Çap mediasının vəziyyəti ağırlaşıb

Millət vəkilləri mətbuata tətbiq edilən ƏDV-nin ləğvini istədilər



Ötən gün Milli Məclisin növbəti iclası baş tutub. Toplantıda Miqrasiya Məcəlləsinə dəyişiklik müzakirə edilib. Müzakirəyə qatılan millət vəkili Əflatun Amaşov deyib ki, sərhəddə Miqrasiya Xidmətinin müvafiq strukturu fəaliyyət göstərməlidir: "Məcəllədəki yeniliklər, bir növ, tamamlayıcı funksiya daşıyır. Çünki sənayenin inkişafında stimullaşdırıcı tədbirlər olmalıdır. Miqrasiya Məcəlləsinə dəyişikliklər səmərəli insan resurslarının, əcnəbi mütəxəssislərin ölkəmizə cəlb edilməsi prosesini asanlaşdırmağı rəhbər tutur. Bu isə son dərəcə zəruridir. Amma iki məqama da diqqət yetirmək istərdim.

Mən Gürcüstanda tez-tez oluram, orada müxtəlif qurumların nümayəndələrilə, sadə vətəndaşlarla görüşürəm. Son statistik göstəricilərə görə, Gürcüstanda 230 minə qədər azərbaycanlı yaşayır. Qeyri-rəsmi isə bu rəqəm təqribən 350 minə yaxındır. Azərbaycandakı Gürcüstan əsilli vətəndaşların və onlarla qohumluğu olanların sayı isə bundan iki dəfə çoxdur. Minlərlə ailə var ki, tərəflərdən biri - ya ər, yaxud arvad Gürcüstan vətəndaşıdır. Bu adamlar ən azı 3 ayda bir dəfə sərhəddi keçməlidirlər”.

Borçalı türkləri Azərbaycana gəlmək üçün tələb olunan qeydiyyata görə əziyyət çəkirlər

Ə.Amaşov proseduru anladaraq deyib ki, Azərbaycana gələn əcnəbilər on gün müddətində ya "ASAN xidmət” mərkəzlərində, ya da Miqrasiya Xidmətinin yerli şöbələrində qeydiyyata düşməlidirlər: "Bəziləri qeydiyyata düşür, bəziləri düşə bilmir, vaxtı çatmır. Bəzən yaşlı adamlar olur, məsələyə həssas yanaşa bilmirlər. Nəticədə onlar cərimələrlə üzləşirlər, Azərbaycana gəlmək hüququndan məhrum olunurlar. Buna görə də düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır. Dünyanın bir çox ölkələrində qeydiyyat işi sərhəd məntəqələrində aparılır. Təklif edirəm ki, Azərbaycanda da belə bir prosedur tətbiq edilsin. Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Beləliklə, qeydiyyat üçün əlavə çətinliklər aradan qalxsın. Mən əsasən Gürcüstanın timsalında məsələyə diqqət yetirdim. Oradakı soydaşlarımızın mənafeyi baxımından öz fikrimi bildirdim. Amma Gürcüstandan Azərbaycana təkcə azərbaycanlılar keçmir. Gürcülər və qeyri-millətlər də ölkəmizə gəlirlər. Ümumən başqa ölkələrdən də Azərbaycana gələnlər az deyil. Sərhəddə qeydiyyata düşmək onlar üçün də, elə bu dəyişiklikdə nəzərdə tutulan insanlar üçün də əlverişli olar”.

Cavid Qurbanov etiraz etdi: "İndi bilmirik ki, kredit alıb avadanlığı ölkəyə gətirək və ya...”

Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputatlar əlavə dəyər vergisinin tətbiqindən narazılıq ediblər. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib ki, Azərbaycana idxal olunan bütün məhsullara 18 faizlik əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi düzgün deyil. Onun sözlərinə görə, idxal olunan elə məhsullar var ki, onlara daha artıq 20 və ya 30 faiz ƏDV tətbiq etmək olar: "Amma ucdantutma bütün idxal məhsullarına 18 faiz ƏDV-nin tətbiqi iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına maneçilik yaradır. Ona görə də biz ölkəyə idxal olunan bir sıra vacib məhsullara və avadanlıqlara tətbiq edilən ƏDV-nin həcmini azaltmalıyıq və ya onları ƏDV-dən azad etməliyik. Məsələn, biz dəmiryolunun inkişafı üçün xaricdən elə avadanlıqlar alırıq ki, onlar nə Azərbaycanda istehsal olunur, nə də təmir olunur. Amma biz buna görə çox böyük miqdarda ƏDV ödəyirik. İndi bilmirik ki, kredit alıb avadanlığı ölkəyə gətirək və ya hansısa formada böyük həcmli ƏDV ödəyək. Bu məsələyə diqqətlə yanaşıb, problemi çözməyə çalışmalıyıq”.

Mətbuatın durumunu yaxşılaşdırmaq üçün addım atılsın

Müzakirələr zamanı mətbuata güzəştlərin edilməsi, qəzetlərin çap xərclərinə tətbiq edilən ƏDV-nin ləğvi məsələsi də gündəmə gətirilib. Deputat Araz Əlizadə mətbuatı ƏDV-dən azad etməyə çağırış edib: "Cənab Prezident dəfələrlə mətbuata bir neçə milyonluq güzəşt edib. Ancaq ƏDV ildə təqribən yüz mindən bir az artıq vəsait edir. Bu, faktiki olaraq qəpik-quruşdur. Nədir bu qəpik-quruş vergini, onsuz da maliyyə vəziyyəti ağır olan qəzetlərdən almaq anlamıram. Bununla mətbuatı bilərəkdən narazı salmaq istəyirlər?! Hesab edirəm ki, mətbuatla bağlı ƏDV ləğv edilməlidir”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da növbəti dəfə mətbuata tətbiq olunan ƏDV-ni qaldırmağa çağırıb: "Ölkədə reklamın olmadığı bir vaxtda, yanvar ayından çap məhsullarına ƏDV tətbiq olunur və bu, mətbuatın vəziyyətini daha da çətinləşdirir. Mən təklif edərdim ki, çap məhsulları ƏDV-dən azad olunan məhsullar sırasına aid edilsin. Çünki Azərbaycan mətbuatı Azərbaycan ordusunun həyata keçirdiyi missiyanı hazırkı informasiya müharibəsi dövründə həyata keçirir. Ona görə də xahiş edirəm ki, mətbuatın durumunu yaxşılaşdırmaq üçün bu addım atılsın”.

"Biz bu gün peşəkar jurnalistlərin yetişməsini, xaricdə təcrübə keçməsini istəyirik”

Millət vəkili Hikmət Babaoğlu da Prezidentin mətbuata göstərdiyi diqqəti, KİVDF-nin yaradılmasını xatırladaraq, çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğvini istəyib: "Keçən ilin dekabrındakı devalvasiyadan sonra çap mediasının vəziyyəti ağırlaşıb. Biz bu gün peşəkar jurnalistlərin yetişməsini, xaricdə təcrübə keçməsini istəyirik. Ona görə də bu sahədə vəziyyətin yaxşılaşmasını arzulayırıq. Ona görə də 164-cü maddəyə çap mediasına ƏDV-nin tətbiqinin ləğvi barədə əlavənin edilməsini xahiş edirəm”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov mətbuata tətbiq olunan ƏDV-nin götürülməsi ilə bağlı təkliflərə reaksiya verib: "Bu gün biz mətbuatla bağlı məsələni müzakirə etmirik. Amma əgər mətbuatla bağlı problemlər varsa, bu barədə təşəbbüslə çıxış etmək millət vəkillərinin hüququdur”.

Təkrar söz alan deputat A.Əlizadə isə deyib ki, mətbuata qayğı ilə bağlı cənab Prezidentin zamanında çəkdiyi əziyyətləri bu gün yerə vurmaq olmaz: "Biz Vergilər Məcəlləsinə bir cümləni əlavə etməklə bu məsələyə nöqtə qoya bilərik”.

"Dükanların bağlanmasının nə dövlətə, nə əhaliyə xeyri var”

"Manatın devalvasiyasından sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib. Mən Nərimanov rayonundan seçilmiş bir millət vəkili kimi deyə bilərəm ki, bu ərazidə devalvasiyalardan sonra bütün kiçik dükan sahibləri mağazalarını bağlayıblar”. Bu sözləri isə deputat Adil Əliyev səsləndirib. Onun sözlərinə görə, ya kiçik sahibkarlara amnistiya verilsin, ya da onlar 1-2 illik vergi ödəməkdən azad edilsinlər: "Həmin dükanların bağlanmasının nə dövlətə, nə əhaliyə xeyri var. Çünki kiçik bizneslə məşğul olanlar dükanlarını icarəyə verir, orada işçilər çalışır və s. Onların işsiz qalması heç bir halda yaxşı hal deyil”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, millət vəkillərinin Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini vergilər naziri Fazil Məmmədova məktubla ünvanlayıb: "Artıq nazirin tapşırığı ilə mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb və məsələ üzərində iş gedir”.

"Kəndçiyə əkdiyi məhsulu bazara çıxartmaq üçün şərait yaradaq, sonra ondan nəyisə tələb edək”

İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov pay torpaqları ilə bağlı danışaraq deyib ki, inkişaf üçün şərait yaradılır, bu, yaxşı haldır: "Lakin bu, bir tərəf üçün yaxşı olsa da, digər tərəf üçün yaxşı olmur. Torpaq islahatı MDB məkanında ilk dəfə Azərbaycanda həyata keçirilib, torpaqlar insanlar arasında paylanılıb. Amma ondan istifadə vətəndaşların özlərinə həvalə olunub. İndi bir çox insanlar tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmir. Digər bir qisim isə iş görür, ümumi tədarükü bazara çıxarda bilmir. Düzdür, burada müəyyən obyektiv və subyektiv səbəblər var. Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır”. Millət vəkili bildirib ki, bu məsələlərin ya zəlzələdən, ya vəlvələdən olması araşdırılmalıdır: "Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. İstifadə olunmadığına görə cərimə tətbiq edilməlidir. Məsələ ondadır ki, məhsul əkib onu istehsal edən əkinçi, kəndçi istehsal etdiyi məhsulunu bazara çıxarda bilmir. Məsələn, SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndçi məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək bu kəndçiyə əkdiyi məhsulu bazara çıxartmaq üçün şərait yaradaq, sonra ondan nəyisə tələb edək”.

Spiker Çingiz Qənizadəyə irad bildirdi: "Səs vermirsən, öz işindir”

"Vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz. İnsanlara yaxşı yaşamaq üçün şərait yaratmaq lazımdır”. Bu sözləri isə "Antidepinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunun müzakirəsi zamanı deputat Çingiz Qənizadə dilə gətirib: "Bayaq torpaqlarla bağlı cərimə məsələsinə də toxundum. Pay torpaqlarının istifadə edilməyən bir hektarına görə 1000 manat cərimə ödəmək düzgün deyil. Əgər kiminsə 5 hektar torpağı varsa, o, 5000 manat ödəməlidir. Necə ödəsin? Mən əminəm ki, bu qanun işləməyəcək. Cənab Prezident əminəm ki, onu geri qaytaracaq. İndi antidempinq məsələsi də elədir. Böyük avadanlıqlara da bunu tətbiq etmək olar. Amma geyim məsələsində filan çətinlik yaranacaq. "Outlet” deyilən bir məsələ var. Oradan ucuz geyimləri alıb gətirirlər. Bu da gələcəkdə problemlər yaradacaq”.

Vitse-spiker Valeh Ələsgərov bildirib ki, məhsul hardan gətirilməsindən asılı olmayaraq əgər Azərbaycanda istehsal olunursa, ona bu qanun tətbiq edilməlidir:

"Məhsul "outlet”dən deyil, hardan gətirilirsə gətirilsin. Azərbaycanda istehsal olunan malın qiymətinə təsir edirsə, bu qanunun tətbiqi düzgündür. Azərbaycanda istehsal olunmayan bir şeyə bu necə tətbiq oluna bilər? Bu, düzgün və beynəlxalq standartlara uyğun hazırlanmış qanun layihəsidir”.

Spiker Oqtay Əsədov da deputata iradını bildirib: "Siz ikinci deputatsınız ki, deyirsiniz Prezident veto qoyur. Veto qoymaq Prezidentin səlahiyyətidir. Onun adından danışmağın düzgün deyil. Biri uzaqgörənlik edir və ya nəsə. Komitə antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsini iki həftədir işləyir. İşə də qiymət vermək lazımdır. Səs vermirsən, öz işindir”.

Sonunda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Bayramoğlu