Sürücülərin təhlükəsizlik kəmərini bağlaması mütləqdir
Yanvar ayının 1-dən fevral ayının 24-nə qədər təhlükəsizlik kəmərindən istifadə etməməyə görə, 700-dən artıq protokol yazılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərin təhlükəsizlik kəmərindən istifadəsində artım müşahidə edildiyini deyib. Onun sözlərinə görə, sərnişinlərin təhlükəsizlik kəmərindən istifadəsi çox azdır.
Belə ki, sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə yazılmış protokolların sayı da artıq 370-ə çatıb. Vaqif Əsədov bildirib ki, sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi ilə bağlı mediada maarifləndirmə işləri aparılır:
"Biz inzibati tənbeh yollarının seçilməsindən çox maariflənməyə üstünlük veririk. Son bir həftə ərzində KİV-lərin köməyi ilə təbliğat işləri apardıq. Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı 370 cərimə yazılıbsa, bilmək lazımdır ki, 370 sürücüyə və sərnişinə də xəbərdarlıq edilib. Sürücülərə və sərnişinlərə təhlükəsizlik kəmərindən istifadənin vacibliyi izah edilib. Hazırkı qanunvericiliyin tələblərinə görə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə 30 manat məbləğində cərimə yazılır”.
Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq”ə açıqlamasında ilk olaraq kəmərin əhəmiyyətinə toxunub və qeyd edib ki, kəmər qəza anında insana dəyə biləcək zədələrin sayını minimuma endirir. Kəməri bağlamağın avtomobildə olan hər kəs üçün mütləq olduğunu vurğulayan İ.Hüseynlinin sözlərinə görə, yol hərəkəti qaydaları və təhlükəsizlik baxımından avtomobilin həm qarşı tərəfində, həm də arxa oturacaqlarda oturan sərnişinlərin və sürücünün təhlükəsizlik kəmərini bağlaması mütləq şərtdir:
"Təhlükəsizlik kəməri təkcə sürücü üçün deyil, avtomobildə hərəkət edən tam ekipaj üçün nəzərdə tutulub ki, hansısa qəza zamanı insanların sağlamlığına maksimum dərəcədə az ziyan dəysin. Bu kəmərlər istənilən halda can itkilərinin qarşısını alır. Yol hərəkəti qaydalarında da tələb olunur ki, sərnişinlər bu tələbə riayət etsinlər. Bu qaydalar təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstanda, Ukraynada, bizə yaxın olan Qazaxıstanda, yəni ən azından postsovet ölkələrində qarşı oturacaqda əyləşən sərnişinlər kəmərdən istifadə etmirsə, həmin nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılır, radarlara düşərkən cərimələr tətbiq olunur.
Həmin cərimələr də radarlarda olubsa sürücüyə, birbaşa olaraq yol polisi saxlayıbsa, sərnişinə tətbiq olunur. Bu da can itkisinin qarşısının alınması və qaydalara riayət olunmasına xidmət edən bir addımdır və çox təqdirəlayiq haldır”.
Təhlükəsizlik kəmərlərinin taxılmasının vacibliyi ilə bağlı sürücülərə dəfələrlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tərəfindən xəbərdarlıq edildiyini vurğulayan ekspert deyib ki, cərimələrin artması digər sürücülərin bundan nəticə çıxarıb yol hərəkəti qaydalarına əməl etməsinə rəvac verəcək".
Şəymən