Buraxılış imtahanı ləğv edilsin

Onsuz da hər bir məzuna attestat verilir



Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qurumun eksternat qaydasında keçirilən buraxılış imtahanlarına dair məlumatları təqdim edib. Qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayının ildən-ilə çoxaldığını vurğulayan M. Abbaszadə bu istiqamətdə problemin aradan qaldırılması üçün iclas iştirakçıları arasında fikir mübadiləsi aparıldığını deyib.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə şagirdlərin buraxılış imtahanlarında iştirak etməməsinin o qədər də əhəmiyyətli məsələ olmadığını deyib: "Buraxılış imtahanlarında qeydiyyatdan keçib, imtahanda iştirak etməyənlər o uşaqlardır ki, nəticə bəri başdan onlara bəllidir. Onlar bilir ki, imtahanlarda iştirak etsələr belə məqbul qiymət ala bilməyəcəklər. Ona görə də, imtahanda iştirak etməyi vaxt itkisi hesab edirlər. Amma bir qismi doğrudan da üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilmirlər. Həmin uşaqlar üçün müəyyən tədbirlər görmək olar”.

Buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin attestatdan məhrum olduqlarını vurğulayan ekspert deyib ki, belə uşaqlar ancaq növbəti il buraxılış imtahanlarında iştirak edib, öz attestatlarını ala bilirlər. Ölkə başçısının göstərişi belədir ki, imtahan göstəricilərindən asılı olmayaraq bütün məzunlara attestat verilməlidir. Onsuz da buraxılış imtahanlarının formal xarakter daşıdığını vurğulayan N.Qulamoğlu sualların həddindən artıq asan olduğunu deyib: "Mənə qalsa, buraxılış imtahanlarını ucdantutma ləğv edərəm. Göstərdiyi nəticədən asılı olmayaraq hər bir məzuna attestat verilirsə, o zaman buraxılış imtahanları nəyə lazımdır?”

Şəymən