“Bu prosesin arxasında duran müəyyən qüvvələr var”

Əli Həsənov: “Bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır”




Dünən Bakıda "Four seasons” otelində Azərbaycan Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və gənclər və idman naziri
Azad Rəhimov iştirak ediblər. Tədbir haqqında məlumat verən Prezident Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib ki, mətbuat konfransını təşkil etməkdə məqsəd jurnalistləri maraqlandıran suallara cavab verməkdir: "Dövlət qurumlarına bəzi məsələlərlə bağlı suallar ünvanlanırdı. Bunları ayrı-ayrı cavablandırmaq bir qədər çətin olduğu üçün belə bir mətbuat konfransı keçirməyə qərar verdik”.

"Əl-Cəzirə” televiziya nümayəndəsinin Azərbaycanda "Siyasi məhbuslar nə vaxt azad olunacaq” sualını cavablandıran Prezidentin köməkçisi Əli Həsənov Azərbaycanda siyasi məhbusların olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var: "Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil. Bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır Avropa Şurasının üzvüdür. Əgər problemi olan varsa, Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”.

Azərbaycan rəsmiləri ölkəmizə gələn erməni idmançıları ilə bağlı sualları da cavablandırıb. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inandığını deyib: "Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevriliblər: "25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan ediblər. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, dünyanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu, təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcudur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz. Biz bir daha çağırış edirik ki, beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir”.

Azərbaycana qarşı aparılan qara piar kampaniyasına münasibət bildirən Ə.Həsənov bildirib ki, ölkəmiz əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda, bu, özbaşına aksiyaya oxşamır: "Görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq”.

Ə.Həsənov deyib ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: "Bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. "Eurovision” yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, "The Guardian”, BBC kimi nəşrlər də təəssüf ki, "London Platforması”nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq. Ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək”.

Ə.Həsənov bəyan edib ki, Azərbaycan dünyada alternativ enerji məkanı kimi tanınmaqdadır və hazırda Avropanın əsas enerji təchizatçısı rolunda çıxış edir: "Biz Xəzər hövzəsinin alternativ enerji resurslarını Avropaya açdıq. Dövlət Neft Şirkəti (SOCAR) həm Avropanın enerji təhlükəsizliyində öz enerji resursları ilə iştirak edir, həm də Avropa bazarlarında əsas biznes strukturlarından biri kimi fəaliyyət göstərir. SOCAR Afrika ölkələrinə də maraq göstərir.

Afrikanın zəngin neft və qaz yatağı olan ölkələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı niyyət protokolları hazırlayır və bunu həyata keçirməyə cəhd göstərir. Yəni biz Afrikaya sərmayə qoyan ölkələr sırasına qatılmaq istəyirik. SOCAR vasitəsilə Afrikanın zəngin karbohidrogen ehtiyatlarının birgə işlənməsi və dünya bazarlarına, Avropa bazarlarına çıxarılması istiqamətində fəaliyyət göstəririk”.

Prezidentin köməkçisi bəyan edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçilərkən ən çox Afrika ölkələrinin səsini qazanıb: "BMT-dən də Afrika xalqlarının problemlərinin çatdırılması üçün istifadə etdik. Bundan sonra da Afrika xalqları ilə Azərbaycan arasında münasibətlərin inkişafına çalışacağıq”.

Azərbaycan hökumətinin tutduğu siyasi xətdən danışan Administrasiya rəsmisi deyib ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış 15 ölkədən biri Azərbaycandır. O zaman bir neçə yol vardı, onlardan biri post-sovet məkanına yönlənmək, digəri isə Avropaya inteqrasiya olunmaq məsələsi idi: "Həmin dövrdə Qoşulmama Hərəkatına qoşulmaq məsələsi də gündəmdə idi. 1992-ci ildə Azərbaycan anarxiya dövrünü yaşadı, sosial çaxnaşma oldu. 1995-ci ildə Konstitusiya qəbul olundu və burada hər şey əksini tapdı. Biz müstəqillik yolunu seçmişik, bu yolla da davam edirik”. Ə.Həsənov bildirib ki, Azərbaycana Avropa Qonşuluq Siyasətinə qoşulmaqla bağlı təkliflər olur: "Cəlbedici təkliflər də gəlir. Avrasiya İttifaqına qoşulmaqla da bağlı təkliflər alırıq. Biz balanslı, Azərbaycanın maraqlarına uyğun siyasət yürüdürük. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Biz İran, İsrail, ABŞ, Rusiya ilə dostluq edirik. Çalışırıq ki, kiminsə maraqlarının üzərinə kölgə salmayaq. Amma təbii ki, Azərbaycan xalqının maraqları pozulan yerdə iştirak edə bilmərik”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Amnesty İnternational” təşkilatının nümayəndəsinin Bakıya buraxılmaması barədə iddialara da münasibət bildirib. O deyib ki, bu iddiaların əsası yoxdur: "Birinci Avropa Oyunları ilə bağlı "Amnesty İnternational”ın adı ilə nə BEGOC-a, nə də müvafiq qurumlara, o cümlədən Dövlət Miqrasiya Xidmətinə viza almaq üçün heç kim müraciət etməyib. Sonradan məlum olub ki, "Amnesty İnternational”ı təmsil etmək istəyən bəzi müstəqil ekspertlər, jurnalistlər dolayı, yəni qeyri-qanuni yollarla Azərbaycana daxil olmağa cəhd göstəriblər. Hansı ki, Azərbaycana qanuni qaydada daxil olmağın qaydaları var. Yəni dolayı yollarla Azərbaycana gəlmək istəyənlərin qarşısı qanuni şəkildə alınıb. Bir daha deyirəm: "Amnesty İnternational”ın adı ilə heç kim Bakıya gəlmək üçün müraciət etməyib. Ona görə də bu təşkilatın bəyanatları əsassızdır”.

Gənclər və idman naziri Azad Rəhimov da xarici və yerli jurnalistlərin suallarını cavablandırıb. A.Rəhimov da deyib ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk belə hal deyil: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, ölkəmizdə keçirilən idman yarışlarında erməni idmançılar iştirak ediblər. 2008-ci ildə güləş üzrə keçirilən yarışlarda 41 erməni idmançı iştirak edirdi, bu dəfə isə I Avropa Oyunlarına 25 erməni idmançı qatılır. Bundan əlavə, müxtəlif erməni təşkilatının nümayəndələri Azərbaycanda olan müxtəlif tədbirlərdə iştirak ediblər. Yəni beynəlxalq tədbirin statusu belədir ki, orada müxtəlif ölkələr iştirak edə bilirlər”. A.Rəhimov deyib ki, idman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənərək hazırlanıb: "Əvvəllər nümayəndə göndərirdik, gedib iştirakla bağlı vəziyyəti öyrənirdi. İndi isə biz qarşılıqlı olaraq təhlükəsizliyin təminatına dair məktub veririk. Bu, kifayət edir. 2016-cı ildə Azərbaycanda "Formula 1”, şahmat olimpiadası keçiriləcək. "Formula 1”də ermənilər iştirak etməyəcək. Ancaq düşünürəm ki, şahmat olimpiadasında onlar iştirak edəcəklər. İslam oyunlarına isə qatılmayacaqlar”.

"Əl-Cəzirə” telejurnalistinin sualına cavab verən nazir Azad Rəhimov deyib ki, əgər audit təşkilatı büdcədən bir dollar kənara xərcləndiyini aşkarlasa, o, istefa verəcək: "Azərbaycan Gənclər və İdman Nazirliyinin büdcəsi 10 milyon avro təşkil edir. Bura idman yarışları ilə bərabər, idman təlimləri və avadanlıqların alınması daxildir. Birinci Avropa Oyunları ilə bağlı araşdırma aparıblar. Oyunların büdcəsi 960 milyon manat idi, sonra digər xərclərlə 1 milyard 34 milyon manat oldu. Bütün ölkələrdə belə tədbirlər keçirilən zaman xərclər 30 faizə qədər artır. Büdcə açıqdır, bunu istənilən təşkilata göstərə bilərik”.

İsmayıl