“Bu kimi söz-söhbətlərdən uzağam”

Mənsum İbrahimov: “Sənətdə olan insan yaradıcılığı ilə diqqətdə olmalıdı”
“Sənətə gəldiyim gündən hər zaman çalışmışam ki, özümdən böyüklərə də, özümdən kiçiyə də hörmətlə yanaşım”

Muğam xalqımızın ruha qida verən sərvətidir. Bu milli sərvətimizi çiyinlərində daşıyıb nəsildən-nəslə ötürən dəyərli sənətkarlarımız olub, bu gün də var. Məhz onların musiqi ahəngi sahəsində bu günün gəncliyi də muğama maraq göstərir. Xalq artisti Mənsum İbrahimov da çiyinlərində muğamın yükünü daşıyan dəyərli sənətkarlar sırasındadı.

Mənsum İbrahimov muğama olan bugünkü münasibətdən danışdı. "Şərq”ə açıqlama verən Xalq artisti muğam sənətinə dövlət qayğısını xüsusilə vurğuladı.


- Hər vaxtınız xeyir, Mənsum müəllim. Deyəsən, yenə də adınızı hallandırmağa çalışırlar.

- Mən bilirsiz ki, bu kimi söz-söhbətlərdən uzaq insanam. Sənətə gəldiyim gündən hər zaman çalışmışam ki, özümdən böyüklərə də, özümdən kiçiyə də hörmətlə yanaşım. Ona görə də adımı hallandıranlara da cavab verməyə ehtiyac duymuram.

- Yəni həmişəki kimi sənət söhbəti aparmağa üstünlük verirsiz?

- Təbii ki. Mənə elə gəlir, sənətdə olan insan yaradıcılığı ilə diqqətdə olmalıdı.

- 6-cı Beynəlxalq muğam müsabiqəsi bitdi. Mənsum müəllimin bir çox tələbələri müsabiqədə iştirak edirdi. Nəticədən razı qaldınızmı?

- Həqiqətən 6 muğam müsabiqəsində çox güclü səs imkanlarına sahib olan gənclər qatılmışdı. Bu dəfə də 20 uşaqdan 8 mənim tələbələrim idi. Bir müəllim üçün bundan gözəl göstərici ola bilərmi? Təbii ki, nəticədən razı qaldım. Çünki həqiqətən güclü səslərə qiymət verildi. İstər "Qran Pri” mükafatına sahib olan Almaxanım, istər 1-ci yerin sahibi bu yerə layiq idi. Budəfəki müsabiqədə 8 tələbəm iştirak edirdi. 5 tələbə də Təyyar Bayramovun idi. Yəni tələbəmin tələbələri bu müsabiqədə güclü iştirakçılardan sayılırdı. Bu məni çox sevindirdi. 20 iştirakçıdan 12-si mənim yetirmələrim sayılır. Bundan gözəl hiss ola bilərmi? Bu, sadə iş deyil. Bunun arxasında böyük zəhmət, əmək durur. Bu gənclər birdən-birə ora gəlib çıxmayıblar. Onlarla məşğul olmaq, onların səsi üstündə işləmək, onlara düzgün istiqamət vermək həqiqətən böyük ürək istəyir. Biz də əlimizdən gələni edirik ki, yeni gənc nəsil yetişsin. Səhnəmizə yeni Leylilər, Məcnunlar, Ərəbzəngilər təqdim edə bilək. Muğam sənətinin bu gün bu qədər yüksək yerdə olmasının isə əsas səbəbkarı Mehriban xanım Əliyevadı. Bu müsabiqələrin keçirilməsi, bu qədər yüksək təşkilini Heydər Əliyev fondu yaradıb. Məhz Mehriban xanımın muğama olan qayğısı nəticəsində muğam müsabiqəsində gənclərin səhnəyə gəlməsi təşkil edilir. Bu müsabiqədə oturan hər bir münsifin ayrıca istedadlı muğam ifaçılarının tapılmasında rolu var. Hər bir münsif çalışır ki, istedadlı gənclərə dəstək olsun. Onlara istiqamət verək.

- Tələbələrinizlə ənənəvi konsertləriniz olur. Budəfəki müsabiqə iştirakçıları ilə konsert layihəniz necə, ola bilərmi? Gənc xanəndələrin sizin kimi ustadla eyni səhnəni paylaşması onların yaradıcılıq yoluna müsbət təsirini göstərə bilər. Gənclərə bir qapı açmış olursuz.

- Hər bir müəllim çalışmalıdı ki, tələbəsinə dəstək olsun. Mənə də dəstək olan ustadlarım olub. Ona görə də hər zaman çalışıram ki, gənclərə istiqamət verim. Bu günlərdə bir neçə verilişə müsabiqədə iştirak edən tələbələrimi aparmışam. Mənimlə bir yerdə ifalarını təqdim etdilər. Sözünüzdə isə böyük həqiqət var ki, gənclər ustadlarla bir səhnədə olanda, bu onlara stimul verir, bir az da ruhlandırır.

Tahirə