“Onu islahatlara meyilli şəxs kimi tanıyırıq. Hesab edirik ki, bir çox dəyişikliyə nail ola biləcək”
Vəkillər Kollegiyasının dekabrın 7-də keçirilən konfransında qurumun Rəyasət Heyətinə yeni sədr, sədr müavinləri və üzvlər seçilib. Vəkil Anar Bağırov Rəyasət Heyətinin sədri, Aydın Axundov və Pərviz Ələkbərov isə sədr müavinləri olublar. Yeni sədr Anar Bağırov "Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, "Azərbaycan vəkili” jurnalının baş redaktorudur. Onun 41 yaşı var.
Hüquq elmləri üzrə fəlsəfə doktorudur. 2005-ci ildən Vəkillər Kollegiyasının, 2012-ci ildən Rəyasət Heyətinin üzvü olub. A.Bağırov sədrlik vəzifəsini 5 il icra edəcək. Xatırladaq ki, Rəyasət Heyətinin əvvəlki sədri Azər Tağıyev vəzifədən sentyabrın 27-də öz müraciəti əsasında çıxarılıb. O vaxtdan sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.
Bəs, Azərbaycan vəkilləri Anar Bağırovun sədr seçilməsini necə dəyərləndirirlər? Onların gənc həmkarlarından gözləntiləri nədir?
Bu barədə "Şərq”ə danışan tanınmış vəkil İradə Cavadova öncə Anar Bağırovu sədr seçilməsi münasibəti ilə təbrik edib və ona işində uğurlar arzulayıb:
"Gözləntilər çoxdur. Təkcə mənim deyil, bütün vəkillərin Anar Bağırovdan gözləntiləri var. O, gəncdir, enerji dolu insandır. Onu islahatlara meyilli şəxs kimi tanıyırıq. Hesab edirik ki, bir çox dəyişikliyə nail ola biləcək, bu güc və ambisiya onda var. Gözləntilərə gəldikdə isə, hər şeydən əvvəl Vəkillər Kollegiyasının gözəl binası olmalıdır. Eyni zamanda orderi olan vəkillərin müxtəlif dövlət strukturlarına məktub yazıb icazə almaq zərurəti aradan qaldırılmalıdır. Bu, bizim xoşumuza gəlmir. Vəkilin orderi varsa, həmin orderi təqdim etməklə istənilən şəraitdə müdafiə etdiyi şəxslə sərbəst və rahat görüşə bilməlidir. Digər tərəfdən dövlət hesabına çıxan vəkillərə çox zaman hörmətsiz yanaşırlar. Həmin vəkilə saat hesabı 2 manat ödənilir. Onun da 42 faizi vergilərə tutulur, yerdə çox az miqdarda vəsait qalır. Lakin o az məbləği belə vəkillər aylarla ala bilmirlər. Həmçinin, dövlət hesabına aparılan hesablamalar düzgün aparılmır.
Tutaq ki, hansısa vəkil Kürdəxanıya gedirsə, bunun yolu da nəzərə alınmalıdır. Eyni zamanda təxirə düşən məhkəmə proseslərinə nə qədər vaxt və əmək sərf olunur. Bunların heç biri nəzərə alınmır. Çox istərdik ki, bu problem həllini tapsın və vəkilə saat hesabı ən azı 20 manat vəsait ödənsin”. İ.Cavadova bildirib ki, dövlət strukturları vəkil sorğularına cavab vermirlər: "Bu da çox ağrılı məsələdir. Vətəndaşın qeydiyyatı ilə bağlı arayış almaq istəyən vəkillər 14 gündən çox gözləməli olurlar. Kompüterdə hazır olan sənədi dərhal çap edib vəkilə vermək niyə bu qədər uzun çəkməlidir ki? Vəkillər hər xırda şeydən dolayı xaric edilməməlidir. Vəkillik haqqını illərlə ödəməyənlərin xaric olunmasına sözümüz yoxdur.
Amma sırf bu səbəblə xaric edilənlər az olub. Rəyasət Heyəti maksimum çalışmalıdır ki, onsuz da sayı az olan vəkillər xaric edilməsinlər. Hansısa dövlət qurumlarının "kapriz”inə görə vəkilləri incitmək, onlara irad bildirmək, xəbərdarlıq etmək olmaz. Kiçik məsələlərə görə vəkillərə töhmətin verilməsi də düzgün deyil. Əgər vəkilin səhvi, qüsuru varsa, onun fəaliyyəti bir müddət məhdudlaşdırıla bilər. Amma birdəfəlik xaric edilməsi məqsədəuyğun deyil. Vəkillər Kollegiyasının məhkəməyə müraciət etməsini ümumiyyətlə qəbul etmirəm. Bu məqamlara ciddi yanaşılacağına ümid edirik. Çünki Anar Bağırov yola gedən, anlayışlı adamdır”.
Hüquqşünas bəyan edib ki, vəkillər üçün xüsusi bir gün də təsis edilsə yaxşı olar:
"Bu məsələ bir neçə dəfə qaldırılıb. İstəyirik ki, peşə bayramı kimi bizim də günümüz olsun. Təşəkkürnamələr, diplomlar verilsin və s. Təsəvvür edin ki, başmaq günü də var, amma bizə məxsus gün yoxdur. Vəkillik çox gözəl peşədir. Mən bu peşəni çox sevirəm və hər zaman yüksəkdə tuturam”.
İsmayıl