Elşad Məmmədli: “Var, ötənlərdə biz bunun əyani şahidi olmuşuq”
Xanlar Xoca: “Bu gün media daha çox İP və pul qazanmaq yarışına çıxıb. Ona görə də həmrəylik çətin məsələdir”
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü- Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.
Bəs, Azərbaycan jurnalistləri Həmrəylik gününü necə qeyd edir? Ümumiyyətlə, həmkarlarımız arasında həmrəylik varmı? Varsa, bu özünü nə zaman göstərir, yoxdursa da səbəbləri nədir?”
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli "Şərq”ə açıqlamasında Azərbaycan jurnalistlərinin ən mütəşəkkil, biri-birinə dəstək olan, həmrəylik nümayiş etdirən zümrə olduğunu deyib:
"Bir jurnalistin hansısa problemi olanda, səhhətində problem yarananda, təzyiqlərlə üzləşəndə demək olar ki, bütün media orqanları və jurnalistlər eyni mövqedən çıxış edir və ona dəstək olurlar. Ötənlərdə biz bunun əyani şahidi olmuşuq. Əlbəttə ki, söhbət sağlam jurnalistika ilə məşğul olanlardan gedir. Fəaliyyəti anormal olan, media, jurnalist adına iddia edənlər təbii ki, bu sırada ola bilməz”.
Əvvəla, bütün dünya azərbaycanlılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edən "Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca arzu edir ki, planetin hər yerinə səpələnmiş azərbaycanlılar heç bir zaman doğma Vətəni unutmasınlar, xoş gündə də, dar gündə də Vətənin yanında olsunlar və tezliklə bütün dünya azərbaycanlıları Qarabağın işğaldan azad edilməsi xəbərini eşidib sevinsinlər:
"O ki qaldı jurnalistlərin həmrəy olmasına, bu hələlik mümkün deyil. Çünki maddi maraqlar bu gün cəmiyyətdə və onun bir parçası olan mediada hər şeyi arxa plana keçirib. Bu gün media daha çox İP və pul qazanmaq yarışına çıxıb. Ona görə də həmrəylik çətin məsələdir. Məsələn, medianın hesabına bataqlıqdan gəlib səhnəyə çıxan, öz aləmində ulduz olan hansısa müğənni bir həmkarımızı alçaldıb təhqir edəndə, digər həmkarlar ona dəstək olmaqdansa, gedib yanında poza verib şəkil çəkdirirlər, disk daşıyırlar. Yaxud da ondan həmkarlarını aşağılayan açıqlama alıb yaymaqda davam edirlər. Halbuki peşəsini sevənlər bu təhqiri şəxsinə və peşəsinə yönəlmiş təhqir kimi qəbul edib həmin müğənnini və ya digər tanınmışı boykot etməlidir ki, başqalarına da dərs olsun, keçmişi unutmasınlar. Görünür, bazar iqtisadiyyatı şəraitində jurnalistlər də artıq hər şeyə maddi maraqlar prinsipindən yanaşırlar, ona görə də bu həmrəylik baş tutmur”.
Şəymən