“Ağıl və insanlıqdan başqa digər bütün xüsusiyyətlər adamı yarı yolda qoya bilər”
"Bu gün yerimdə olmağı arzulayan və mənimlə yaşıd yüzlərlə, minlərlə qadın var"
Vüsalə Mahirqızı: "Əgər mən bütün bunlara sahibəmsə, həyatımdan narazı olmağım naşükürlük olar"
“Ağıl və insanlıqdan başqa digər bütün xüsusiyyətlər adamı yarı yolda qoya bilər”
“Ağıl və insanlıqdan başqa digər bütün xüsusiyyətlər adamı yarı yolda qoya bilər”
Dünən APA Holdinqin baş direktoru Vüsalə Mahirqızının doğum günü idi. "Şərq” qəzeti kollektivi adından xanım direktoru təbrik edərək qısa söhbətə çəkə bildik.
Ad gününü özəl gün olaraq qeyd etməyi sevmədiyini deyən Vüsalə xanım elə bizimlə söhbət zamanı da iş başında olduğunu bildirib:
- Hazırda kollektivlə birgə mətbəxdə naharımızı edirik. Bu gün doğum günüm olsa da, mənim üçün elə bir özəlliyi yoxdur. Hər günkü iş həyatım davam edir. Elə buradaca da balaca bir tort kəsib, yedik.
- Siz qeyd etməsəniz də, təbrik edənləriniz çox olar yəqin ki...
- Əlbəttə, çox şadam ki, ətrafımda məni sevən, hörmət edən bu qədər insan var. Ailə üzvlərim, iş yoldaşlarım, həmkarlarım, dostlarımın hamısı təbrik ediblər, gözəl sözlər, xoş arzular ünvanlamaqda da davam edirlər.
- Ad gününü təntənəli qeyd etməyi sevmirsiniz, yoxsa vaxt olmur...
- Yox, sevmirəm. Əslində heç vaxt ad günümü xüsusi bir gün kimi qeyd etməmişəm. Heç bundan sonrası üçün də düşünmürəm. Mənə elə gəlir ki, ad günləri uşaqlar üçündür. Balacalar üçün ad günü şənliyi düzənləməyi sevirəm, amma özüm üçün heç vaxt ad günü keçirməyin həvəsində olmamışam. Uzaq başı ailəmlə birlikdə yığışıb bir axşam yeməyi yeyər, deyib-gülərik. Ad günümdü deyə, hansısa şadlıq evində yer ayırtmaq, çal-çağır qurmaq mənlik deyil.
- Deyilənə görə, qadınlar ad günü keçirməyi ona görə sevmir ki, yaşlanmaqdan qorxurlar. Bəlkə sizdə də belə bir kompleks var?
- Qətiyyən kompleksli biri deyiləm. Sözün açığı, qocalmaqdan qorxmuram da. Bu gün 37 yaşım tamam olur. Hesab edirəm ki, öz yaşıma görə xeyli sayda uğurlarım olub. Ən azından elədiklərimin yaşıma adekvat olduğunu düşünürəm.
- Deməli, həyatınızdan narazılığınız yoxdur?
- Əsla. Mən özümü bir insan və qadın olaraq çox xoşbəxt hesab edirəm. Bir insan sevdiyi işlə məşğul olmaq, onu sevən insanların əhatəsində olmaq, öz halal haqqının bəhrəsini yeməkdən artıq nə istəyər ki. Sevdiyim işim, yaxşı ailəm, sağlam övladım var. Allah hər kəsə qismət eləsin! Bundan artıq nə istəyə bilərəm ki!? Elə ən böyük hədəfim bunlar idi. Çox şükür ki, onlara da nail olmuşam.
- Allah xoşbəxtliyinizi daimi eləsin! Amma razılaşarsınız ki, "mən xoşbəxtəm” demək hər qadına nəsib olmur. Sizin xoşbəxtliyinizin səbəbi bütün istəklərinizə nail olmağınızdadır, yoxsa...
- Yox, sadəcə mən Allahın verdiyinə şükür edən insanam. Nə varsa, odur. Hətta deyərdim ki, Allah da şükür edən insanları sevir və onlara hər şeyin ən gözəlini bəxş edir. Bu gün Azərbaycanda yerimdə olmağı arzulayan və mənimlə yaşıd olan yüzlərlə, minlərlə qadın var. Əgər mən bütün bunlara sahibəmsə, həyatımdan narazı olmağım naşükürlük olar. Əlbəttə, hamı kimi mənim də arzularım var. Daha böyük işlər görmək, ilklərə imza atmaq istəyim, cəmiyyət üçün xeyirli addımlar atmaq kimi planlarım var. Amma bu o demək deyil ki, nəsə istəyirəm deyə, əldə etdiklərimlə qane olmamalıyam.
- Qeyd etdiyiniz kimi, bir çox qadının həsəd aparacağı bir həyata və işə sahibsiniz. Bütün bunlara nail olmaq üçün çoxmu keşməkeşlərdən keçmisiniz?
- Həyat yolum o qədər də kələ-kötür olmayıb. Sadəcə öz arzularımın arxasınca getdim və iradəm sayəsində müvəffəqiyyətlərə nail oldum. Təbii ki, bütün bunlara nail olmağımda ətrafımın, dostlarımın da rolu olub. Mən də etibarlı dostlarımın mənə verdiyi şansdan istifadə edərək özümü doğrultmağa çalışdım. Bu mənada deyə bilərəm ki, əldə etdiyim uğurlarda bir az şansın, bir az da mənim həmin şanslardan düzgün istifadə etməyimin payı var. İnsanlar bir şeyi dərk etməlidir ki, bu həyatda hər şey gəldi-gedərdi. Dünya malına aludə olmaq lazım deyil. Ağıl və insanlıqdan başqa digər bütün xüsusiyyətlər adamı yarı yolda qoya bilər. Kim xəyal qırıqlığı yaşamaq istəmirsə, ağılla hərəkət etsin, hisslərlə yox.
- Bir az da jurnalistikaya gəlişinizdən danışın. İxtisasca da jurnalistsiniz?
- Xeyr, jurnalistika təhsili almamışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam. Amma elə birinci kursda oxuyandan jurnalist kimi işləməyə başlamışam. Mənim jurnalistika həyatım hamının gözü qarşısında keçib. Sıravi müxbirlikdən qəzet baş redaktorluğuna, ordan da şirkət direktorluğuna qədər yüksəlmişəm. Hazırda aktiv jurnalistikadan kənardayam. APA-da olandan çox təsadüfi hallarda yazı-pozu ilə məşğul olmuşam. Gördüyüm əsas iş menecerlik və şirkətin idarə edilməsidi.
- Vüsalə xanım, o vaxtlar qadınların jurnalist olmasını cəmiyyət birmənalı qarşılamırdı. Sizin seçiminiz ailədə necə qarşılandı?
- Ailəm, xüsusən də atam mənim hər zaman arxamda dayanıb, seçimimi dəstəkləyib. İstər ailə seçimimizə, istərsə də təhsil seçimimizə həmişə sayğı ilə yanaşıblar. Bizi sadəcə, nəzarətdə saxlayıblar, vəssalam. Hesab edirəm ki, mənim əldə etdiyim uğurlarda da həmin dəstəyin böyük rolu var. Əvvəl atam, sonra da həyat yoldaşım hər zaman mənim arxamda dayanıb.
- Doğrudan da, jurnalistika qadın sənəti deyil?
- Jurnalistika dünyadakı ən riskli peşələr siyahısına daxildir. Hesab edirəm ki, cəmiyyətdə qeyd etdiyiniz yanaşmanın formalaşmasına səbəb olan amillərdən biri budur. Həkim evdən çıxanda bilir ki, xəstəxanaya gedir. Müəllim məktəbə, bankir də banka doğru yol alır. Amma jurnalistlər evdən çıxanda günün sonuna qədər hara gedəcəyini, harda olacağını bilmir. İş yeri anlayışı jurnalistika üçün simvolik bir ifadədir. Bizim peşə elədir ki, gün ərzində nə qədər adamla ünsiyyətdə olub hər tərbiyənin sahibi ilə söhbət etməli oluruq. Mitinqlər, aksiyalar, müharibələr və digər eksterimal hadisələr bizim işimizin bir parçasıdır. Bizim işdə saat, vaxt anlayışı da yoxdur. Bəlkə də, buna görə deyirlər ki, jurnalistika qadın sənəti deyil. Qadın ailə qurmalıdır, ana olmalıdır, həyat yoldaşına baxmalıdır. Bir çox hallarda da jurnalistikanın iş prinsipi isə bunlar üst-üstə düşmür. Kişilər evə gələndə hər şey hazır olur. Amma işləyən qadını evdə daha böyük qayğılar gözləyir.
- Bəs siz bütün bunların öhdəsindən necə gəldiniz?
- Hazırda evdə köməkçim var. Əvvəllər də anam kömək edirdi. Amma istənilən halda jurnalistikanı seçən qadınlar digər qadınlara nisbətən öz istirahətinə az vaxt sərf etməlidir. Bu birmənalıdır. O qədər olub ki, gecə saat 4-ə kimi oyaq qalmışam. İşlərimin çoxluğu səbəbindən öz baxımıma az vaxt ayırmışam.
- Övladınızın yolunuzu davam etdirməsini istərdinizmi?
- Bir qızım var. O da hələ 5-ci sinifdə oxuyur. Açığını deyim, jurnalistikaya o qədər də həvəsli deyil. Əgər böyüyəndə bu sahəni seçsə, heç bir etirazım olmaz. Əksinə, xoşbəxt olaram. Amma məhz jurnalistikanı seçsin deyə, təkid də etmərəm.
P.S. "Şərq” qəzetinin kollektivi olaraq, biz də Vüsalə Mahirqızını ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı və uğurlar arzulayırıq!
Söhbətləşdi: Şəymən