Cəbhədən barıt qoxusu gəlir

Dünyaya çatdırmalıyıq ki, Ermənistan hücuma hazırlaşır



Cəbhə bölgəsində gərginlik artmaqda davam edir. Hər gecə ağır hərbi texnikalardan istifadə edən düşmən əsgərləri əsasən Tərtər rayonunu atəş altında saxlayırlar. Buna cavab olaraq Azərbaycan Ordusu ermənilərin Ağdərədəki postlarına güclü zərbələr endirir. Görünən odur ki, Moskvada "atəşkəs” haqqında əldə olunmuş razılaşma belə qoşunların təmas xəttindəki mürəkkəbliyini azaltmayıb. Ekspertlərə görə, bunun iki səbəbi var.

Birinci səbəbi odur ki, 2-5 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə həmişəki kimi şablon ifadələr veriblər və bölgəyə səfərləri də real nəticə verməyib. Belə olan halda cəbhə bölgəsində sakitlik və ermənilərin atəşkəsə riayət edəcəyini gözləmək sadəlövhlükdür. İkinci səbəb isə odur ki, Ermənistan Prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür. Çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib. Ona görə də bu sual aktuallaşmamış cəbhədə əks-hücumla uğur qazanmaq istəyir. Ancaq nəticədə Ermənistanın itkiləri artır. Əslində sadalanan hər iki səbəb Azərbaycanın maraqlarına cavab verir. Çünki həm beynəlxalq aləmin passivliyi, həm də Ermənistan Prezidentinin əks-hücuma keçmək istəyi Azərbaycan ordusuna növbəti mərhələdə işğal altındakı yeni ərazilərin azad olunması imkanı qazandırır. 
Cəbhə bölgəsindəki gərginliyi şərh edən tanınmış politoloq Ərəstun Oruclu deyib ki, Ermənistan öz müttəfiqinin dəstəyi ilə hücuma hazırlaşır:
 "Belə vəziyyət yaranarsa, növbəti hərbi qarşıdurma qaçılmaz olacaq. Hər şeydən əvvəl, elə indidən çox çevik informasiya siyasəti yürüdərək, bütün dünyanın diqqətinə çatdırmaq ki, Ermənistan hücuma hazırlaşır. Bütün beynəlxalq təşkilatlara, sülh prosesindəki vasitəçilərə, diplomatik missiyalara rəsmi müraciət edərək, bunu sənədlərlə ortaya qoymaq lazımdır. Ayrıca BMT-yə müraciət etməliyik. Ermənistana qarşı bütün vasitələrdən istifadə edərək, onun daxilində panika və qorxu yaratmalıyıq. Canlı qüvvədən minimum, arsenalımızda olan müasir silahlardan maksimum və dəqiq istifadə etməklə işğalçının hərbi infrastrukturuna və kommunikasiyalara qısa müddət ərzində fasiləsiz dağıdıcı zərbələr endirməliyik. Bütün prosesin gedişatı boyu beynəlxalq aləmin nəzərinə çatdırmalıyıq ki, əməliyyatın məqsədi yalnız işğalçının hərbi-texniki və s. resurslarını sıradan çıxarmaq, atəş nöqtələrini susdurmaq və hücum imkanlarını minimuma endirməkdir. Əsgər, gizir və zabitlərimizi düşmənin bütün mümkün həmlələrindən maksimum qorumaq və bu məqsədlə heç bir halda əraziləri azad etmək üçün ora canlı qüvvə yeritməməliyik. Bu, sonranın işidir”.

Ərəstun Oruclu hesab edir ki, bu halda Azərbaycan çox ciddi üstünlük və hətta siyasi-diplomatik qələbə qazanmış olacaq: "Bunun sonrası sülh danışıqlarının predmetidir. Əminəm ki, belə bir əməliyyat baş tutarsa, ilk növbədə Rusiya Ermənistanı sülh danışıqları masası arxasına oturmağa məcbur edəcək. Çünki əks halda, Rusiya özü prosesə hərbi müdaxilə etməlidir ki, bu halda yeni sanksiyalar qaçılmaz ola bilər. Bizə isə bu gün qələbə lazımdır. Azərbaycan insanı məğlub durumdan çıxmalıdır. Onda bütün sahələrdə uğurlu addımlar ata biləcək”.

Politoloq Elxan Şahinoğlu da bildirib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəsin uzun müddət davam edəcəyi gözlənilən deyildi: "Rusiya işğal faktına son qoymağa hazır deyil. Azərbaycan və Ermənistan prezidentlərinin nə vaxt və hansı ölkənin vasitəçiliyi ilə görüşəcəyi isə məlum deyil. Böyük ehtimalla bu görüş yenə Rusiya ərazisində keçiriləcək. Ancaq Moskva hələ ki, gözləmə mövqeyindədir. Ona görə də bölgədə toqquşmalar yenə davam edəcək. Rusiya hərbi toqquşmaların qarşısını ala bilməyəcək. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin itkisini artırmağa çalışacaq. Rəsmi Bakı bu yolla Ermənistan hakimiyyətinə təzyiqi artırmağı planlaşdırır”. Politoloqun fikrincə, beynəlxalq aləm işğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik işarəsi qoymaq siyasətini davam etdirdikcə, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməyəcək: "Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa məcbur etmək lazımdır. Bunun başqa alternativi yoxdur. Ermənistan hakimiyyəti bunu anlamayana qədər bölgədə hərbi toqquşmalar davam edəcək. Azərbaycan mümkün itkilərə psixoloji baxımdan hazırdır. Ancaq Ermənistanın yeni itkilərə hazır olduğunu vurğulamaq çətindir. Bunu Ermənistan Prezidenti Serj Sarkisyan da anlayır”.

İsmayıl