Baxsan, görərsən ki, dünyanın bir çox tanınmışları, “ulduz”ları ömrünün bəlli bir mərhələsində çətinlik çəkib, tənha qalıb, eləsi var, qocalar evinə pənah aparıbRasim Balayev bu gün özünü lazımsız aktyor hesab edə bilər, amma...

Sənətçilərimizin tale narazılıqlarını eşitmək ağırdır. Təkcə ona görə yox ki, bir insan kimi düşdükləri duruma acıyırıq, ya da vaxtilə sevdiyimiz, pərəstiş etdiyimiz insanların ağır həyat keçirdikləri bizi mütəəssir edir. Həm də ona görə ki, "niyə” sualına cavab tapmaq çox çətindir. "Ulduz” həyatı yaşamış aktyor və aktrisalar, sənətçilər, müğənnilər həyatlarının bəlli bir dövrünə yetişdikdə çətinliklə üzləşirlər. Kimisinin maddi durumu pisləşir, kimisi sağlıq problemi yaşayır. Kimisi həyatının unudulmaq kimi ən ağır mərhələsini keçirir. Bu, təkcə bizim ölkədə belə deyil. Baxsan, görərsən ki, dünyanın bir çox tanınmışları, "ulduz”ları ömrünün bəlli bir mərhələsində çətinlik çəkib, tənha qalıb, eləsi var, qocalar evinə pənah aparıb. Vəfat edəndə kimsənin də xəbəri olmayıb. Türkiyə kinosunun əfsanəsi Münir Özkul ömrünün son illərini xəstəxanada keçirmişdi. Yüzlərlə filmə can verən aktyoru ömrünün sonunda nə yada salan vardı, nə adını çəkən. "Hollivud kraliçası” Elizabet Teylor əlil arabasına məhkum olmuşdu. Köməksiz hərəkət edə bilmirdi. Sağalmaz xəstəliklərə yoluxan, sənətdən uzaq düşən nə qədər aktyor və aktrisalar olub. Məşhur yazıçı Halper Li Qocalar evində yaşayırdı və orada da vəfat etdi. Sadəcə, biz sənətçilərimizin, lap elə şair və yazıçıların da, hansısa formada unudulmasını, fəal həyatdan uzaqlaşmasını sovetizmin ayağına yazmağa öyrəşmişik.
Sənətkar həyatının uğursuzluqlarını çox zaman çürük sovet ənənələri ilə bağlayırıq; sovet vaxtı bəlli ideologiya vardı, ona xidmət edənlər, "adam kimi” yaşayırdı... və s. "Adam kimi yaşamaq” nəydi yəni? Hökumət ev verirdi, istirahətə göndərirdi, maaş alırdı, sonra təqaüd, fəxri adları olurdu, vəfat edəndə də aparıb Fəxri Xiyabanda dəfn edirdilər. Budurmu yaxşı həyatın formulu? Bəlkə ona görə bu gün həmin "yaxşı” həyatı yaşamayanlar narazıdır? Onlar da əvvəlkilərin yaşadığı həyatdan istəyirlər?
Lazımsız aktyor...?!
Bu günlərdə Xalq artisti Rasim Balayevin müsahibəsi yayılıb. Yanıqlı danışır. Narazılıq hiss olunur. Jurnalistin "Bir dövr yarandı ki, Azərbaycan mədəniyyətində, incəsənətində öz sözünü demiş, imzasını atmış sənətkarlar ölkədən uzaqlaşdılar. Xarici ölkələrdə, xüsusən də Türkiyədə həyat və fəaliyyətlərini davam etdirdilər. Nə zamansa sizin də belə bir istəyiniz olubmu” sualına Xalq artisti belə cavab verir:
- Qeyd edim ki, hardasa 15 ildir mən bekar oturmuşam. Düzdür, arabir bəzi filmlərə çəkilmişəm, ancaq tam ürəyimcə olmayıb. Hələ illər qabaq Türkiyədə bir neçə filmə çəkilirdim, həmin ərəfədə də məni orada saxlamaq istəyirdilər. Yaxşı da imkanlar yaradırdılar, yüksək əməkhaqqı verəcəkdilər, amma mən qalmadım, çünki kənarda qala bilmirəm. Harasa on beş günlük istirahətə yollananda belə həmin müddətin bitməsini səbirsizliklə gözləyirəm. Bu da bir xarakterdir, hər adamda bir formadadır. Adam var ki, gedir, illərlə qalır, heç gəlməsə də kefinə deyil. Bu o demək deyil ki, mən bu vətəni çox sevirəm, amma o sevmir. Sadəcə belə adamlar var ki, ölkədən kənarda yaşaya bilir, ancaq mən yaşaya bilmərəm. Bilirsiz, o adamlar sənətlə məşğul olmağa gediblərsə, bu yaxşıdır. Demək ki, burda işi alınmır, biznesini qurmağa, işləməyə imkan vermirlər, gedib xaricdə, özünə şərait qurur. Azərbaycan lobbisi ilə görüşümdə onlardan soruşdum ki, niyə ölkədən gediblər. Dedilər ki, bizə imkan vermədilər, ona görə də bura gəldik, heç kimin də bizlə işi yoxdur, rahat işləyirik. Demək ki, orada onlara şərait var, işləyirlər.
- İndiyə qədər getməmisinizsə, yəqin ki, bundan sonra da belə bir fikriniz olmaz?
- Bundan sonra kimə lazımam, yaşlı vaxtımda hara gedə bilərəm, bundan sonra gedib nə edə bilərəm ki. Bəlkə də indi 30 yaşında olsaydım gedərdim, onda da Amerikaya, İngiltərəyə yox, ancaq Türkiyəyə. Amma bundan sonra yox, getmərəm”.
Milyonların sevimlisi olan sənətkardan "Bundan sonra kimə lazımam...” kəlməsini eşitmək həqiqətən çox ağırdır. Bir sənətçinin "lazımsızam” etirafı həm də ümumilikdə teatr və kino sahəsindəki durğunluğun göstəricisi sayılmalıdır. Mədəniyyətdəki inkişafı təkcə maddi deyil, həm də mənəvi baxımdan ucuz teleserial çəkilişləri ilə ölçməyin yanlış göstəricisi olacağını inkar etməzlər yəqin. Rasim Balayev nə "Qardaşlar”da, nə "Eks-bacanaqlar”da, nə də "Bozbaş pikçers”də oynayası deyil. Ona görə yox ki, sənətkar yumoristik səhnələrdə rol almağı bacarmaz. Xeyr, Rasim Balayev "Həm ziyarət, həm ticarətdə” artıq sübuta yetirib ki, hər cür obrazı yaratmaq iqtidarındadır. Bəlkə serial çəkənlərdədi problem? Ancaq ucuza qaçırlar? Adlarını çəkdiyimiz və çəkmədiyimiz yerli serialların məzmunu nədən ibarətdir - evlənmə, boşanma, aldatma, fırıldaq, dələduzluq, başqasına kəf gəlmək, xəyanət, pozğun həyat tərzi... Amma
"Qurdlar vadisi”ndən hər kəsin yaddaşında qəddar "Testeri Nəcmi” kimi qalan Tarık Ünlüoğlu "Mənim anam bir mələk”, "Avropa, Avropa” dizilərində komik obrazlar yaradıb. Demək ki, problem ssenari və rejissor işindədir. Hazırda Azərbaycan teatr və kinosu ciddilikdən uzaq gəzir. Belə təəssürat yaranır ki, kimsə özünə əziyyət verib işləmək, nəsə ciddi bir əsər yaratmaq istəmir. Bəlli pyeslər təkrar nümayiş olunur, kino sahəsində isə pullu, imkanlı, arxalı qeyri-peşəkarlar gah "tarixi”, gah da "Qarabağ məzmunlu” filmlər çəkir.
Efirlərlə bağlı vəziyyət zatən ortada. Yüngül davranışlara süni gülüşlər. Bir qapaza gülən olmuşuq. Belə vəziyyətdə Rasim Balayev nə etsin? Aktyor özü deyir ki, seriallar "xalturadı”. O da "xaltura” ilə məşğul olmaq istəmir. "Əhməd hardadır?”dakı "şofer Əhməd” kimi.
Belədə əlac qalır təqaüdə. 150 manat da Xalq artistinin dərmanlarına çatır...
"Mən qəhrəman deyiləm...”
Bunu bir neçə il öncə Rasim Balayev müsahibələrindən birində demişdi. Ovaxtkı Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi vəzifəsindən istefa verdi. Həqiqətən də, biz tamaşaçılar aktyorları yaratdıqları obrazlara görə sevirik. Onların hansı taleni yaşaması, həyatının necə keçməsi, lap, ağır da səslənsə, yeməyə bir parça çörək tapıb-tapmaması da bizi maraqlandırmır. Bizim üçün Rasim Balayev "Babək”dirsə, Babək kimi olmalıdır. Beyrəkdirsə, Beyrək olmalıdır. "Nəsimi”dirsə, Nəsimi. Dərisini soymalıdılar, amma o, "Ənəlhəqq”dən əl çəkməməlidir və s. belə sırf özümüz, öz kefimizdən irəli sürdüyümüz "tələblər”, "istəklər”. Amma Rasim Balayev həm də Əzizdir ("Qatır Məmməd”də) axı. Və həm də Davuddur ("Həm ziyarət, həm ticarət”). Və adi insan həyatına məncə, Əzizlə, Davud daha yaxındır. Bu obrazlar gerçək həyatla daha artıq səsləşir. Nəinki qəhrəmanmı, düşmənmi olması barədə mübahisələr hələ də səngiməyən Babək! Aktyorun da şəxsi yaşantıları, gündəlik həyatı var. O da məişət qayğıları çəkir. Evini keçindirməyin yollarını arayır. Aktyor da ərdir, atadır, nəhayətdə, babadır. Nəvəsinin hansısa istəyini yerinə yetirmək, onu sevindirmək, əsl baba olmaq istəyir. Buna görə qınamalıyıq aktyoru?! Kənarda dayanıb danışmağa nə var? Filankəs niyə belə etdi, niyə bunu dedi və ya demədi?.. Bu gün "qəhrəmanlıq” tələb etdiyimiz hansısa tanınmışın başına bir iş gələndə, yanında oluruqmu? Dəstək verə bilirikmi? Bilmiriksə, özümüzə arxayın deyiliksə, kimsəni də qınamamalıyıq. Buraxın, insanlar necə istəyir, elə də yaşasın. Bizsə, sakitcə çəkilən filmlərə, oynanılan tamaşalara baxıb istedada "əhsən” deyək. Rasim Balayev bu gün özünü lazımsız aktyor hesab edə bilər. Keçmişə dalmaq xeyirli deyil. Bəlkə də insanların çoxu "ah keçmiş əyyamlar” dedikləri üçün sıxıntıya düçar olurlar. Zaman axar sudur. Bir yerdə dayanmaz!.. Rasim Balayev tək-tük sənətkarlardandı ki, necəliyindən, kimin yanında dayanmasından, mövqeyindən və ya hətta mövqesizliyindən də asılı olmayaraq həmişə sevilir. Məncə, bu, yetərlidir.
Məlahət Rzayeva