişmiqyaslı əməliyyatlar olmayacaq.
Ayyət Əhməd