“Bu meqa layihə Azərbaycan Aİ münasibətlərinin yeni müstəviyə keçməsinə imkan yaradacaq”





Ötənlərdə Prezident İlham Əliyevin Belçikaya səfəri baş tutdu. Ölkə başçısının işgüzar səfəri Avropa İttifaqının 2009-cu ildə təsis etdiyi Şərq tərfədaşlığı proqramının 10 illik yubiley tədbiri ilə bağlı idi. Səfər çərçivəsində bir sıra məsələlər müzakirə olundu və müəyyən görüşlər keçirildi.

Lakin bəzi müxalif qüvvələr ölkəmizin Şərq tərəfdaşlığından imtina etməsinə dair yanlış məlumatlar yaydılar. Təbii ki, əsas məqsəd hər zamankı kimi ölkədə bir xaos yaratmaq idi.

Radikal müxalif qüvvələrin heç bir niyyətinin baş tutmayacağını deyən millət vəkili Elman Nəsirov "Sherg.az”a açıqlamasında Avropa İttifaqı Şurasının prezidentin Donald Tusk ilə cənab prezidentin görüşünü xüsusilə vurğuladı:

"Tusk Azərbaycanın Avropa enerji təhlükəsizliyi üçün çox böyük önəm kəsb etdiyi qeyd etdi. Ölkə başçısı da Aİ ilə hərtərəfli əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirdi. Ölkəmizin Aİ ilə enerji təhlükəsizliyi sahəsinə çox ciddi əməkdaşılığı formalaşıb. 2020-ci ildə cənub qaz qəhlizi işə düşəcək ki, bu da Avropanın meqa layihəsi olaraq Azərbaycan Aİ münasibətlərinin yeni müstəviyə keçməsinə imkan yaradacaq. Səfər çərçivəsində Donald Tusk iştirakçı dövlətlərin liderlərinin şərəfinə axşam ziyafəti verdi. Həmin ziyafətdə də o Azərbaycanın ölkə başçısı ilə yanaşı oturdu. Bunun özü bizim münasibətlərimizin hansı səviyyədə olduğunu və cənab prezidentə ayrılan diqqətin ifadəsidir”.

Deputat səfərdə Ermənistan və Azərbaycan rəhbərlərinin qısa görüşü ilə bağlı məsələyə də toxundu:

"Şübhəsiz ki, belə təmaslar daha sonrakı üçtərəfli görüşlər üçün yeni imkanlar açır. Ancaq bu səfər çərçivəsində bəzi radikal və müxalifət dairələri məlumat yayırdılar ki, Aİ ilə strateji tərəfdaşlıq sənədi imzalanacaq. Azərbaycan bu sənədi imzalamaqla öz üzərinə insan hüquq və azadlıqlarını müdafiə etməsinə dair öhdəliklər götürəcək. Həmin radikal dairələrə üzümüzü tutub deyirik ki, onsuz da Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda məhz demokratik dövlətin əsasını qoyuldu və ölkəmizdə ölüm hökmü, senzura ləğv edildi. Bu gün də həmin siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün ölkəmizdə 55 siyasi partiya mövcuddur. Belə olan halda mətbuat və söz azadlığı üzərində hansı qadağalardan söhbət gedə bilər? 

Bunlar hamısı uydurmadır. Azərbaycanda hər zaman sərbəst toplaşma azadlığı olub. İndiki halda müəyyən məhdudiyyətlərin qoyulması isə radikal müxalifətin 19 yanvar mitinqindəki davranışı ilə bağlıdır. Onlar ictimai asayişin, əhalinin rahatlığının pozulmasına hərəkətlərə yol verirdilər. Heç bir demokratik ölkədə buna icazə verilmir. Çünki demokratiya anarxiya, xaos deyil. Qanunlar işləməyən yerdə demokratiya yoxdur. Ona görə də bütün bunları nəzərə alıb Azərbaycan hakimiyyəti müvəqqəti olaraq mitinqlərin keçirilməsinə fasilə verib. Azərbaycanda həm sərbəst toplaşma, həm də digər demokratik azadlıq təmin edilib. 

Bu məsələdə Azərbaycan bir çox dünya ölkələri üçün nümunədir. Avropada mitinqlərin dağıdılması üçün atlardan, itlərdən istifadə edildi. Fransanın özündə "sarı jiletli” hərəkatını dağıtmaq üçün polisin necə güc tətbiq etdiyi gözümüzn qarşısındadır. Hesab edirəm ki, radikal müxalifətin bu yanaşmalarının və "canfəşanlığı”nın heç bir əsası yoxdur. Onlar sadəcə olaraq balıq tutmaq sevdasına düşüblər. Amma heç bir istəkləri baş tutmayacaq. Azərbaycan xalqı bu qüvvələrin əsas niyyətini çox gözəl bilir”.

Yeganə Bayramova