Nizami Cəfərov: “Şeir və feil sözlərindən “i” hərfinin götürülməsinə ehtiyac yoxdur”
Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edilir. Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, həmin terminlər yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətinə daxil edilib:
"Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. Terminlər müxtəlif sahələr - informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir. Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir. Yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib”.
Millət vəkili, akademik Nizami Cəfərov isə mövzu ilə bağlı qeyd edib ki, Azərbaycan dilinə vaxtaşırı sözlər gəlir. Yəni ola bilsin ki, yeni sözlər ilk dəfə olaraq Azərbaycan dili lüğətlərinə daxil edilir: "Amma bu elə prosesdir ki, həmişə bütün dillərə, o cümlədən də Azərbaycan dilinə yeni sözlər daxil olur. Bu sözlərin bir neçəsi xarici dillərdən, məxsusi olaraq beynəlxalq dil olan ingilis dilindən, bir hissəsi də, yeni düzələn sözlər formasında gəlir. Bu, tamamilə normal bir prosesdir. Bu sözlər, o qədər çox deyil. Son zamanlar Azərbaycan dilinə daxil olan sözlərdən daha çox dilimizdəki sözlərin mənaları zənginləşir. Çoxmənalılıq yaranır. Eyni söz qalır. Amma onun leksik mənasında genişlənmə gedir. Üslubi və terminoloji formalarda bunlar qəbul olunur. İngilis dilindən gələn sözlərin mütləq əksəriyyəti də terminlərdir. Azərbaycanda müasir texnologiyalar inkişaf etdikcə, çoxlu terminlər də Azərbaycan dilinə daxil olur. Bunları iki yerə bölmək olar. Bir hissəsi kütləvi sözlərdir. Bu sözləri bütün kütlə işlədir. Müəyyən sözlər də var ki, onlar elm adamlarının, mütəxəssislərin ixtiyarındadır. Bunların hər biri özünə məxsus olan lüğətlərə daxil olmalıdır. Biri var ki, söz orfoqrafiya lüğətinə daxil olsun, biri də o sözlər terminoloji lüğətlərə daxil olur. Müxtəlif sahələrdə mütəxəssislər onlardan istifadə edir. Bir də indiki dövrümüzün reallığıdır ki, Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir. Ona görə də, terminologiya da bir sıra hallarda kütləviləşir. Bu sahədə bizim terminologiya komissiyamız çox yaxşı işləyir. Milli Elmlər Akademiyasının mütəxəssisləri çalışırlar. Sayalı Sadıqovanın rəhbərliyi ilə bu işlər qaydaya salınır. Lüğətlər nəşr olunur. Terminologiya məsələlərinə aid məqalələr, kitablar nəşr olunur ki, bunlar da normal şəkildə, akademik səviyyədə tənzimlənir”.
N.Cəfərov şeir və feil sözlərində "i” hərfinin düşməsi məsələsinə də diqqət çəkib: "Düşünürəm ki, "i”nin götürülməsinə ehtiyac yoxdur. Vaxtilə şeir, feil yazmışıq. Şer və fel şəklində yazılma dilimizin fonetik qaydalarına uyğun deyil. Ona görə də, şeir, feil şəklində nizamlanıb. Bu da müvafiqdir və belə davam etdirilməlidir”.
Ayyət Əhməd