Bu məsələdə Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin üzərinə daha çox məsuliyyət düşür
Bütün televiziyalar sosial çarxları yayımlamağa borcludur
Ancaq dövlət qurumları da sifarişçi kimi bu işdə maraqlı olmalıdır
Bu məsələdə Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin üzərinə daha çox məsuliyyət düşür
Bu məsələdə Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin üzərinə daha çox məsuliyyət düşür
Xarici telekanallarda yayımlanan sosial yönümlü videoçarxlar, başqa cür desək, "kamu spotu” yəqin ki, bir çoxlarımızın diqqətini çəkib. Müxtəlif mövzularda çəkilən bu videoçarxlar əhalinin mövcud məsələlər üzrə maarifləndirilməsinə, sağlamlıq, həyat tərzi və s. sahədə fərqli şəkildə çağırışlar edilməsinə yönləndirilir. Əhalinin böyük kütləsi isə televiziyalara baxır kitab və digər normal saytlardan informasiyalar qəbul etmədiyi üçün "kamu spot”ları əhalinin maariflənməsində əhəmiyyətli yer tutur.
Təəssüf ki, Azərbaycan kanallarında bu mövzularda videoçarxların nümayiş olunmasına çox az hallarda rast gəlirik.
Qeyd edək ki, sosial reklam çarxlarının əsas məqsədi cəmiyyətə faydalı olacaq hər hansı məsələni qabartmaq, pis vərdişlərdən uzaq tutmağa sövq etməkdir.
Türkiyədə "kamu spotu” ilə adlandırılan sosial reklam çarxları isə dünya reytinq sıralamasında ABŞ-dan sonra ikinci yerdədir. Ən çox sosial reklam çarxı çəkən və buna vəsait xərcləyən isə "Coca-Cola” şirkətidir.
Bunun səbəbini Sherg.az-a izah edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib ki, qanunvericilikdə sosial yönümlü videoçarxların məcburi yayımlanması ilə bağlı müddəalar yer alıb. Hətta müəyyən olunan faiz həcmi də aydın şəkildə qanunda öz əksini tapıb. Bu prosesləri tənzimləyən dövlət orqanının Milli Televiziya və Radio Şurası (MTRŞ) olduğunu diqqətə çatdıran Ə.Məmmədlinin sözlərinə görə, o həm də sifarişçi qismində çıxış edə bilər:
"Məsələnin narahatedici tərəfi odur ki, MTRŞ özəl telekanallara xeyli vəsait ayırır. Kanallar isə bu vəsaitləri sosial yönümlü layihələrə, videoçarxlara deyil, hər hansı kommersiya seriallarının çəkilməsinə ayırır. Əslində isə həmin dövlət qurumu vəsaiti sosial yönümlü videoların çəkilməsinə yönəltməli idi.
Əgər bu hətta serial olsa belə elə tərzdə çəkilməlidir ki, sosial-ictimai problemlərin müxtəlif yollarla həllinə yönəlsin. Amma MTRŞ sadəcə pulu bölüşdürməyi nəzərə alır.
Əslində dövlət televiziya kanallarına kommersiya məqsədləri üçün pul verməməlidir. Əgər veribsə, bunu hökmən sosial məqsədlərə yönəltmək lazımdır. Məsələn, əlillərin müdafiəsi, QİÇS xəstəliyi, narkomaniya kimi problemlərlə mübarizə, bir sosial təbəqənin qorunması, uşaq hüquqlarının təbliği kimi məsələlərə istiqamətlənmək olar. Təəssüf ki, bizə dövlət pul ayırmasına baxmayaraq "kamu spotu” deyilən, ictimai faydalı qısa roliklər efirə yol tapmır. Səbəb isə qeyd etdiyim kimi, tənzimləyici qurumun bu haqda düşünməməyidir”.
Tanınmış teleaparıcı, media eksperti Elçin Əlibəyli isə sosial çarxların müvafiq qurumlar, QHT-lər, dövlət müəssisələri və s. tərəfindən hazırlanıb, televiziyalara təqdim edilməli olduğunu vurğulayıb. E.Əlibəyli iddia edir ki, televiziyalar sosial çarxların yayımlanmasına qarşı deyillər, amma qurumlar bu rolikləri hazırlamır:
"Videoçarxlar televiziyalara təqdim olunarsa, onlar qeyd-şərtsiz qəbul edib, yayımlayırlar. Aidiyyəti qurumlar tərəfindən belə layihələrin hazırlanmamasının səbəbi isə odur ki, sosial çarxların çəkilməsinə vəsait lazımdır. Ortalama bir çarxın ərsəyə gəlməsi qiyməti 5 min manatdan çox başa gəlir. Bu pulu isə ödəyəcək qurum yoxdur.
Məsələn, Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi hazırlayır və onların çarxları pulsuz efirlərdə yerləşdirilir. Lakin mövcud mövzularla kifayətlənmək lazım deyil. Sosial çarxlarda təkcə "gəl vergini ödə”, "pensiyanı belə al” tipli çağırışlar olması kifayət deyil. Sosial çarx tarixi, mədəni ictimai fikrin yayılmasına yönəlməlidir. Təkcə bir nazirliyin marağı çərçivəsində olmamalıdır”.
Nümunələrlə fikrini izah edən ekspert deyib ki, ölkədaxili turizmlə bağlı çarxlar sosial maarifləndirici hesab olunur. Amma bununla bağlı videolar çəkilsə belə, efirlərə təqdim olunmur:
"Bu münasibət sistemi müəyyənləşməlidir. Televiziyalar sosial çarxları yayımlamağa borcludurlar. Onlar heç vaxt bundan imtina etmirlər. Heç bir qurum iddia edə bilməz ki, biz sosial çarx çəkdik, bunu televiziyalar yayımlamadı.
QHT-lərə isə müvafiq layihələrlə bağlı pullar ayrılır. Onlar müəyyən iclaslar keçirməklə kifayətlənməməlidirlər. Bu qurumlar maarifləndirici təbliğat üçün elə vasitələrə pul xərcləyirlər ki, bunlar marağını və əhəmiyyətini itirmiş olur. Düşünün, feysbuk dövründə kim kağızda yazılan hər hansı çağırışa qulaq asacaq? Sosial yönümlü videoçarxlar hazırlamaqla isə həm efirdən yayımlamaq, həm "YouTube” kanalında, həm də sosial şəbəkələrdə yerləşdirib, təbliğ etmək haqqında düşünə bilərlər. Amma adıçəkilən qurumlar bununla bağlı layihələr həyata keçirmir.
Belə qənaətə gəlmək olar ki, sosial çarxların azlığının, yaxud ümumiyyətlə, olmamağının günahkarı televiziya deyil, sifarişçilərdir. Bu məsələdə Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin üzərinə daha çox məsuliyyət düşür.
Məsələn, iyulun 1-dən etibarən hərbi xidmətə çağırış başlayır. Qərarla bağlı müvafiq qurum olmazmı ki, əsgərlik, hərbi xidmətin əhəmiyyəti, vətən üçün qulluq etməyə çağırış ruhlu sosial çarx çəkib, televiziyalarda yayımlasın? Belə əhatəli layihələrə onların maddi vəziyyəti imkan versə belə, etmirlər. Təbliğat məsələsinə büdcədən pul ayrılır, amma bunlar lazımlı şəkildə xərclənmir”.
Televiziyaların və mətbuatın əsas missiyalarından birinin cəmiyyəti maarifləndirmək olduğunu vurğulayan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bunu onla əlaqələndirib ki, Azərbaycan mətbuatı məhz maarifçilik ənənələri üzərində bərqərar olub:
"Təəssüf ki, KİV-lərin müstəqil kommersiya qurumu kimi fəaliyyətə başlamasından sonra mətbuat bu missiyasını "unutdu”.
Hazırda həm televiziyaların, həm də mətbuatın başında dayanan adamları ilk növbədə daha çox pul qazanmaq düşündürür.
Düzdür, pul qazanmaq ayıb iş deyil, hətta bir müəssisəni yaşatmaq üçün maliyyə başlıca şərtdir. Amma bir fərd olaraq bizim cəmiyyət qarşısında müəyyən öhdəliklərimiz də var axı. O cümlədən, qəzet və jurnalların, televiziya kanallarının də cəmiyyət qarşısında öhdəlikləri var. İyirmi dörd saatın 24-nü də pul haqda fikirləşmək olmaz. Arada cəmiyyəti narahat edən problemlər haqda da düşünmək lazımdır. Ola bilsin ki, sosial reklamlar qazanc gətirmir. Amma cəmiyyəti maarifləndirir, gəncləri pis vərdişlərdən çəkindirir.
Bu, qazanc deyilmi? Ölkəmizdə sağlam mənəvi mühit yaratmaq ilk növbədə bizim vəzifəmizdir. Mətbuat, televiziya bir nömrəli təbliğat tribunalarıdır.
Bu tribunalarda ancaq yelbeyin şou əhli görünməməlidir. Ölkəmizdə sosial reklamların az olması həm də müvafiq dövlət qurumlarının günahıdır.
Ayrı-ayrı nazirliklər, idarələr sosial reklamların çəkilməsi üçün sifarişçi qismində çıxış etməlidirlər. Xüsusilə, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin bu kampaniyada iştirakı vacibdir”.
Sosial roliklərin bütün ölkələrdə tətbiq olunduğunu qeyd edən "Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə deyib ki, əksər hallarda televiziyalar qarşısında məcburi öhdəlikdir, bəzi televiziyalar isə özləri cəmiyyətə xidmət naminə, reytinq naminə bunu edirlər: "Xarici TV-lərdən Rusiya, Belarus, Ukrayna və Türkiyə tv-lərini izləyə bilirəm ki, hamısında da sosial roliklərə çox rast gəlinir. Həm də təkcə roliklərə yox, misal üçün, Rusiya və Belarus TV-lərində sosial maarifləndirmə verilişlərinə çox rast gəlinir.
Azərbaycanda vəziyyət tam fərqlidir. Bizdə 3 kanalı (AzTV, Mədəniyyət və İTV) çıxmaq şərtilə qalanı özəl kommersiya kanallarıdır. Yəni, açıq desək, bunlar reklam və şou kanallarıdır ki, əsas məqsədləri çox pul qazanmaqdır. Əslində, bu təbiidir, çünki bu TV-lər bir biznes təşkilatıdır. Onları məcbur etməsən, havayı bir saniyə də nəsə verəsi deyillər. Demək, dövlətin xüsusi orqanları bu özəl TV-lərin üzərinə konkret məcburi öhdəlik qoymalıdır ki, günün filan müddətində bu cür sosial çarxlar verilməlidir. Özü də günün vaxtları da dəqiq təyin edilməlidir ki, bunları gecə saat 2-də, ya da səhər 6-da verməsinlər”.
E.Bayramlının sözlərinə görə, özəl TV-lərdə cəmiyyətə xidmət edəcək bu tip yayımların olmaması bir yana, bir çox hallarda cəmiyyətə zərər vuran, gənclərin əxlaqını pozan, onları təhsildən yayındırıb əyləncəyə sövq edən, zərərli vərdişləri və həyat tərzini təbliğ edən çox sayda verilişlər, reklamlar yayımlanır. Onun fikrincə, MTRŞ-nin səlahiyyətləri genişləndirilə və onlara televiziyaların fəaliyyətinə daha ciddi nəzarət imkanı və daha sərt cəzalandırma hüququ verilə bilər ki, bu da bu sahədə bir tənzimləmə yarada bilər: "Unutmaq lazım deyil ki, televiziya cəmiyyətin mənəvi-psixoloji vəziyyətinə çox böyük təsir edə bilən, kütləyə ən böyük təbliğat imkanı olan ideoloji bir silahdır. Bu silah dövlətin və cəmiyyətin əlində olmalıdır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb