Ermənilərin niyyəti girovlarımızı intihar həddinə çatdırmaqdır
Zahid Oruc: “İstənilən situasiyada ermənilər girovlarımıza qarşı etdikləri işgəncələrə görə öz cəzalarını alacaqlar”
Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin ailəsi bir müddət əvvəl ona məktub yazaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları vasitəsilə göndərib.
Girovun qardaşı İlham Quliyevin dediyinə görə, Şahbaz həmin məktubu yazmaqdan imtina edib. Bu barədə onlara BQXK əməkdaşları məlumat verib: "Ola bilər, görüş olmayıb, faksla məktubumuzu göndəriblər. Dəqiq deyə bilmərəm. Bizdə olan məlumat sadəcə budur”.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, bu qədər müddət ərzində Ermənistan tərəfinin Şahbazla Dilqəmi girov saxlamaqda uzaqgörən məqsədlərinin olduğu açıq-aşkardır. Hər iki girovumuz Dağlıq Qarabağ müharibəsinin bədəlini ödəyirlər. Öz doğmalarının məzarını ziyarətə gedən bu şəxslər erməni əsgərləri tərəfindən ələ keçiriliblər və üzərlərində saxta məhkəmə qurulub. Neçə illərdir ki, qeyri- insani şəraitdə saxlanılırlar. Bu müddət ərzində onların çəkdikləri iztirabı üzlərindən oxumaq mümkündür.
Nə qədər ağır olsa da, qəbul etməliyik ki, ermənilərin niyyəti girovlarımızı intihar həddində çatdırmaqdır. Bununla da Azərbaycan cəmiyyətinə mesaj vermək istəyirlər ki, işğal olunan torpaqlara keçmək istəyənlərin aqibəti belə olur. Ancaq istənilən situasiyada ermənilər girovlarımıza qarşı etdikləri işgəncələrə görə öz cəzalarını alacaqlar. Həm hərbi şəraitdə ələ keçən, həm də mülki qaydada özünü Azərbaycana təslim edən erməni vətəndaşları var.
Z.Orucun sözlərinə görə, Şahbaz Quliyevin ailəsinə məktub yazmaq istəməsi inandırıcı deyil. Əgər girovumuz özü bunu dili ilə ifadə edibsə belə, mütləq arxasında dayanan səbəblər var.
Bəlkə də bu mövqe beynəlxalq təşkilatlara qarşı bir etiraz formasıdır. Heç kəs ailəsindən uzaq qalmağı arzu etməz. Buna girovları ermənilər vadar edib, indi də BQXK vasitəsilə ifadə edirlər. Günün birində həmin Cəmiyyətin nümayəndələri erməni tərəfinə Azərbaycanın əlində olan erməni girovlar haqqında məlumat daşımalı olacaq. Bax, o zaman ədalət bərpa olunacaq.
Millət vəkilinin sözlərinə görə, nəticədən asılı olmayaraq Azərbaycan dövləti girovların geri qaytarılması uğrunda mübarizəni davam etdirməlidir.
Şəymən