“Bu yarış tarixə düşəcək”

Elman Muxtarov: “Bundan sonra Avropa Oyunları da Azərbaycandan başlayacaq”
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının başlanmasına artıq saatlar qalıb. Ölkəmiz qitə tarixində ilk dəfə baş tutacaq bu mötəbər tədbirə çox ciddi hazırlaşıb. Qısa vaxtda ölkənin idman arenaları ən müasir standartlara uyğunlaşdırılıb. Xeyli sayda müasir idman kompleksləri inşa edilib. Nəqliyyat və turizm sistemi təkmilləşdirilib.
Sözügedən nüfuzlu beynəlxalq yarışın yüksək səviyyədə aparılması, ölkəmizin dünyaya sülh və təhlükəsizlik, abadlıq və inkişaf məkanı kimi tanıdılması üçün çoxsaylı işlər görülüb. Bununla yanaşı, qeyd edək ki, məlum turnirin ölkəmizdə reallaşması Azərbaycanın adını bir daha Avropanın və dünyanın idman tarixinə yazacaq. Ölkəmizin beynəlxalq aləmdə, dünyada daha yaxından tanınmasına yol açacaq. Bu da o deməkdir ki, 16 (12-28 iyun) gün ərzində bütün dünya, Avropa məkanı Azərbaycandan bəhs edəcək. Ölkəmizin mədəniyyəti, mətbəxi, turizm imkanları barədə məlumatların efirə getməsi avropalılara Azərbaycanı daha yaxından tanımaq imkanı yaradacaq. Üstəgəl, bu beynəlxalq tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımızın üzləşdiyi problemlərin Avropa insanına, dünya ictimaiyyətinə çatdırılmasında da xüsusi rol oynayacaq. Buna rəğmən mötəbər idman bayramı ilə əlaqədar bəzi daxili və xarici qüvvələr ölkəmizə qarşı qara-piar kampaniyasına başlayıblar. Lakin onların qaragüruhçu çıxışlarına heç kəs etimad göstərmir. Hər kəsin qəbul etdiyi reallıq ondan ibarətdir ki, məlum yarış Azərbaycana kifayət qədər dividendlər gətirəcək. Bütün reallıqları nəzərə alıb güləşin Yunan-Roma növü üzrə Dünya və ikiqat Avropa çempionu Elman Muxtarovun fikirlərini öyrəndik. Gənc idmançı "Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda dünyanın gözü Bakıya dikilib: "Ölkəmizdə ayrı-ayrı idman növləri üzrə Dünya və Avropa Çempionatları keçirilib. Hər dəfə 3 yüz, 5 yüz nəfər nümayəndə heyəti gəlirdi. Amma bu yarışa 24 idman növü üzrə bütün Avropa ölkələri qatılacaq. Biz də yüksək səviyyədə hazırlaşmışıq. Qonaqların gəlişini gözləyirik. Onlar Azərbaycanın nüfuzlu və füsunkar bir ölkə olmasının canlı şahidi olacaqlar”.
Bu idman yarışının digər ölkələrə deyil, məhz Azərbaycana həvalə olunmasına gəlincə, müsahibimiz söylədi ki, Azərbaycan güclü bir idman ölkəsidir: "Əlbəttə, bütün bunlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının müsbət təzahürüdür. İdmançılarımıza ulu öndər Heydər Əliyevin dönəmindən başlayan qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İ.Əliyevin göstərdiyi böyük xidmətlər nəticəsində Azərbaycan idmanı dünyada ad qazanıb. Olimpiya Oyunlarında 10 medal qazanmağımız bəzilərinə möcüzə kimi görsənir. Bu möcüzənin arxasında dövlət qayğısı dayanır”.
Həmsöhbətimizin fikrincə, idmançılarımız onlara göstərilən diqqət və qayğını dəyərləndirib, dövlətin etimadını doğrulda bilir: "Bu qayğını çox yaxşı görürük. Ona görə də turnirlərdə həvəslə çıxış edib, böyük uğurlara imza atırıq. Xalqımızı sevindiririk. Himnimizi səsləndirib, üçrəngli şanlı bayrağımızı zirvələrə ucaldırıq. Ölkəmizin dünyadakı imicini daha da yüksəldirik. Məhz bu müvəffəqiyyətlərin təzahürüdür ki, hazırda Azərbaycan möhtəşəm bir marafona ev sahibliyi edir. Bu yarış tarixə düşəcək. Necə ki, Olimpiya Oyunları Afinadan başlayır. Hər dəfə məşəl Afinada yandırılır. Bundan sonra Avropa Oyunları da Azərbaycandan başlayacaq”.
İdmançımızın qənaətincə, idman mədəniyyətin bir növüdür: "Hesab edirəm ki, ilk Avropa Oyunları mədəniyyət, tarix və intellektimizi bütün dünyaya tanıdacaq. Dünya mədəniyyətimizi və qonaqpərvərliyimizi görəcək. Azərbaycan həqiqətlərinin beynəlxalq arenaya çıxarılmasına çox böyük təkan verəcək”.
E.Muxtarov düşünür ki, Oyunlar ölkəmizi dünyaya həm də bir turistik məkan kimi tanıtdıracaq: "Oyunlar zamanı ölkəmizə yalnız 10 minə yaxın idmançı və idman işçisi təşrif buyuracaq. Hələ turistləri demirəm. Qonaqlar ölkəmizin səfalı guşələrini görəcəklər və bundan sonra da turistik məkan kimi məhz Azərbaycanı seçəcəklər. Bu da hər il ölkəmizə turist axınının güclənməsinə gətirib çıxaracaq. Bundan əlavə, turistlər xalqımızla təmasda olacaq. Qonaqpərvərliyimizin şahidinə çevriləcəklər. Mədəni insan olduğumuzu anlayacaqlar. Azərbaycanın bütün sahələrdə qüdrətli ölkə olduğunu dərk edəcəklər. Onu da deyim ki, artıq bəzi komandalar Bakıdadırlar”.
Həmsöhbətimiz bəyan edib ki, sözügedən yarış Azərbaycanda idmana olan marağı daha da artıracaq: "Gənclərimiz görəcəklər ki, idmana çox böyük diqqət var. Bundan sonra hamı idman sahəsinə axışacaq. İdmanımızda yeni bir sıçrayış olacaq. Baxın, Sidney Olimpiadasında idmançılarımızın uğurlu çıxışından sonra Azərbaycanda idmana maraq artdı. Avropa Oyunlarından sonra da ölkəmizdə idmana olan tendensiya yüksələcək. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İ.Əliyev bu axının daha da şiddətlənməsi istiqamətində əlindən gələni əsirgəmir. Demək olar ki, bütün rayonlarda olimpiya kompleksləri tikilib. Bütün bunlar idmana olan meyli yüksəltməyə və gəncləri bu sahəyə cəlb etməyə hesablanıb. Bir daha vurğulayıram ki, bu oyunlar ölkə idmanında ikinci sıçrayış olacaq. İdmanımızın inkişafına həm keyfiyyət, həm də kəmiyyət baxımından çox müsbət impuls verəcək”.
E.Muxtarov deyib ki, Azərbaycan bundan sonra daha böyük idman turnirlərinə ev sahibliyi edə biləcək: "Artıq bu təcrübəni əldə etmişik. Ölkəmizdə çoxsaylı böyük yarışlar həyata keçirilib. Bircə böyük Olimpiya Oyunları qalıb. Bunun üçün də artıq təcrübəmiz var. Allah qoysa, Avropa Oyunları başa çatdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsi görəcək ki, Azərbaycan möhtəşəm yarışları reallaşdırmaq bacarığına malikdir. Ondan sonra Olimpiya Oyunlarının keçirilməsi də bizə həvalə olunacaq”.
Ölkəmizə qarşı başladılan qarayaxmalara gəlincə, müsahibimiz bildirib ki, o ləkə bizə yapışmır: "Özləri deyib, özləri eşidəcəklər. Bu cür ürəkbulandıran kampaniyalara heç fikir verən də olmayacaq. Heç kim onlara inanmır”.
Hazırlıqlarından söz açan idmançımız vurğulayıb ki, yarışa yüksək səviyyədə hazırlaşıblar: "Bütün idman federasiyalarında çox güclü hazırlıqlar aparıldı. Hər şey yaxşı gedir. Hər bir idmançı dostuma uğurlar diləyirəm”.
Ayyət Əhməd